Yuxarı

“Qiyamçı səfir”lə İlqar Məmmədovu nə bağlayır?

“Qiyamçı səfir”lə İlqar Məmmədovu nə bağlayır?

qiyamci sefir

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq səfiri Arif Məmmədov Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovun 2 saylı cəzaçəkmə müəssisəsində fiziki təzyiqlərə məruz qalması ilə bağlı hakimiyyətə siyasi sürpriz hazırlayır. Bu barədə o, özünün Facebook səhifəsində məlumat verib: “Məsələ ilə bağlı bu gün müəyyən addımlar atdım. Nəticələri  hamı yaxınlarda biləcək. İlqara qarşı bu cinayətlər hakimiyyətə çox-çox baha başa qələcək”.

Böyük ehtimalla “qiyamçı səfir” beynəlxalq təşkilatlar qarşısında bu məsələni müzakirəyə çıxarmağı və ya Azərbaycana qarşı sanksiyaların tətbiqinin vacibliyi məsələsini müzakirə edib. Ancaq Arif Məmmədov bu barədə kiminlə müzakirə apardığını və Azərbaycan hakimiyyətinə qarşı hansı tədbirlər görüləcəyini açıqlamayıb. REAL Hərəkatının İdarə Heyətinə də bu haqda məlumat verilməyib. İdarə Heyətinin üzvü Natiq Cəfərlinin Cebhe.info-ya verdiyi açıqlamaya görə, Arif Məmmədov İlqar Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı şəxsi təşəbbüsü ilə addım atıb: “Bizim Arif Məmmədovla heç bir əlaqəmiz yoxdur. O, Avropada olan əlaqələrindən istifadə edərək İlqar bəyin müdafiəsi istiqamətində addımlar atırsa, ona təşəkkür edirik. Bizdə olan məlumat bundan ibarətdir ki, İlqar Məmmədovla Avropa Məhkəməsinin qərarı və Avropa Şurası Nazirlər Komitəsinin üç qətnaməsi var və bu da Azərbaycan hakimiyyətinin, buna məsul olan şəxslərin üzərinə böyük məsuliyyət qoyur, sanksiyalar məsələsini gündəmə gətirir.  Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına dair götürdüyü öhdəliklər də bunu zəruri edir. Lakin Azərbaycan hökuməti bunu yerinə yetirmədiyinə görə, müəyyən sanksiyalaşdırıcı qərarlar ola bilər. Ancaq Arif Məmmədovun kiminlə görüşdüyü, hansı təkliflər verməsi barədə heç bir məlumatımız yoxdur”.

Natiq Cəfərli bildirdi ki, İlqar Məmmədov Avropa Şurası yanında Azərbaycan üzrə Siyasi Biliklər Məktəbinin direktoru olarkən Arif Məmmədovla şəxsi tanışlığı var. Həmin vaxt Brüsseldə və Strasburqa tez-tez səfərlər edən İ.Məmmədov A.Məmmədovla yaxın dostluq münasibətləri yaranıb: “Arif Məmmədov  “Azərbaycan-2025” Proqramı hazırlayırdı və bununla bağlı bizə təkliflərimizi vermək üçün müraciət etdi. Mən də Azərbaycanda REAL Hərəkatının ilk dəfə belə bir proqram hazırladığını söylədim, proqramımızın elektron versiyasını istifadə etmək üçün ona göndərdim. Ondan sonra heç bir əlaqəmiz olmayıb”.

Natiq Cəfərlinin verdiyi məlumaata görə, İlqar Məmmədovun həbsxana rəhbərliyinin göstərişi ilə döyülməsindən sonra onunla görüşmək üçün Qırmızı Xaç Komitəsinə müraciət edilib. Həmin təşkilat da mandatına uyğun olaraq, REAL Hərəkatının sədrinə  baş çəkərək onun vəziyyəti ilə maraqlanıb: “Qırmızı Xaç Komitəsi hər həftə ona baş çəkir və sonuncu hadisədən sonra iki dəfə onu ziyarət ediblər. Ötən ay Avropa Birliyinin səfiri, sonra Avropa Şurasının nümayəndə heyətinin rəhbəri vacib məsələ kimi İlqar Məmmədova baş çəkiblər və onunla bağlı çox ciddi iş aparırlar. Ancaq Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Həbsdə olan insanlarla normal davranış qaydalarına əməl etmir. Mən inanmıram ki, 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi özbaşına İlqar Məmmədovu belə təzyiqlərə məruz qoysun”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları