Yuxarı

“Hökumətə təzyiq mexanizmi olmalıdır”

“Hökumətə təzyiq mexanizmi olmalıdır”

cavid musazade“AXCP olaraq biz Avrointeqrasiya tərafdarıyıq. Bu, hətta AXCP Nizamnaməsində də əksini tapıb. Ancaq ATƏT-lə və BMT ilə bağlı mənim də müxtəlif yanaşmalarım var. Qeyd edim ki, BMT-nin qəbul etdiyi qətnamələri özünün icra etmək səlahiyyəti ola-ola böyük dövlətlərin təsiri ilə Qarabağ məsələsini həll etmək üçün Minsk Qrupu yaradıb ortaya atıblar. İllərdir 3 dövlətin turist qrupu gəlir-gedir, ancaq problemin həlli ilə bağlı heç bir nəticə yoxdur”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioner Cavid Musazadə deyib. C.Musazdə qeyd edib ki, Demokratik Təsisatlar Bürosu (DTB) uzun zamanlar seçkilərin nəticəsini demokratiyaya doğru addım kimi qəbul edib: “Bundan bəhrələnən hakimiyyət hər dəfə belə bir məqamda bir az da daha sərtləşib”.

Daha sonra Avropa-Azərbaycan, iqtidar-müxalifət münasibətlərindən danışan Cavid Musazadə Avropaya inteqrasiyanın vacibliyini vurğulayıb: “Avropanın insan hüquq və azadlıqlarını təmin edən, insan həyatının yaxşılaşdırılmasına xidmət edən qanun və müddəalarını öz inkişafımız üçün qəbul etməliyik. ATƏT hər zaman tövsiyələr qəbul edir. Ancaq həmin tövsiyələrin icrası üçün heç bir Avropa təşkilatından bir tədbirlər planı, sankisayalara hazırlıq görmürük. Biz ölkəmizə sanksiya tətbiq olmasının tərəfdarı deyilik.

Çünki hər bir halda sanksiyalardan xalq zərər çəkir. Ancaq hökumətə müəyyən təzyiq mexanizmi olmalıdır ki, nəticə çıxarıb, demokratikləşməyə yol açsın. Hakimiyyətdə və müxalifətdə anlayışlı rəhbərlər varsa, o zaman biz ölkə daxilində seçkilərin demokratik  keçirilməsini, insan hüquq və azadlıqlarını özümüz konsensus, dialoq, razılaşma yolu ilə ölkə daxilində həyata keçirməyi bacarmalıyıq. Avropa təşkilatları üzv dövlətlərin verdiyi üzvlük haqqı ilə formalaşır.

Eyni zamanda “kürü və dollar diplomatiyası”nı yaxşı bilən hakim rejim var. Düşünürəm ki, hər bir problemin həlli üçün bütün hallarda anlaşmaq lazımdır. Mən hesab edirəm ki, biz Avropa olmadan belə lazım olan qanunları qəbul edib, qaydaları tətbiq edə bilərik. Əsas odur ki, düşmənçilik aradan qalxsın, münbit iqtidar-müxalifət münasibətləri formalaşdırılsın. Biz bu yolda addımlayırıq və ümid edirik ki, uğurlar dövlətimizin inkişafı naminə bizimlə olacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları