Yuxarı

Kol dibindən tvit atan Uorlik

Kol dibindən tvit atan Uorlik

Ceyms uorlikBu xəbəri eşidəndə "Axrıncı aşırım" filmində Qəmlonun dediyi sözlər yadıma düşdü: “Bir dəli şeytan deyir ki, bunların atlarının ayaqlarının altını tut atəşə, qalxsınlar şahə, çırpsınlar bunları yerə”. Bəli, söhbət bu gün ATƏT həmsədrlərinin monitorinqi zamanı baş verən insidentdən gedir. Məlumunuz olsun ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik təmas xəttini qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçiblər. Sonra həmsədrlər yerli komandanlıq və icra hakimiyyəti nümayəndələri ilə görüşərək səhra şəraitində brifinq keçiriblər.

Atəşkəs rejiminin pozulmaması barədə razılığa baxmayaraq, tədbir zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb. Həmsədrlərin dərhal müdaxiləsindən sonra atəş dayandırılıb. Əlbəttə, düşmənin atəşkəsi pozması, mövqelərimizi atəşə tutması bizim üçün xoş deyil. Amma xoşbəxtlikdən heç bir itki baş verməyib. Bu səbəbdən düşünürəm ki, monitorinq zamanı ermənilərin Qəmlonun sözləri ilə desək, həmsədlərin bahalı avtomobillərinin təkərinin altını gülləyə tutması bir az da bizim xeyrimizə oldu. Bu barədə bir qədər sonra danışarıq. Çünki bundan daha maraqlısı, həm də gülməlisi amerikalı həmsədrin olaya reaksiyasıdır. Ermənilər doğrudan da, ATƏT-in Minsk Qrupunun da, onun həmsədrlərinin də rəzil, zavallı olduqlarını sübuta yetirdilər.  Həmsədrlər bu gün gülünc vəziyyətə düşdü. Biabır oldular. Çünki illərdir Azərbaycana sülh vəd edən, münaqişəni həll edəcəyini iddia eləyən pəzəvəng bir qurumun həmsədrləri güllə səsini eşidincə qaçıb kol dibində gizləndilər. Bunu utanıb-qızarmadan amerikalı həmsədr Ceyms Uorlik özü etiraf elədi. Atəş dayandıqdan sonra kolun dibindən çıxan Ceyms Uorlik belə bir tvit atıb: “Qoşunların təmas xəttində ATƏT həmsədrlərinin monitorinqi zamanı atəş açılması qəbuledilməzdir. Təmas xəttini keçən zaman atəş səsləri davam edirdİ. ATƏT müşahidəçiləri gizlənməyə məcbur oldu. Bu, qəbuledilməzdir”.

Görünür, bu tviti atanda avtomat güllələrinin yaratdığı qorxu və vahimə Ceyms Uorlikin canından helə keçməyibmiş. Yoxsa o, belə bir gülməli tvit atmazdı.  Ermənlilər o boyda beynəlxalq qurumun nümayəndələrini vecinə almar, onların başına güllə yağdırır, bu isə deyir ki, bu, qəbuledilməzdir.  Belə yumşaq bir bəyanatın verilməsini heç cür izah etmək mümkün deyil. Demək, doğrudan da Uorlik “sarısını udub” və belə bir “xala xətrin qalmasın”  bəyanat verib.

Məsələnin digər tərəfi də var. İllərdir təmas xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlılar daim təhdid altında yaşayır. Əkinçi tarlaya, çoban örüşə, məktəbli dərsə gedə bilmir. Çünki ermənilər gecə-gündüz rayonlarımızı, kəndlərimizi atəşə tuturlar. Az qala hər gün cəbhə bölgəsindən ermənilərin atəşkəsi pozması nəticəsində hansısa vətəndaşımızın dünyasını dəyişdiyi və ya yaralandığı barədə xəbərlər gəlir. Elə ötən ay düşmən Tərtərdə toyu vaya çevirdi. Toy  çadırının atəşə tutulması nəticəsində  63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və 3 yaşlı Zəhra Əlizadə yaralandılar.

İllərdir Azərbaycan mediası, ictimai təşkilatlar, hökumət nümayəndələri, Xarici İşlər Nazirliyi ermənilərin hər gün atəşkəsi pozduğu, mülki əhalini gülləbaran etdiyi, insanları qətlə yetirdiyini beynəlxal təşkilatların, ilk növbədə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin diqqətinə çatdırır. Amma çifayda. Ermənilərə “gözün üstə qaşın var” deyən yoxdur.  Yaxşı oldu ki, bu dəfə həmsədrlər vəziyyəti öz gözləri ilə gördülər. Hərgah, bunun bir faydasının olacağını gözləmək də sadəlöhvlük olardı...

Aydın





Həftənin ən çox oxunanları