Yuxarı

Namizədlər arasında qarşıdurma

Namizədlər arasında qarşıdurma

[caption id="attachment_1080" align="alignleft" width="350"]Eli Eliyev Əli Əliyev: “Onun susması şübhələrə yol açır”[/caption]

“Bir aya yaxındır ki, facebook üzərindən heç bir yazı yazmırdım. Səbəbi seçkilərə qatılmağım, vaxt məhdudluğu idi. Başqa bir səbəb də var idi. İstəmirdim ki, seçki rəqiblərimə qarşı bu vasitədən istifadə edim.

Dünən əsas saya biləcəyim rəqib internet qəzetlərinin birində seçicilərlə görüşünü yayımlayıb. Bu, onun hüququdur. Həmin şəxs 2 dəfə parlamentdə təmsil olunan, indi isə 3-cü iddiasını ortaya qoymuş Ülvi Quliyevdir”. Bunu  “Cümhuriyət”ə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa namizəd, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib: “Əvvəldən onu bildirim ki, mənim onun şəxsi keyfiyyətlərinə və ləyaqətinə hörmətim var. Siyasi praktikamda heç bir rəqibimin şəxsiyyətinə toxunan davranış göstərməmişəm, bundan sonra da bu qızıl qaydanı qoruyacağam. Lakin siyasi rəqabətdə rəqibimin zəifini, yanlışını, haqsızlığını qabartmaq, ictimailəşdirmək mənim haqqımdır. Bu gündən FB üzərindən nəyə görə Milli Məclisə onun seşilməsinin deyil, mənim yer almağımın lazımlığını şəbəkələrdə, mətbuatda müzakirəyə çıxaracağam. Bu tövrə hazır olsun.

Əslində mən ondan bir həftəyə yaxındır ki, mətbuatda “12 kq kürü” və “deputatın şəxsi biznesi” barədə yayılan məlumatlara təkzib bəyanatını gözləyirdim. Həmin məlumatlar Xeber.info, Savash.org, Teref.info, Azerinfo.org və digər xəbər portallarında yer almışdı. Lakin hörmətli deputatın susması bir sıra şübhələrə yol açır. Xahiş edirəm ki, 2 gün ərzində bu yazılara aydınlıq gətirilsin. Əks halda məqalədə yazılanlar tərəfimdən həqiqət hesab ediləcək, onun susqunluğunu razılıq kimi qavrayacam və hadisəyə münasibət bildirmək məcburiyyətində qalacağam”.

Ə.Əliyev “aydınlıq istədiyim digər müəmma, adıçəkilən namizədin siyasi praktikasında heç kəsin tərcih etmədiyi dairə seçimi vərdişinə diqqət yönəltməkdir”.- deyə əlavə edib: “Müstəqillik dönəminin Parlament seçkiləri təcrübəsində seçilməsinə rəğmən heç kəs məkanını dalbadal 3 dəfə dəyişməyib. Bu “seçki səyyahlığı”nın arxasında hansı mətləblərin gizləndiyinə münasibət bildirməsini təvəqqe edirəm. Əks halda, mənim mümkün versiyaları səsləndirmək məcburiyyətim yaranacaq.

Üçüncü, növbəti aydınlıq istəyən sual, həmin deputatın və indiki namizədin əsasən komandası və tanışlarının iştirakı ilə keçirilən görüşdə cənab prezidenti dəstəklədiyini bildirməsidir. Elə isə nədən iddiaçı Quliyev hörmətli İlham Əliyevin 12 oktyabr tarixdə ilin 9 aylıq yekunları ilə bağlı toplantıda səsləndirdiyi iqtisadi sahədə mövcud əngəl və müşküllərin aradan qaldırılması üçün bilavasitə biznesdə olaraq, ona kömək etməyi deyil, şəxsi maraqlardan çıxış edərək, parlamentdə daha 5 il susmaq üçün deputat seçilməyi üstün tutur?

Əgər cənab prezident həqiqətən dəstəkləyirsə, 2013-cü il seçkiləri zamanı dövlətçilik və şəxsən İlham Əliyevin siyasi karyerasına kənardan təhlükə yarandıqda, nədən "gizlənmişdi"? Üç ildən sonra haqqında danışılan həmin təhlükə barədə hörmətli İlham Əliyev özü mövqe bildirdi. Harada idi o vaxt sayın Ülvi müəllim, nədən mətbuatda mövqe göstərmirdi?

Yoxsa bitərəf mantiyasında hər 2 siyasi cinah arasında paritetə üstünlük verir? Bəlkə, o vaxt prosesə hakimiyyətin daxilindən dəstək verənlərə yaxın olduğundan susmusdu? Yəqin indi düşünürsünüz ki, konyuktur baxımından cənab prezidenti dəstəkləmək qazanclı ola bilər. Biznesmenlər saymağı bacarır. Yəqin bu bəyanat da siyasi mühasibat debet-kreditindən keçirilib.

Hörmətli Quliyev, seçkilərə qalan bu müddətdə mənimlə debatlara hazır olun! Bu gün nümayəndələrim Dairə Seçki komissiyasının rəhbərliyinə namizədlər arasında əyani debat aparılması üçün şərait yaradılması təklifi ilə müraciət edəcəklər. Özünüzü siyasətçi olaraq hazır bilirsinizsə, belə fürsəti qaçırmamalısınız. Eyni zamanda qaldırdığım məsələlərə aydınlıq gətirməyinizi xahiş edirəm”.

Cavad





Həftənin ən çox oxunanları