Yuxarı

Bakı Moskva ilə anlaşıb?

Bakı Moskva ilə anlaşıb?

xerite AZEErməni nəşri: “Seçkilərdən sonra Rusiya qoşunları Qarabağda yerləşdirilə bilər”

Ermənistan hakimiyyəti və cəmiyyəti Rusiya və Azərbaycanın yaxınlaşmasını izləyir. Ermənistanın "Lragir" erməni nəşri yazır ki, Azərbaycan və Rusiya arasında sürətli yaxınlaşma və  əlaqələrin möhkəmləndirilməsi Ermənistanı daha dərin quyuya salacaq. "Rusiya-Azərbaycan bağlarının möhkəmlənməsinin əlamətləri artıq var - Rusiya gözlənilmədən Azərbaycanın  da daxil olduğu MDB-ni aktivləşdirdi, faktiki olaraq, KTMT və AİB çərçivəsini genişləndirdi. Putin MDB-nin hava sərhədlərinin birgə mühafizəsi barədə bəyan edib, Əliyev isə MDB-də milli valyutalarla hesablaşmaya keçməyə çağırıb.

Növbəti addım Azərbaycanda seçkilərdən sonra rəsmi Bakının rəsmi razılığı ilə Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsi ola bilər. Şübhə yoxdur ki, Putin buna təminat vermişdir - deyə, nəşr yazır. Səsləndirilən iddiaları şərh edən politoloq Tofiq Abbasov “Cumhuriyət”ə bildirdi ki, MDB özünün 3-cü onilliyinə qədəm qoyub və bu onu göstərir ki, quruma daxil olan məmləkətlər birlikdən imtina etmək və ya ondan uzaqlaşmaq fikrindən uzaqdırlar. Onun fikrincə, qüvvədə olan nizamnamə kifayət qədər liberal ruhludur və onun kökündə, əgər belə demək olarsa, "açıq qapılar" prinsipi mövcuddur: “Hər halda üzv-ölkələr qurumun nizamnaməsi və məramından irəli gələn bütün imtiyazlardan kifayət qədər bəhrələnirlər.

Düzdür, bu fonda bir çoxları MDB-yə özü mexanizm kimi baxırlar, onun rolunu ciddi qiymətləndirmirlər. Lakin reallıqda, Gürcüstanla Ukraynanı çıxmaq şərti ilə, qüvvədə olan qayda və prosedurlardan səmərəli istifadə edirlər. Yəni, bəzi ticari, miqrasiya, tranzit və s. məsələlərin həllində MDB qaydaları çox da səmərəlidirlər. Təşkilatın postsovet məkanında daha təsirli olması üçün ilk növbədə, üzvlərin israrlı olması lazımdır. Əslində MDB beynəlxalq təşkilat kimi daha çox iqtisadi məsələlərin tənzimlənməsinə köklənib. Düzdür, zirvə toplantıları ilə yanaşı, baş nazirlərin şurası ilə bərabər həm də güc nazirlərini özündə birləşdirən qurumlar da var və vaxtaşırı cari və strateji məsələlərin müzakirələri də keçirilir. Bütün bunlar ondan xəbər verir ki, MDB formatı artıq oturuşub və ona ehtiyac var”.

