Yuxarı

Azərbaycan Avrasiya İttifaqına qoşula bilər?

Azərbaycan Avrasiya İttifaqına qoşula bilər?

Avrasiya IttifaqiXarici işlər nazirinin bəyanatı təsadüfi sayılmır

Rusiya mediasında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olacağı ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, Rusiya və Azərbaycan arasında məsələnin həllinə dair danışıqlar yenidən başlayacaq. Yayılan məlumatlara Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Hüseynova münasibət bildirib. O, Azərbaycanın Avrasiya İttifaqına daxil olmaq imkanını istisna etməyib: “Azərbaycan ona fayda gətirəcək ittifaqlarda iştirak edə bilər. Ancaq bunun üçün belə təşkilatlarda iştirakın bütün mənfi və müsbət tərəflərini təhlil etmək, ətraflı qiymətləndirmə aparmaq lazımdır”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ölkəmizin bu birliyə qoşulmasının mümkün olduğunu demişdi. Oktyabrın 1-də E. Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın Avrasiya İttifaqına qoşulması barədə məsələyə münasibət bildirdi. Nazir Azərbaycanın bu quruma qoşulmaq imkanını inkar etmədi. Jurnalistlərin sualına “Heç vaxt heç vaxt demə” – cavabını verən Məmmədyarov qeyd etdi ki, hazırda Azərbaycanın diqqəti Avrasiya bloku ölkələri ilə ikitərəfli səviyyədə daha sıx əlaqələrin yaradılmasına yönəlib.

“Rusiya ilə kompromisə getmədən münaqişəni həll etmək mümkünsüzdür”

Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan Avrasiya İttifaqına üzvlük məsələsini Ermənistan ordusunun işğalı altında olan ərazilərin azad olunması ilə şərtləndirir. Q. Hüseynlinin sözlərinə görə, Moskva Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində rəsmi Bakıya kömək edir və Azərbaycan da bunun müqabilində Avrasiya İttifaqına üzvlük məsələsini götür-qoy edir, beləliklə, quruma daxil olmaq haqqında qərar qəbul edir: “Yəni bu məsələ bazarlıq obyektidir. Azərbaycan hələ ki, elə bir uğurları olmayan, üstəlik də kifayət qədər müəmmalı bir təşkilata daxil ola bilməz. Bunun müqabilində Azərbaycan öz problemlərinin həllində təminat almalıdır. Düşünürəm ki, Azərbaycan tərəfi ən azından Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması barədə təminat aldıqdan sonra Avrasiya İttifaqına daxil olmaq üçün danışıqlara başlaya bilər. Azərbaycan münaqişənin müharibə yolu ilə həllinə dünyanın aparıcı dövlətlərinin mane olmaq istədiyini yaxşı başa düşür. Bu səbəbdən də dinc yolla problemin çözülməsinə nail olmaq istəyir. Bu yolun qarşısında da Rusiya dayanıb. Rusiya ilə müəyyən kompromisə getmədən Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmayacaq”.

“Rusiyanın Azərbaycanın şərtlərini qəbul etmək ehtimalı var”

Qabil Hüseynli hesab edir ki, Rusiyanın bu quruma üzvlük qarşılığında Azərbaycanın bir sıra şərtlərini qəbul etmək ehtimalı olduğu üçün ölkəmizin Avrasiya İttifaqına üzvlük məsələsi zaman-zaman Moskva tərəfindən gündəmə gətirilir: “Hətta ehtimal olunurdu ki, sentyabra qədər Dağlıq Qarabağ ətrafı 7 rayonun geri qaytarılması məsələsində Azərbaycanın lehinə dönüş yaranacaq. Bildirilirdi ki, həmin ərazilər mərhələli formada geri qaytarılacaq. Bu problemin həlli üçün Rusiyanın ən yüksək ranqlı məmurları səviyyəsində razılığı alınmışdı. Rusiya da Ermənistana bununla bağlı mesajlar göndərməsi barədə erməni KİV-ində məlumatlar yayırdı. Amma Suriya və digər məsələlər ortaya çıxdıqdan sonra plan təxirə salındı. Lakin yenidən həmin məsələ gündəmə gətirilib.

Prezidentlərin qarşıda görüşü gözlənilir, həmsədrlər bölgəyə gəlirlər. Xarici işlər nazirlərinin sentyabrda görüşü zamanı prezidentlərin görüşü razılaşdırıldı. İlkin mərhələdə Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması məsələsi real görünür. Rusiya Azərbaycana bu məsələnin həllində kömək edəcəksə, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsinə baxıla bilər”.

“Hakimiyyətin üzvlük məsələsində mövqeyi yoxdur”

“Şərq – Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, artıq neçənci dəfədir ki, ölkənin xarici işlər naziri Elmar Məmmədyarov da bu barədə fikir səsləndirir. Ə. Oruclu E. Məmmədyarovun açıqlamalarının birində Azərbaycanın bu quruma üzvlüyünün mümkünlüyünə diqqət çəkdiyini xatırladıb: “Bu nə deməkdir? Əgər Azərbaycan bu quruma üzv olursa-olsun, olmursa-olmasın. Əgər olmursa mütəmadi olaraq, bu cür bəyanatların verilməsi, məsələni qeyri-ciddi edir. Bilinmir ki, Azərbaycan hakimiyyətində bu məsələ ilə bağlı qərar var, yoxsa yox. Bu cür bəyanatlar əslində onu göstərir ki, iqtidarın bu barədə heç bir mövqeyi yoxdur, tərəddüdləri var, mülahizələri var, amma qərarı yoxdur. Bu da məsələni qeyri-ciddi məcraya yönəldir, müzakirə predmetindən kənara çıxarır. Yəni, ciddi bir yanaşma olmalıdır. Ölkənin xarici işlər naziri balaca adam deyil, bu ölkənin xarici siyasətinə rəhbərlik edən şəxsdir. Adam bir aydan bir durub deyir ki:

“Avrasiya İttifaqına üzv ola bilərik”. Əgər ola bilmirsinizsə, bu bəyanatlar nəyə lazımdır? Əslində bu tip bəyanatların nədən irəli gəldiyini başa düşmək olmur. Mümkündür ki, yuxarıdan mütəmadi olaraq, bu cür bəyanatların səsləndirilməsi üçün tapşırıqlar verilir. Bir çoxları bunların mahiyyətini anlamırlar ki, niyə bu cür danışırlar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları