Yuxarı

AXCP sədrindən islahat təklifi

AXCP sədrindən islahat təklifi

Özlərini feodal kimi aparan icra başçıları kütləvi istefaya göndərilməlidir

razi nurullayev

Sovet dönəmindən qalma bütün sistemlər ləğv edilməlidir

AXCP sədri Razi Nurullayev yerli icra hakimiyyətlərinin ləğv olunmasını təklif edib. Region əhalisinin sosial durumunun ağır olduğuna diqqəti çəkən R. Nurullayev problemlərin yolu kimi yerli icra orqanlarının ləğv edilməsinin vacibliyini vurğulayıb: “Regionlarda durum heç də ürəkaçan deyil. Əhali ciddi sosial-iqtisadi problemlərlə çarpışır. Bu problemlərin də kökündə icra başçıları durur. Onlar rayonları kolxoz sədrləri kimi idarə edirlər. Prezident öz konstitusion səlahiyyətlərindən istifadə edərək, özlərini feodal kimi aparan icra başçıları kütləvi istefaya göndərilməlidir.

Onların yerinə işgüzar, xaricdə təhsil almış, müasir fikirli gənclər gətirilməlidir. İslahatın növbəti dalğası kimi isə yerli icra hakimiyyəti orqanları ləğv edilməli, həmin gənclər isə yerlərdə prezidentin səlahiyyətli nümayəndələri kimi saxlanılmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə verilməlidir”.

Siyasi hakimiyyət Razi Nurullayevin təklifinə müsbət cavab versə, dövlət bunun səmərəsini açıq formada görəcək. Əvvəlcə onu qeyd etmək lazımdır ki, icra hakimiyyətləri regionlarda hökm sürən ağır iqtisadi-sosial böhrandan məsuliyyət daşıyırlar. Bölgədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasında icra başçıları vacib rol oynayır. İcra başçıları sahibkarları qanunvericilikdə nəzərdə tutulmayan “vergilər”ə cəlb edir, onlardan əldə etdikləri gəlirləri aşan qanunsuz məvaciblər alırlar. Bir sözlə, yerli icra hakimiyyətləri sahibkarlara divan tuturlar.

Yerli icra hakimiyyətlərinin ləğviylə, regionlarda iqtisadi sahədə dövlət siyasəti biznesin və istehlakçıların maraqlarının müdafiəsi üzərində qurula bilər. Çünki icra başçıları böhrandan zərbə alan və müəyyən itkilərə məruz qalan biznes strukturları qarşısında daha yüksək tələblər qoyur və onların xərclərini artırmaqla fəaliyyətlərinin genişləndirməsi imkanlarını məhdudlaşdırırlar. Təklifi dəyərləndirməklə, sahibkarlıq mühitini yaxşılaşdırmaq, inhisarçılığı aradan qaldırmaq və rəqabət mühiti yaratmaq mümkündür. Bunun üçün ilk növbədə, yerli icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrə verilməlidir. Bu, Azərbaycan iqtisadiyyatını neft asılılığından da xilas edə bilər.

Prezident İlham Əliyevin sədrliyi ilə bir neçə gün əvvəl 9 ayın yekunlarına həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilən, xüsusilə, biznes mühitinin yaxşılaşdırılması yönündə irəli sürülən tövsiyələrdən dərhal sonra bir neçə qanun dəyişikliyi aparıldı. Bu dəyişikliklərdə sahibkarları sevindirən bir çox məqamlar var. Dövlət başçısı tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların ASAN xidmət mərkəzlərində verilməsi nəzərdə tutuldu. Bu islahatın davamı olaraq, ölkə iqtisadiyyatında sahibkarlıq sektorunun yerini artırmaq üçün yerli icra hakimiyyətlərinin ləğvi məsələsi gündəmə gətirilməlidir. Təsadüfi deyil ki, dövrü mətbuatda rüşvət və korrupsiya qalmaqallarında dövlət məmurları kateqoriyasında icra hakimiyyətləri başçılarının adları daha çox hallanır. Ümumiyyətlə, Sovet dönəmindən qalma bütün sistemlər ləğv edilməlidir. Çünki, bu tip sistemlər ölkədə rüşvət hallarının çoxalmasında əsas pay sahibidirlər.

Mənsur





Həftənin ən çox oxunanları