Yuxarı

"Haray-qışqırıq zamanı çoxdan keçib"

[caption id="attachment_2025" align="alignleft" width="250"]azerhesret Azər Həsrət: “Siyasətə yeni təfəkkürlü insanlar gəlməlidir”[/caption]

AXCP-nin oktyabrın 18-də keçirilən qurultayı  Azərbaycanın müxalifətinin fəaliyyətində yeni siyasi faza hesab edilir.  AXCP ilk dəfə olaraq siyasi yeniləşməyə doğru real addım atdı. Artıq müxalifət düşərgəsində bu siyasi uğurun müsbət ənənəyə çevrilməsinə ehtiyac var. Lakin özünün siyasi erasını başa vurmuş liderlərlə gənc nəsil arasında siyasi varislik problemi hələ də qalır. Vaxtilə siyasi sferada özünəməxsus çəkisi, imzası olan tanınmış jurnalist Azər Həsrətin bu məsələlərə münasibəti maraq doğurur. İlk sualımız belədir:

-Son dövrlər müxalifət düşərgəsində siyasi yeniləşmə prosesi aktual şəkildə gündəmə gəlib. Sizcə, bu siyasi varislik problemini necə həll etmək olar?

-Müxalifət düşərgəsindəki köhnə nəsil siyasətçilərin öz yerini gənclərə verməsi zərurəti barədə dəfələrlə yazmışam.  Hətta 2003-cü ilin prezident seçkiləri zamanı mən “Kötüklər” başlıqlı məqalə də yazmışdım və orada qeyd etmişdim ki, Azərbaycan siyasi müxalifətində elə şəxslər var ki, onlar suyun qabağını kəsən kötük kimidir. Özləri irəli gedə bilmir, irəli getmək istəyənlərin də qarşısını kəsir.  O vaxt yazmışdım ki, əgər bu kötüklər 2003-cü ilin prezident seçkiləri zamanı hakimiyyətə gələ bilməsə,  könüllü kənara çəkilməli, öz yerlərini başqalarına verməlidir.  Təəssüflər ki, bizim bu çağırışımız eşidilmədi. 2008-ci ildə də “Xalq Cəbhəsi arxivə” başlıqlı məqalə yazmışdım və göstərmişdim ki,  Xalq Cəbhəsinin adına və eyni siyasi mirasa bir neçə partiya  iddia edir. Bu da cəmiyyətdə çaşqınlıq yaradır. Mən xüsusilə vurğulamışdım ki, şəxsən Əli Kərimli əgər özünü böyük bir lider hesab edirsə, AXCP adından imtina edərdi, çəkilərdi kənara, partiyanı buraxardı və çölün düzündə əsasını yerə vurub deyərdi ki, “Mən liderəm, məni dəstəkləyənlər arxamca gəlsin”. O zaman məlum olardı ki, onun arxasınca kimlər gələcək. Yəni mən Xalq Cəbhəsi adından sui-istifadənin yolverilməzliyi haqqında xəbərdarlıq kimi yazı yazmışdım. Bundan sonra Əli Kərimlinin ətrafındakı söyüşcül qrup mənim üzərimə gəldi, hətta məni təhqir etdilər.

Azərbaycan müxalifəti qocalıb, siyasi enerjisi tükənib, onların kənara çəkilməsi vaxtıdır. Siyasətə yeni təfəkkürlü, intellektual imkanları yüksək olan  insanlar gəlməlidir. Haray-qışqırıq zamanı çoxdan keçib. Bu gün müxalifətin başında elə adamlar var ki, adicə rus dilini bilmir, internetdən istifadə ilə bağlı tələb olunan biliklərdən xəbərsizdir. Belə insanların “mən liderəm”-deyib xalqı öz arxasınca aparmaq iddiasına düşməsi yanlış olardı. Bu baxımdan, düşünürəm ki, indi də həmin adamlar üçün gec deyil. Onlar geri çəkilməli, öz yerini yeni qüvvələrə, yetişməkdə olan gənclərə  verməlidir. 1993-cü ildən bəri 22 il müddətində bu insanlar heç bir siyasi uğura imza ata bilməyiblər. Hər seçkini uduzublar, hər fürsəti əldən veriblər, geriləyiblər, arxalarınca apardıqları insanların da ruh düşkünlüyünə səbəb olublar. Hesab edirəm ki, həmin liderlər düşünsünlər ki, gənclərin qarşısını kəsmək düzgün olmaz və meydandan çəkilsinlər.

-Eyni proses son vaxtlar daha fəal şəkildə  baş verir. Gənclər köhnə idarəetmə metodlarına etiraz etdilər və Etimad Qurultayı keçirib Razi Nurullayevi AXCP sədri seçdilər. Eyni zamanda partiyanın yeni siyasi kursu elan edildi. AXCP-də baş verən dəyişiklik qeyd etdiyiniz problemin nəticəsidir?

-Əslində, bu, gözlənilən, təbii bir proses idi.  Çünki Əli Kərimli uzun illər AXCP-də insanların siyasi ideologiyasını istismar etməklə məşğul olub. Bu adam Əbülfəz Elçibəyin rəhbərliyi altında fəaliyyət göstərdiyi halda ona qarşı fəaliyyət göstərməsi ilə tanınır. Yəni AXCP adına iddia edən Əli Kərimlidən imtiina edib, AXCP-ni  yenidən qurmaq istəyən insanlar tam haqlıdır. Çünki ideologiyası bəlli olmayan adamla bir yana çıxmaq mümkün deyil. Partiya, təşkilat olaraq onun uğur qazanacağına heç kim inanmır, özü də inanmır. İnansaydı, builki parlament seçkilərinə qatılardı. Bu baxımdan düşünürəm ki, baş verən proseslər məntqili idi, haqlı idi və gələcəkdə Azərbaycanın siyasi palitrasında öz yerini tutacaq və  faydasını verəcək.

-1990-cı illərdə Azərbaycan müxalifətinin aparıcı hissəsini millətçi qüvvələr təşkil edirdi. Ancaq son illər bu kəsimin siyasi səhnədən çəkilməsi hiss olunur. Bəlkə müxalifətin siyasi uğursuzluğu bununla bağlıdır?

-Bəli, 1989-90-cı illərdə xalq hərəkatının önündə milliyyətçi kəsim gedirdi və onların səsi daha gur eşidilirdi. Sadəcə olaraq, bəzi adamlar milliyyətçi ideologiyanı yolundan sapdırdılar. Məsələn, AXC o dövrdə nə idi, indi nədir? Yaxud Əli Kərimli o dövrdə hansı kəsimi təmsil edirdi, indi hansı ideologiyanın arxasınca gedir? Yəni insanların zaman-zaman millətçilik ideologiyasından uzaqlaşması onun arxa plana keçməsinə səbəb oldu. Digər tərəfdən, sevindirici haldır ki, o dövrdə Azərbaycan hakimiyyəti millətçiliyə qarşı sərt münasibət göstərirdisə, bu gün əksinə, loyal yanaşma nümayiş etdirir. Müxalifət millətçilikdən uzaqlaşdığı bir halda, hakimiyyət tərəfindən millətçiliyin sıxışdırılması halı yoxdur. Biz milliyyətçilik deyərkən öz milli kimliyimizin davasını aparırıq. Burada nə millət üçün, nə dövlət üçün, nə də beynəlxalq ictimaiyyət üçün təhlükə yoxdur.

-Son 10 ildə Azərbaycanda milliyyətçi kəsimin öz yerini dini təmayüllü  qüvvələrə verməsi halları artıb.

-Bunun da səbəbi həmin o müxalifət liderliyinə iddia edən adamlardır. Həmin adamlar bizim mübarizəmizi dəfələrlə aparıb divara dirədi. Nəticədə, mənim kimi insanlar onlardan uzaqlaşdılar. Bir sıra insanlar isə hələ də radikallığa meyllidirlər və ideoloji boşluq onları dini təmayülə yönəltdi. Biz çalışırıq ki, onları bu yoldan çəkindirək. Əlbəttə, Azərbaycan müsəlman ölkəsidir. Ancaq Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə həmin insanların İran, Səudiyyə Ərəbistanından qaynaqlanan dini cərəyanlara qoşulması xoşagəlməz haldır. Bu baxımdan, Azərbaycan müxalifətində sağlam qüvvələr yenə önə keçməli, bu adamları düzgün yola dəvət etməlidir ki, ölkəmiz fəsadlar yaşamasın.

-AXCP sədri Razi Nurullayev gənclərə müraciət edərək onlara meydanlara çıxmağa çağırıb. Gənclərin köhnə siyasi nəsli əvəz etmək üçün meydanlara çıxmaq potensialı nə qədərdir?

-Bu çağırış işin başlanğıcıdır. Sonrakı mərhələdə gənclər arasında maarifləndirmə işi aparılmalıdır. Çünki bəzi adamlar müxalifətçiliyi dövlətçiliyə qarşı çıxmaq kimi başa düşürlər. Hakimiyyəti tənqid də etmək olar, etiraz da etmək olar, amma dövlətçilik qorunmalıdır. Bu baxımdan hesab edirəm ki, Razi bəyin çağırışı yerində edilib və  intellektual səviyyəsi yüksək olan, xarici dil bilən, yeni texnologiyalardan istifadə edən gəncləri önə vermək lazımdır ki, başqaları da onun arxasınca getsin. Belə olan halda, biz hərəkətlənməyi bacaracağıq.

Müşfiq





Həftənin ən çox oxunanları