Yuxarı

“Siyasi qüvvələrin yenidən formalaşmasını və yeni müxalifətin yaranacağını gözləyirəm”

“Siyasi qüvvələrin yenidən formalaşmasını və yeni müxalifətin yaranacağını gözləyirəm”

[caption id="attachment_1029" align="alignleft" width="345"]sulheddin ekber Sülhəddin Əkbər: “Hadisələr milli burjuaziya inqilabı üçün şərait yaradır”[/caption]

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət” qəzetinin ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı suallarını cavablandırıb.

- İlk dəfədir ki, müxalifət seçkilərdə iştirak etməyəcək. Müxalifəti təmsil edənlər seçki marafonundan geri çəkilir. Vəziyyəti bu yerə gətirib çıxaran səbəb nədir?

- Başlıca səbəb hakimiyyətin uzun illər apardığı strateji baxımdan yanlış olan siyasətdir. Hakimiyyət düşünür ki, müxalifət sıradan çıxarsa, iqtidarın uzun ömürlülüyü və əbədiyyəti bərpa olunacaq. Amma düşünmür ki, demokratik yolla mübarizə aparan qüvvələr sıradan çıxdıqda hakimiyyətə narazı qüvvələr qeyri-dinc yolla mübarizə aparmaq istəyən alternativ güclərin tərəfinə keçə bilərlər. Azərbaycan tarixində belə bir təcrübə var. Regionda, dünyada geosiyasi qarşıdurmanın kəskinləşdiyi, terror təhdidinin yüksəldiyi bir dönəmdə Azərbaycan hakimiyyətinin demokratik qüvvələrin sistemdən kənara itələməsi çox acı nəticələrini verəcək. Bunu yaxın illərdə Azərbaycan cəmiyyəti və hakimiyyəti görəcək. Ölkədə artıq demokratiya və insan haqları sahəsində elə bir vəziyyət yaranıb ki, demokratik qüvvələr bir kənara, bütün Azərbaycan cəmiyyətinin seçkilərə, hakimiyyətin demokratik yolla dəyişəcəyinə inamı itib. Artıq müxalifət tam anlayır ki, seçkilər cəmiyyəti maraqlandırmır, cəmiyyət də başa düşür ki, demokratik yolla ölkədə dəyişikliyə nail olmaq mümkün deyil. Bundan sonra həm Azərbaycan müxalifəti - demokratik qüvvələr, cəmiyyət vəziyyəti necə dəyişdirmək haqqında baş sındırmalı olacaqlar. Bunun səbəbkarı da hakimiyyətdir. Ölkədə maliyyə-iqtisadi, sosial-iqtisadi vəziyyətin gərginləşdiyi bir vaxtda hakimiyyət daxilində dağılma prosesinin getdiyi bir vaxtda iqtidar yanlış siyasətinin çox ciddi zərbəsini alacaq.

- Belə vəzyyətdə baş tutacaq seçkilərə Qərbin, beynəlxalq ictimaiyyətin münasibəti necə olacaq?

- İlk öncə “Azərbaycan cəmiyyətinin buna münasibəti nə olacaq?” sualı ətrafında fikirləşmək lazımdır. Seçkilərə heç bir inamı qalmadığına görə də, cəmiyyətin seçkilər günü hakimiyyətə verəcəyi qiyməti görəcəksiniz. Azərbaycanda əhali, bəzi istisna olan dairələr xaric, xüsusilə kənd və rayonlarda namizədlər kənd rayonlarının sosial strukturlarına uyğun olaraq, insanları seçkilərə cəlb edə bilmirlər. Xüsusilə böyük şəhərlərdə görəcəksiniz ki, insanlar bu prosesə necə biganədirlər. İlk növbədə, Azərbaycan cəmiyyəti bu seçkilərə necə qiymət verəcək, ikincisi Kütləvi İnformasiya Vasitələri bu seçkilərə necə münasibət bildirəcək, hansı ki, KİV ictimai nəzarəti həyata keçirir. Eyni zamanda Azərbaycan müxalifəti buna nə münasibət sərgiləyəcək. Bundan sonra beynəlxalq ictimaiyyətin qiyməti məsələsi gəlir. ATƏT-in hesabatında prezident seçkiləri ilə bağlı məntəqələrin 58%-də nəticələr şübhə altına alınırsa, parlament seçkilərinə də münasibət bundan yaxşı olmayacaq.

