Yuxarı

Həbslərdən sonrakı islahat və müxalifətin şansı

Həbslərdən sonrakı islahat və müxalifətin şansı

rufet ehmetzadeÖtən şənbə günü Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad olunması xəbərindən sonra, ölkə mətbuatında bir-birindən fərqlənən və xeyli ziddiyyətlərlə bol olan məlumatlar yayıldı.

Bir neçə nəfərin saxlanılması və həbsi rəsmi olaraq təsdiqlənsə də, Eldar Mahmudov barədə məlumatlar aydın deyil. Onun saxlanılması, yoxsa azadlıqda olması barədə heç bir dəqiq məlumat yoxdur. Görünür, sabiq nazir və ona yaxın bir neçə şəxs hələ də nəzarətdədir və müəyyən dəqiqləşdirmə işləri aparılır.

Milli Təhlükəsizlik Nazirliyində baş verənlər və buradakı həbslər, eləcə də bu qurumun korrupsiyaya bulaşması haqda açıqlanan faktlar cəmiyyət üçün çox ciddi siqnal oldu.

Əvvala, MTN dövlətin və dövlətçiliyin onurğa sütunu olduğundan, onun rəsmilərinin reketçilik, şantaj və korrupsiyada ittiham olunması həm də ölkədə ciddi islahatların qaçılmaz olduğunu ortaya çıxardı.

MTN-dəki həbslərdən əvvəl “Beynəlxalq Bank" qalmaqalı, eləcə də Nəqliyyat Nazirliyində “səlahiyyətlər ixtisarı” onu göstərdi ki, dövlətin ayrı-ayrı qurumlarında rəhbər şəxslər öz klanlarını və şəxsi bizneslərini formalaşdırıb, dövlətçliyin nəinki onurğa sütunu, bütün orqanizmi korrupsiyaya yoluxub. Müəyyən qurumların korrupsiyaya az və ya çox bulaşması burda o qədər də rol oynamır.

Bəzi hallarda başqa qurumlardakı korrupsiya hallarından ilk xəbər tutmalı və dövlət başçısını məlumatlandırmalı olan MTN-in adı nəinki öz işini yerinə yetirməməkdə, həm şantaj, həm də xarici kəşfiyyatla əlaqələrdə də hallandı. Həmçinin bəzi mühüm şəxslərin və iş adamlarının dinlənilməsi ilə bağlı iddialar da var.

Güc strukturları istənilən ölkədə həm dövlətin sabitliyi, həm də hakimiyyətin təhdidlərdən uzaq fəaliyyəti üçün qarant rolunu oynayır.  Birbaşa əlaqə olmasa da, müəyyən qədər Türkiyyədəki “paralel quruluş” qrupları ilə oxşarlıq hiss oluna bilər.

Lakin son məlumatlar, sosial şəbəkələrdə zərərçəkmişlərin videoları və digər ifşa xarakterli materiallar bir daha təsdiqləyir ki, burda “paralel dövlət”dən çox, “paralel büdcə” məsələsi var. Lakin bir sual doğur, sadəcə pul yığmaq üçün bu qədər riskə gedənlərin daha böyük iddiaları da var idi?

Kimi isə İŞİD-lə, narkomafiya ilə əlaqələrdə ittiham edəcəkləri ilə şantaj edərək pul qoparan MTN rütbəlilərinin adı xarici kəşfiyyatla əlaqələrdə də hallanır. Çox güman ki, bəzi KİV-lərin “Qazaxıstanda Putin Əliyevə müəyyən faktlar təqdim edib” kimi iddiaları da əsassız deyil.

Bu məlumatlar müəyyən qədər şişirdilə də bilər, lakin indiyədək hakimiyyətin əsas qoruyucu orqanı kimi tanınan MTN-in seçkilər öncəsi bu şəkildə gündəmə gəlməsi ciddi narahatlıq üçün də əsas yaradır.

Müəyyən şərtlərlə hakimiyyət bəzi qurumlardakı “yeyinti”lərə göz yumsa da, bunun mərkəzdənqaçma meyllərini də sürətləndirdiyini hər kəs bilir. Digər tərəfdən, Azərbaycanda hər ay, hər il nazir dəyişilmir.

Təhlükəsizlik strukturlarındakı dəyişikliklərin növbəti dəfə “yenidənqurma” formatında keçirilməsi həm də təhdidlər qarşısında həssaslıq yaradır.

Ekstremist qrupların regionda möhkəmləndiyi zamanda Azərbaycanın təhlükəsizlik sistemində “hər şeyin yenidən başlaması” suallar doğurur.

Hər halda, hazırda nazir səlahiyyətlərini icra edən Mədət Quliyevdən nə gözləyə bilərik: sabiq nazir Namiq Abbasovdan sonra polisləşən MTN-də kadr siyasəti apararkən diqqətli olmaq, elə Namiq Abbasov dövründə təhlükəsizlik sisteminə xidmətlər göstərən, lakin sonradan vurulan kadrları da bu prosesə cəlb etmək.

Başqa hansı nazirliklər və nazirlər vurulacaq?

Bu barədə danışmaq hələ tez olardı. Çünki parlament seçkilərinə sayılı günlər qalıb. Lakin proseslər göstərir ki, MTN “ibrəti” ilə bəzi məmurların könüllü getməsi üçün “açıq qapı” saxlanılıb.

Bu “açıq qapı” həm də cəmiyyətdəki narazı qüvvələr üçündür. Ölkə mətbuatı və sosial şəbəkələrdə MTN müzakirələrinin başlaması bir növ streotipin qırılması oldu. Beləliklə, siyasi müxalifətin də əlinə müəyyən qədər şans düşüb. Bu şansdan islahatların sürətləndirilməsi naminə yararlanmaq olar.

Rüfət Əhmədzadə





Həftənin ən çox oxunanları