Yuxarı

“Köhnə zehniyyət, dəyişməlidir”

“Köhnə zehniyyət, dəyişməlidir”

[caption id="attachment_534" align="alignleft" width="200"]Qorxmaz Ibrahimli_1 Qorxmaz İbrahimli: “Bir çox partiyalar öz sədrlərini dəyişməyə faciə kimi baxırlar”“Əli Kərimli partiyanı  özəlləşdirmək üçün hər şeyi edirdi”[/caption]

Parlament seçkilərinə sayılı günlər qalıb. Amma ölkədə siyasi durğunluq hökm sürür. Ölkə seçki ərəfəsində olsa da, gündəmdə olan məsələ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ətrafında baş verən olaylardır. Bu olay da göstərdi ki, ölkədə ciddi problem var və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Müxalifət düşərgəsində də durum ürəkaçan deyil. Müxalifətin zəif olmasından əziyyət çəkən isə ilk növbədə, Azərbaycan xalqı və dövlətçiliyidir. Bu və digər məsələləri Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli ilə müzakirə etdik. O, “Cümhuriyət”ə müsahibəsində maraqlı məqamlara toxundu...

-Azərbaycanın siyasi səhnəsində yenilənmənin vacibliyinin artıq zərurətə çevrildiyi deyilir. Sizcə yenilənmə prosesi mümkündürmü?

 - Siyasi səhnədə yenilənmə nə deməkdir? Rəhmətlik Sabirin təbirincə desək, “əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz”. Siyasi səhnədə yenilənmə prezident, parlament və bələdiyyə seçkilərində olur. Bu, əcnəbilərin artıq on səkkizinci əsrin sonunda (1789) Fransada burjua inqilabı ilə başladıqları böyük mübarizə hesabına, iyirmi birinci əsrin sonunda, necə deyərlər, dörd - dördlük (4 x4) bir yenilənmədir. Avropa, ABŞ və Yaponiya daxil olmaqla, dünyanın bir çox dövlətlərində vətəndaşlar bundan maksimum yararlanıblar. Avropa buna inkvizisiya məhkəmələrindən imtina edərək gəldi. Anladılar ki, insanları gilyotin altına qoymaqla, odda yandırmaqla deyil, demokratiya ilə tərbiyə edərlər. Bizsə, hələ də anlaya bilmədiyi dildə uşaqları tərbiyə etmək istəyir, anlamadıqları üçünsə, Falaqqada ayaqlarına döyməyə davam edirik. İyirminci əsrin əvvəlində Qoca Şərqdə ilk demokratik cümhuriyyət qurmuş Azərbaycan xalqı təəssüf ki, iyirmi birinci əsrin əvvəlində siyasi səhnədə yenilənmə barədə düşünür. Təbii ki, bu, bir tək bizim xalqın və dövlətin deyil, bütün Yaxın və Orta Şərqin problemidir. Yaradanı isə bizlər deyil, dünyanı idarə edən güclərdir. Onlardansa danışmaq uzun işdir. Yuxarıda sadaladığımız yenilənmə reseptindən əlavə bir yol da qeyri-ənənəvi - çevrilişlər yoludur. Üzülərək bildirməliyəm ki, Yaxın və Orta Şərq dövlətlərinin boyuna bu yol biçilmiş və uzun müddət günümüzə qədər davam edib. Gördüyünüz kimi Türkiyə bu metoddan imtina etməyə çalışır. Ancaq beynəlxalq güclər imkan vermək istəmirlər. Çünki gözəl bilirlər ki, türk milləti demokratiyaya digərlərindən daha çox sadiq olacaq. Azərbaycanda da müstəqilliyin ilk illərində siyasi səhnənin yenilənməsi çevrilişlər hesabına mümkün olurdu. 1993-cü il Gəncə qiyamında bu, öz dönüş nöqtəsinə çatdı. Hakimiyyəti devirərək, xarabalıqları üzərində Rusiyayönümlü, xəyali bir hakimiyyət qurmaq istəyirdilər. O zaman Heydər Əliyevi Bakıya dəvət etməklə Əbülfəz Elçibəy qiyamçıların bütün ssenarilərini alt-üst etdi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə nisbi sakitləşməyə doğru yön aldı hər şey. Sonda siyasi səhnə sabitləşdi. Qüsurlarla da olsa, çoxpartiyalı sistemə dönüş edərək yola çıxdı Azərbaycan dövləti. Hətta 1999-cu ildə ölkə tarixində ilk dəfə bələdiyyə seçkiləri də keçirildi. Təbii ki, hakimiyyətlə müxtəlif yollarla uyum saxlamış köhnə qafalar yenilikləri qəbul edə bilməzdilər. Ancaq yenicə sabitlik yaratmış, demokratik yolla hərəkətə başlamış Heydər Əliyev iqtidarını necə oldusa, bu yoldan çıxararaq qatarı dalana yönləndirdilər. Mən hələ də anlaya bilmirəm, demokratiyanın bu qədər bitib-tükənməz təminatları olduğu halda, yetərincə maliyyə və siyasi ehtiyatlara sahib, xalqın böyük dəstəyinə malik hakimiyyət referendum keçirərək çoxpartiyalı seçki sistemindən imtina etdi... Məncə bu gedişlə siyasi yenilənmə mümkün deyil.

- Bəs, partiyalarda gəncləşmə siyasəti düzgün aparılırmı?

- Bilirsiniz, yuxarıda sadaladığımız demokratik ənənələrin formalaşaraq milliləşməsi üçün mübarizə apardığını söyləyən bizlər də dəyişməliyik. Bu dəyişiklik isə zorla olmur. Zehniyyət dəyişməlidir. Dünyagörüşü dəyişməlidir. Partiya sədrlərindən biri bir zamanlar mənə demişdi ki, bu partiyanın sədrliyindən daha önəmli bir şey yoxdur mənim üçün. Çünki o sədr artıq partiyanı özəlləşdirmək üçün hər şeyi edirdi. Etdi də...(Əli Kərimli nəzərdə tutulur-C). Bu gün demokratikləşmə və yeniləşmədə təbii ki, hakimiyyətin məsuliyyəti hər kəsdən daha çoxdur. Ancaq demokratiya uğrunda mübarizə apardığını söyləyən bir çox partiyalar öz sədrlərini dəyişməyə faciə kimi baxırlar. Bu isə zehniyyətdən xəbər verir. Belə bir düşüncə sahibi olan partiya sədrləri gənclərə necə yol aça bilərlər? İndiki gəncliyin isə beynini dəyişdirmək o qədər də asan deyil. Ona görə də gənclərə çox meydan vermirlər.

- Müsavat Partiyasının mitinqinə azsaylı insanın qatıldığı bildirilir. Sizcə, bu, nəyin göstəricisidir - müxalifətin taktiki cəhətdən zəifliyinin, yoxsa xalqın mitinqlərə marağının olmamasının?

- Təbii ki, Müsavat Partiyası iqtidar partiyası olmadığından administrativ resurslardan yararlana bilmir. Müsavatın mitinqinə xalqın qatılmaması da sevindirici hal deyil. Yəni, belə çıxır ki, heç bir problemi olmadığından, millət mitinqlərə qatılmır. Bir zamanlar insanlar mitinqə gedərək yeni bir şey dinləmək, mətbuatdan və azacıq da TV-lərdən tanıdığı oğulların üzünü görmək istəyirdi. Böyük insanlarımız da hər dəfə meydanlara gedirdilər. Məsələn, xalq şairi Məmməd Araz xəstə olmasına baxmayaraq meydana gedirdi. Və onu orada görən sevənləri daha da mübariz olurdular. Və ya fəhlələr meydanlara axın edib böyük Xəlil Rza Ulutürkün hayqırtılarını dinləyərək stresslərindən qurtulurdular, inamla evə dönürdülər. Amma bu gün birincisi, siyasi partiyalar qanunda edilmiş dəyişiklikdən sonra heç bir siyasi güc və təsir mexanizminə sahib deyillər. İkincisi, gəncliyin maraq dairəsi tamam dəyişib. Müəllimlər, həkimlər artıq müvəqqəti də olsa, minimum təminatlarını ediblər. İri fabrik və zavodlar yoxdur ki, çalışanlarını nə isə maraqlandırsın və s. Bu gün dünyanın əksər dövlətlərində mitinq keçirmək üçün demək olar, heç bir əngəl yoxdur. Mitinqlərin zəifliyinin səbəbi isə birinci növbədə siyasi partiyaların gərəkən resurs və səlahiyyətlərinin olmamasıdır. Məncə buna sevinmək yox, həyəcan təbili çalmaq lazımdır. Hakimiyyət yetkililəri isə bu haqda ciddi düşünməlidirlər. İyirmi birinci əsrin ikinci on illiyində Azərbaycan kimi bir ölkəyə xaos yox, demokratik inkişaf lazımdır.

- Müxalifət nə etməlidir, narazı kütlədən öz xeyrinə yararlanmaq üçün hansı addımlar atılmalıdır?

- Müxalifətin birinci vəzifəsi mövcud hakimiyyətləri xalqın gözündən salmaq, özü gələcəyi halda daha yaxşısını verəcəyinə inandıraraq, cazibədar vədlər verməkdir.

Ona görə seçilənlər beş illiyə seçilir, növbəti beş il üçünsə mübarizə aparırlar. Bizim müxalifətin bunu etmək imkanının olmaması bacarıqsız və savadsız olmaqdan deyil. Yuxarıda da dediyim kimi, mövcud qanunvericiliyin siyasi inkişafın əl-ayağını bağlamasıdır. Hazırda bu, hər nə qədər yaxşı görünsə də, gələcəkdə fəsadlarını yenə də öz millətimiz görəcəkdir. Fəsadlar isə yaxşı şeylər olmayacaqdır. Allah eləsin, ölkəmizdə narazı kütlənin hərəkət etməsinə ehtiyac yaranmasın. Bunu kimin öz tərəfinə çəkəcəyindən deyil, dəhşətindən qorxuram mən.

