Yuxarı

Müsavatçılar üz-üzə

Müsavatçılar üz-üzə

[caption id="attachment_731" align="alignleft" width="399"]tural abbasli Tural Abbaslı: “Bu yanlış qərar partiyanın imicinə ciddi zərbə vuracaq,  sosial bazasının itirilməsinə səbəb olacaq”[/caption]

Müsavat Partiyası parlament seçkilərində iştirakdan imtina etdi. Bu barədə qərar Müsavat Divanının iclasında qəbul edilib. Qərara görə, Müsavat Partiyası 1 noyabr 2015-ci il tarixdə keçiriləcək parlament seçkilərində iştirakını dayandırır. Müsavat başqanı Arif Hacılı seçkiyə qatılan 25 partiya üzvünün də partiya Divanının bu qərarına hörmət edəcəyinə ümid etdiyini bildirib.

Müsavat  başqanının müavini Elman Fəttah deyib ki, Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilib. Amma Müsavatın seçkidən çəkilmə qərarı partiya daxilində etirazlar yaradıb və partiyanın bəzi namizədləri bu qərara tabe olmaqdan imtina ediblər.

Müsavat Partiyasının təşəbbüsü ilə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İltizam Əkbərli deyib ki, Müsavatın seçki ilə bağlı qərarına hörmətlə yanaşır, lakin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək.   Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. Məclis üzvü, partiyanın təşəbbüsü ilə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İkram İsrafil də seçki dairəsi ərazisində görüşlərini davam etdirir. Lakin o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Partiyanın Divan üzvü və təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı da namizədliyini geri çəkməkdən imtina edənlər arasındadır. R.Əmiraslanlı partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərafdarı olmuşam...”

Müsavat Partiyasının üzvü, Milli Məclisə deputatalığa namizəd Tural Abbaslı deyib ki, Müsavat Partiyasının qərarı yanlışdır.

Onun sözlərinə görə, bu səhv və yanlış qərar vaxtında verilsəydi, bəlkə o zaman hansısa təsir gücünə malik olardı və anlaşılan olardı. “Seçki marafonunun finiş xəttinə yaxınlaşdığımız bir vaxtda verilən bu yanlış qərardan Müsavat  ziyanla çıxacaq və bunun ağır nəticələrini yaşamalı olacaq”, - deyə Abbaslı əlavə etdi.

“Sadəcə, bu siyasi uzaqgörənliyin olmamasının nəticəsində, stabil olmayan siyasətin, strateji hədəfləri görə bilməyən partiya rəhbərliyinin verdiyi çox yanlış qərar idi. Bu sadəcə, bir günlük siyasi gündəmdə qalmağa və sonradan partiya daxilindəki bəzi mübahisələrə son vermək üçün taktiki baxımdan verilən qərardı. Çünki boykotun effekti yoxdur. Biz bunun dəfələrlə şahidi olmuşuq”, deyən  T.Abbaslı bildirib ki, partiyanın seçkidən geri çəkilməklə bağlı  səsləndirdiyi arqumentlərin   indiki məqamda heç bir əsası yoxdur: “Əgər partiya rəhbərliyi uzaqgörən siyasəti olsaydı, belə bir qərarı əvvəlcədən verərdi. Daha seçki marafonunun başa çatmasına bir neçə gün qalmış yox. Bu gün partiyanın 25 namizədi artıq təbliğat-təşviqat kampaniyasını yekunlaşdırırlar. Seçicilərlə yanaşı, xeyli sayda görüş keçiriblər. Seçicilərə vədlər veriblər. Hər bir namizəd özünə görə kifayət qədər maliyyə vəsaiti xərcləyib. Bu qərarla həmin namizədlər  seçiciyə verdiyi vədə xilaf çıxdığı üçün  pis vəziyyətə düşmüş olur. Bu, həm də partiyanın nüfuzuna ciddi xələl gətirir və gətirəcək də... Bu qərar eyni zamanda siyasi opponentlərə, istər hakimiyyətdəki, istərsə də müxalifətdəki rəqiblərinə partiyanı tənqid atəşinə tutmaq üçün rəvac verdi”.

Abbaslının fikrincə, Azərbaycan müxalifəti məhz belə səhv  siyasi taktiki gedişlərin nəticəsidir ki, uğur əldə edə bilmir: “Müsavatın bu yanlış qərarı həm partiyanın, həm də müxalifətin olan qalan  imicinə ciddi zərbə vurmaqla yanaşı, sosial bazasının da itirilməsinə səbəb olacaq”. T.Abbaslı sonda onu da əlavə edib ki, o namizədliyini geri götürməyəcək və sonadək mübarizə aparacaq. Müsavat başqanının sabiq müşaviri, ADR hərəkatının sədr müavini Səxavət Əlisoy  bildirib ki, Müsavat Partiyası əvvəlcədən seçkidə uğur qazanmaq gücündə olmadığını anlayırdı: “Düşünürdülər ki, Milli Məclisdə bir mandat qazansalar, qanunvericiliyə uyğun olaraq partiya dövlət büdcəsindən maliyyələşəcək. Bu, adamları düşündürən millət vəkili olmaq, yaxud ölkənin inkişafı üçün qanun layihələri ilə çıxış etmək yox, sadəcə, pul qazanmaq idi. Son anda qalib gələ bilməyəcəklərini gördükləri üçün geri çəkildilər”.

Xatırladaq ki, noyabrın 1-də Azərbaycanda 5-ci çağırış Milli Məclisə seçkilər keçiriləcək.  Bu seçkilərdə ümumilikdə 24 siyasi partiya iştirak edir.

Cavad





Həftənin ən çox oxunanları