Yuxarı

AXCP sədrinin gəncliyə tarixi müraciəti

AXCP sədrinin gəncliyə tarixi müraciəti

4 “Qorxunu atın, meydana çıxın” Azərbaycan cəmiyyətindəki durğunluq və siyasi qüvvələrin düşdüyü dalan ciddi narahatlıq doğurur. Azərbaycanın gələcəyini düşünən hər kəs bu durumdan narazıdır, narahatdır. Siyasi dalana təkcə heç nəyə qadir ola bilməyən, öz daxili problemlərinə ilişib qalmış müxalifət düşməyib. İslahatlar apara bilməyən hakimiyyət də çıxılmaza dirənib. Bu gün hər kəsə aydındır ki, kadr islahatlarına gedə, xalqı zinhara gətirmiş oliqarxlardan yaxa qurtara bilməsə hakimiyyətin özü üçün təhlükə qalır. Bu gün dövlət başçısınn qarşısında iki yol var:ya komandasını yeniləməli, texnokratları hakimiyyətə gətirməli, islahatlara mane olan, bütün sahələrdə monopoliya yaradan oliqarxlaşmış məmurlar işdən uzaqlaşmalı, ya da siyasi kataklizmlər qaçılmaz görünür. Ölkənin durumu çox ağırdır. Qarşıdan devalvasiyanın ikinci dalğası və soyğunçu bahalaşma gəlir. Hakimiyyət ciddi tədbirlərə əl atmasa, xırda və orta sahibkarlığın inkişafına şərait yaratmasa, ciddi iqtisadi və ardınca siyasi böhran qaçılmaz olacaq. Maraqlıdır ki, ölkənin taleyini düşünməli olan müxalifət də səssizdir. Müsavatın başı özünə və mandat sövdələşməsinə qarışıb. Cəmi 10 il əvvəl prezidentlik postuna iddia edən qos-qoca partiya yaranmış durumdan maksimum yararlanıb 1-2 deputat mandatı almaq istəyir. İnkarçı mövqedə dayanan Milli Şuranın başı ana müxalifət statusu uğrunda mənasız savaşa qarışıb. Qurum o qədər rəzil günə düşüb ki, yenilikçi gənclərə, siyasi qüvvələrə qarşı söyüş ruporuna çevrilib. Belə bir durumda AXCP sədri Razi Nurullayevin gəncliyə, siyasi  qüvvələrə tarixi  müraciəti qaranlıq səmada şimşək effekti verib. “Azərbaycan siyasəti yenilənməlidir. Tamamilə yeni simaların siyasi səhnəyə gəlməsi zəruridir. Bu gün hakimiyyəti tənqid etməklə, onları “rüşvətxor”, “qanundankənar”, “saxtakar” adlandırmaqla Azərbaycanı dəyişmək mümkün deyil” deyən AXCP sədri hesab edir ki, baş verən qanunsuzluqlar və korrupsiya hallarına qarşı cəmiyyətin passiv qalmasının əsas səbəblərindən biri xalqı arxasınca aparmaq iddiasında olanların tükənməsidir”. AXCP sədri hesab edir ki, Azərbaycan siyasətinə tam olaraq yeni insanların - xüsusən gənclərin gəlməsi zəruridir. Razi bəy deyir ki, 90-cı illərin qalıqlarının siyasi səhnədə hələ də duruş gətirmək və söz demək cəhdi insanlarda yaxşı hiss oyatmır. Siyasətə gəlmək kimi həm də getməyi bacarmaq lazımdır: “Söhbət yalnız Əli Kərimlinin getməsi ilə bitmir, onlarla siyasətçinin getməsinə, onlarla partiyanın yenilənməsinə ehtiyac var. 90-cı illərdə, eyni zamanda 2008-ci ilə kimi siyasətdə nəticəsizlik qazanan və adının qabağına "lider" sözünü calaq edənlərin çoxu siyasi səhnədən kənara çəkilməlidir. Ölkənin xilas yolu budur. Əks halda, biz hazırkı iqtidarla mübarizə aparmaqda çox çətinlik çəkəcəyik”. Razi Nurullayev bütün partiyalardan olan gəncləri siyasi mübarizəyə qoşulmağa, müxalifəti, cəmiyyəti bu duruma salanlara qarşı üsyana çağırır: “Mən bütün partiyalarda sağlam gəncliyi üsyana çağırıram. Qorxu və kortəbii bağlılıq hissini kənara atın. Uğursuz liderlərə, uğursuz sədrlərə "Yox" deməyi bacarın. Partiya daxilində üsyana qalxın və sizin çiyinlərinizdə kreslo qoyub oturmuş başabəla, uğursuz, nəticəsiz və ancaq danışmağı bacaran siyasətçiləri devirin. Üsyan edin və sizin üsyanınız bu xalqı xoşbəxt gələcəyə çıxarmaq üçündür. Biz sizə əlimizdən gələn köməyi edəcəyik”. Həqiqət budur. Ölkənin, millətin gələcəyi gənclərin əlindədir. AXCP sədrinin  bu müraciəti gəncliyə ciddi mesajdır. Gənclik yeniliyə meyllidir, qaynardır, aktivdir. Azərbaycan gəncliyinin bir hissəsi cəmiyyəti böhran girdabına salmış hakim partiyanın yanındadır. Onların çoxu karyerapərəst, şöhrət, vəzifə azarına tutulmuş gənclərdir. Onların çoxu Milli Azadlıq Hərəkatının mahiyyətini, hədəflərini bilmir, Rəsulzadə-Elçibəy ideya siyasi xəttindən bixəbərdirlər. Ənənəvi müxalifətə: Müsavata, Milli Şuraya qoşulmuş gənclər isə marginallaşmış bir qrupun ətrafında cəmləşib. Onlara örnək göstərilən lider tipi mənəvi deqradasiyaya uğramış Əli Kərimli, Fuad Qəhrəmanlı və Natiq Ədilovdur.Bu gənclik hər gün Eldəniz Quliyev kimi mənəvi saxta ziyalıların iyrənc fikirləri ilə zəhərlənirlər. Ancaq sağlam gənclik də yox deyil. Azərbaycanı, xalqın taleyinin düşünən mənəvi cəhətdən sağlam gənclik bu gün AXCP-də, Razi Nurullayevin ətrafında, Ağ blokda, VİP, Aydınlar və digər partiyalarda cəmləşib. Onlar AXCP sədrinin cəsarətli bəyanatına seyrçi qalmayacaq, demokratikləşmə prosesinin, yeniləşmə hərəkatının avanqardına çevriləcəklər. Ötən əsrin 90-cı illərində Milli Azadlıq Hərəkatını başladan, Xalq Cəbhəsini quran insanların əksəriyyəti 25-30 yaş arası gənclər idi. Onlar imperiya ordusundan, KQB-sindən qorxmadan müstəqillik hərəkatını başlatdılar, Azərbaycanın istiqlaliyyətinə nail oldular. O zaman öndə Elçibəy idi. Böyük hərəkat adamı gənclərə yol göstərir, mənəvi dəstək verirdi. İndi bu missiyanı Razi Nurullayev öz üzərinə götürürsə, faydalanmaq lazımdır. Tarixi missiya yerinə yetirmək hər zaman çətin olub. AXCP sədrinin də missiyası çətin və məsulliyyətlidir. Gənc və enerjili, çağdaş gəncliyinin nə istədiyini bilən, onların istəyinə uyğun danışmağı bacaran Razi Nurullayevin bu missiyanın öhdəsindən uğurla gələcəyinə, çağdaş tariximizə yenilikçi lider kimi düşəcəyinə inam böyükdür. Elə Xalq Cəbhəsinin də bir zaman həyata keçirdiyi tarixi missiyanı bərpa edəcəyi və bütöv, demokratik, qüdrətli Azərbaycan quracağına ümidlər çoxalıb. Türkel





Həftənin ən çox oxunanları