rusiya ordusuPolitoloq əlavə etdi ki, məsələnin geosiyasi tərəfi rəhbərlərin, siyasi elitaların qətiyyətindən asılıdır: “Əgər ümumi razılıq olarsa, onda MDB beynəlxalq qurum kimi daha fəal və işgüzar əmsal əldə edə bilər. Bunun üçün ilk növbədə, ortaq konsepsiya lazımdır. Niyə? Çünki Sovet dövləti dağıldıqdan dərhal sonra bu qurum ona görə, yarandı ki, ümumi səylərlə imperiyanın varidatı, necə deyərlər insafla bölünsün. Çünki mal bölgüsünə gəldikdə hər bir subyekt öz payını götürmək istəyir və bu prosesdə obyektivliyi qorumaq adətən çətin olur... O dövr artıq geridə qalıb. İndi isə təşkilata üzv ölkələr MDB-yə yeni nəfəs verə bilərlər, lakin qurum əgər yeni qismdə özünü təqdim etmək istəsə, "böyük qardaş və kiçik qardaş" ənənəsi olmamalıdır. Vahid valyutanın rubl olması qeyri-məqbuldur. Çünki belə olduqda Rusiya öz hegemonluğunu qoruyub saxlamağa çalışacaq. Yaxşı olar ki, yeni bir pul vahidi dövriyyəyə gətirilsin ki, yeni MDB bazarının formalaşmasında subyektlər bərabərhüquqlu şəkildə prosesə qatılsınlar. Belə yanaşma sağlam ruhun bərqərar olması üçün vacib əhəmiyyət daşıyacaq.

O ki qaldı sərhədlərin birgə qorunmasına, zənn edirəm ki, Mərkəzi Asiyada belə yanaşma üçün kifayət qədər ciddi zəmin var. Orda trafik keçir, müxtəlif radikal yönlü terorçu qrupların bazaları var və radikal mücahidlər üçün MDB sərhədlərini aşmaq hazırda önəm daşıyır. Ümumi təhdidlərə qarşı səmərəli mübarizə aparmaqdan ötrü birgə əməliyyatları keçirmək, sərhədləri birgə qorumaq zəruri görünür”. Ekspert əlavə edib ki, Cənibi Qafqazda isə bu baxımdan vəziyyət qənaətbəxşdir və digər ölkələrin sərhədçilərinin bura gətirilməsinə lüzum yoxdur: “Lakin əgər nəzərə alsaq ki, bu bölgədə təhlükəsizliyə təhdidlər törədən Ermənistandır və onun ərazı iddiaları səhgimir, ola bilsin ki, müəyyən məqamda həmin risklərin dəf edilməsi üçün məhdud birgə əməliyyatların keçirilməsinə ehtiyac oyansın. Ya da, əgər İrəvan Azərbaycana qarşı hərbi təxribatlarını dayandırmayacaqsa, onda da ümumi səylərlə hərbi-texniki monitorinq missiyası təmas xətti boyunca müvəqqəti əsaslarla Cənubi Qafqazda yerləşdirilə bilər”.

Siyasi elmlər doktoru, politoloq Hikmət Babaoğlu isə bildirib ki, Rusiya Azərbaycanın ən böyük qonşusudur və  regionda siyasi və iqtisadi nüfuzu olan ölkədir: “Rusiya-Azərbaycan münasibətləri hər zaman yüksələn dinamika ilə inkişaf edib və hazırda Rusiya-Azərbaycan münasibətlərində çox müsbət tendensiya yaranıb”.

Politoloq daha sonra  Rusiya ilə münasibətlərin istiləşməsinin Qarabağ probleminin həllinə töhfə verə biləcəyinə aydınlıq gətirib: “Dediyimiz əsaslardan çıxış edərək Rusiya Federasiyasını regiondakı tarazlığın formalaşmasında birinci dövlət hesab etsək, heç şübhəsiz ki, Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində rolunu da görmüş olarıq. Ancaq düşünək ki, bu münasibətlərin indiki vəziyyəti Dağlıq Qarabağ probleminin həllinə kifayət edəcək qədər yüksək səviyyədədirmi və yaxud Rusiyanın xarici siyasətində indiki mərhələdə Dağlıq Qarabağ problemini həll etmək vəzifə kimi müəyyənləşdirilibmi? Bax bu suala cavab vermək bir qədər çətindir. Amma hər halda hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ problemini həll edəcək gücə sahib və siyasi, hərbi rıçaqlara malik ölkədir”.

Cavad





Həftənin ən çox oxunanları