- Sizcə, Azərbaycanda yeni partiyalaşma dönəmi olacaqmı?

- Azərbaycan dünyanın kiçicik bir hissəsidir. Dünyada isə demokratiya və çoxpartiyalı sistemlər güclüdür. Yeni partiyalaşma deyil, partiyaların inkişafına yol açacaq qanunların qəbuluna inanıram.

- Bir neçə gündən sonra parlament seçkiləri keçiriləcək. Sizcə, proseslər qaneedicidirmi? Müsbət və mənfi tərəflər nədən ibarətdir?

- Parlament seçkilərinin qaneedici olması üçün birinci növbədə proporsional seçki sisteminə dönülməlidir. Majoritar sistem siyasi partiyaların marağını təmin etmir. Eyni zamanda dövlətə və hakimiyyətə dəxli olmayan birilərinin keçməsinə yol açır. Seçkilərin azad və ədalətli keçirilməsi ölkəmizin inkişafında buxova çevrilmiş bəzi əngəllərin ortadan qalxması deməkdir. Qanunverici orqanda siyasətçilər və mütəxəssislər təmsil olunmadıqca problemlər daha beş il sonrakı bir dövrə daşınmış olur. Təəssüflə bildirməliyəm ki, özüm namizəd olaraq seçkidə iştirak edə bilmədiyimdən prosesin içində deyiləm. Mənfi tərəfi istədiyiniz qədər saya bilərik. Amma biz müsbət tərəfindən danışaq ki, rahatlıqla seçilib oturacaq deputatların qəlbinə dəyməyək.

- Ölkədə baş verən son hay-küylü olaylara münasibətiniz necədir? MTN ətrafında baş verən olayları islahat kimi qələmə verənlər də var. Bu, islahatlara stimul ola bilərmi? Yaxın perspektiv üçün bu barədə gözləntiləriniz nədir? Ümumiyyətlə, ölkədə nə dəyişməlidir?

- Bir siyasətçi, Azərbaycanın müstəqillik mübarizəsində bir çox şeylərdən imtina etmiş vətəndaş və böyük bir nəslin, sülalənin nümayəndəsi olaraq üzüntülərimi bildirirəm. Baş verən son olayları bir daha demokratiyaya bağlamaq istərdim. Əgər proporsional seçkilərdən imtina edilərək, Milli Məclisin səlahiyyətləri azaldılmasaydı, yəqin, belə olayların sayı və təsir dairəsi çox az olardı. Düşünün, demokratik və kollegial orqanın olmaması ölkə prezidentinin də işinə çox əngəldir. Dəfələrlə müşavirələrdə prezidentimiz özü məmur özbaşınalığı və məmur övladlarının tərbiyəsizliklərindən danışıb. Prezident bu mücərrəd insanlara üstüörtülü xəbərdarlıq etdikcə, dərsini bilməyib arxada gizlənməyə çalışan şagirdlər kimi bəzi məmurların necə narahatlıq keçirdiklərini efirdən görməmiş deyilsiniz. Belə olanda xalq da yaxşı tanıdığı məmurun işdən atılacağı tarix haqda əfsanə yaratmağa başlayır. Məsələn, nəqliyyat nazirinin işdən atılacağı haqda nə şayiələr dolaşır siz də bilirsiniz əlbəttə... Ancaq nə baş verdi? Qəfildən ölkə prezidentinin sərəncamı ilə milli təhlükəsizlik naziri işindən atıldı. Ardından da törətiklərinin bir qismi açıqlanmağa başladı.

On iki ildir dövlətin mühüm bir postunu ələ keçirmiş bir nəfər nələr edib, Allah bilir... Yaxşı ki, bu bilgilər prezidentimizə şəxsən çatdırılıb. Şəxsən çatdırılmayan və ya əngəl olunan nə qədər məsələlər qalır hələ. Yəqin ki, bir müddət sonra yenə qalmaqallı bir “reket” qrupu haqda yüksək səviyyədə xəbər yayılacaq. Yaxşı ki, prezident öz yaxın ətrafı və aparatını dürüst və Vətənini sevən insanlardan formalaşdırıb. Yuxarıda dediklərimizin olmaması üçünsə, demokratiya və demokratik yolla seçilmiş kollegial orqanların formalaşdırılması vacibdir. Nə qədər yaxşı məmur olursa-olsun, elə bir posta oturduqdan sonra dəyişəcəyi zaman məsələsi olur. Vəzifədə qaldıqca dəyişir, varlanmaq eşqi artır. Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərini oxumuş olarsınız. Məncə nəyin dəyişməli olduğunu çatdıra bildim. Demokratiya bu gün inkişafın ən yaxşı yoludur.

Cavad





Həftənin ən çox oxunanları