- Mümkündürmü  sanksiyalar gündəmə gəlsin?

- Hadisələrin məntiqi ilə düşünsək, sanksiyalar gündəmə gəlməlidir. Daxili siyasi inkişaf, Azərbaycandakı mövcud demokratiya, insan haqları sahəsində yaranmış vəziyyət, eyni zamanda seçkilərə münasibət baxımından, ölkədə korrupsiya, rüşvətin həddini aşması baxımından təbii ki, gündəmə gəlməlidir. Nəzərə almaq lazımdır ki, sanksiyaların tətbiqi siyasi məsələdir və bu, siyasi qərarlar tələb edir. Siyasi qərarlar qəbul edəndə də Qərb və ABŞ-da bu qərarı qəbul edənlər yalnız Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi vəziyyətini qiymətləndirmirlər, eyni zamanda regionda yaranmış vəziyyəti də, Azərbaycanın bu vəziyyətdə oynadığı rolu da qiymətləndirirlər. Vaşinqton və Brüsseldə siyasi qərarlar qəbul edilərkən, regionda yaranmış vəziyyət də dəyərləndirilə bilər. Əgər bu gün Belarusa tətbiq olunmuş sanksiyalar ləğv olnursa, bu baxımdan Azərbaycana da Rusiya amilinə görə sanksiyaların tətbiqinə şübhə ilə yanaşıram.

- Cəmiyyəti nə gözləyir? Dağıdılmış demokratik-liberal qüvvələrin yerini kim ala bilər?

- Politologiya elmi və siyasətşünaslıq tarixi göstərir ki, bu cür vəziyyətlərdə ön plana milli burjuaziya çıxır. Çünki yaranmış vəziyyət ilk növbədə, milli burjuaziyanın maraqlarına toxunur, yaranmış bu vəziyyətdə milli burjuaziya daha çox itirir. Yəqin ki, mülkiyyət sahibləri və sahibkarların üzləşdiyi vəziyyəti bilirsiniz. Belə vəziyyətlərdə iş adamları, sahibkarlar, mülkiyyət sahibləri çıxış yolunu demokratiyada görürlər. Buna görə də onlar demokratiya proseslərinin hərəkətverici qüvvəsinə çevrilirlər. İndiki mərhələdə Azərbaycanda bütün proseslərə münasibətdə milli burjuaziyanın ön plana çıxması lazımdır. Milli burjuaziya özünü inhisarçı, oliqarxik hakimiyyətdən qorumaq üçün xalq dəstəyinə ehtiyac duyur. Buna görə də onlar milli şüarlarla çıxış edib xalqı tərəfinə çəkməlidirlər. Beləliklə, demokratik milli burjuaziya inqilabı üçün şərait yaranır. Yəni klassik siyasət tarixi və politologiya elmi baxımından yanaşsaq, Azərbaycan burjua-demokratik inqilabının mərhələsindədir və burjuaziya ön plana çıxmalıdır. Ya burjuaziya qabağa çıxmalı, ya öz içindən yeni siyasi qüvvə çıxarmalı, ya mövcud siyasi qüvvələri bir araya gətirib onlara dəstək verməlidir, ya da mövcud qüvvələrin içindən birini qabağa çəkməlidir. Beləliklə, ölkədə yeni ictimai-siyasi, sosial-iqtisadi şəraitin yaranacağını, yeni ictimai-siyasi şəraitdə siyasi qüvvələrin yenidən formalaşmasını və yeni siyasi müxalifətin yaranacağını gözləyirəm.

Əfqan





Həftənin ən çox oxunanları