Yuxarı

ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr

ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr

[caption id="attachment_1799" align="alignleft" width="361"]razi nurullayev Razi Nurullayev: “Bu, ölkəmizdə demokratiya sahəsində olan ciddi problemlərin göstəricisidir”[/caption] [caption id="attachment_362" align="alignright" width="320"]Aydın_Mirzəzadə_2014 Aydın Mirzəzadə: “Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa cəhd göstərirlər”[/caption]

Amerika Birləşmiş Ştatları Senatının binasında Azərbaycana dair müzakirələr keçirilib. Müzakirə mövzusu həbsdə olan Leyla Yunus və onun ətrafında baş verənlər olub. Azərbaycanda seçkilərə sayılı günlər qalmış Leyla Yunusun Hollandiyada yaşayan qızı Dinara Yunusun Senatın binasına gətirilməsi maraq doğurur. Tədbirin təşkilatçısı ermənipərəst senator Mark Kirk olub. O, uzun müddət Amerika- Ermənistan dostluq qrupunun həmsədri olub və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini dəstəkləməsi ilə seçilib. Onun indi də Azərbaycandakı insan haqlarının durumuna diqqət etməsi isə sual doğurmaya bilməz.

Dinləyənlər isə 49 nəfər olub. Onlardan 10 nəfəri daşnaklara yaxınlığı ilə seçilən Amerikanın erməni milli komitəsinin üzvüdür. Çıxış edənlər Azərbaycanda insan haqlarının pozulduğunu, Leyla və Arif Yunusun həbsini ədalətsiz olduğunu deyiblər. Leyla Yunusun qızı ata-anasının azadlığını istəyib. Dinləmələrə heç bir senator və konqresmen qatılmayıb.

İkinc maraqlı məqam tədbirin moderatorluğunu Devid Kramerin aparmasıdır. ABŞ Dövlət katibinin sabiq müavini  Kramer “Freedom House” təşkilatının sədri olduğu dönəmdə həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. Dinləmələrin parlament seçkilərinə 3 gün qalmış keçirilməsi təsadüfidirmi və sadaladığımız şəxslərin təşkilatçılığı ilə baş tutan tədbir nə qədər obyektivdir? Siyasilərlə söhbətimizdə bunu aydınlaşdırmağa çalışdıq. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bildirdi ki, ABŞ-da hər zaman Azərbaycanda baş verən önəmli hadisələrdən öncə bu cür ictimai dinləmələr keçirilir: “Mən düşünürəm ki, zamanın da seçilməsi təsadüfi sayıla bilməz. Hətta təsadüfi olsa da, yenə də fərq etmir. Amerika Birləşmiş Ştatlarında hər zaman bu cür dinləmələrin keçirilməsi Azərbaycanda demokratiya sahəsində olan ciddi problemlərin göstəricisidir. Devid Kramer Azərbaycanla bağlı çox sərt tənqidi fikirlərin müəllifidir.

Dinləmələrdə Arif və Leyla Yunusların, eyni zamanda Xədicə İsmayılın da adının hallandırılması artıq ondan xəbər verir ki, baş verən bu cür hadisələr Azərbaycanla Amerika arasındakı münasibətlərə ciddi  təsiretmə gücündədir. Amerika Azərbaycan hakimiyyətinə demokratiya ilə bağlı heç bir zaman güzəştə getməyəcək.

Buradan belə çıxır ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları o zaman daha ciddi strateji tərəfdaş ola bilərlər ki, Azərbaycanda demokratik açılım olsun və həbsdə olan günahsız insanlar azadlığa buraxılsın”. R. Nurullayev əlavə etdi ki, Azərbaycan hakimiyyəti son zamanlar tamamilə Qərbdən asılı olmayan siyasət yürütməkdə davam edir: “Amma Qərb  bunu bu şəkildə qəbul etməmək düşüncəsindədir. Təbii ki, Azərbaycanın müstəqil siyasət yürütmək hüququ var və bu bizim dövlətçiliyimiz üçün lazımdır. Amma elə bir universal və ümumbəşəri dəyərlər var ki, artıq bu bütün dövlətlər üçün keçərlidir və daxili qanunlar əsas götürülə bilməz. Bu da demokratiya məsələləri ilə bağlıdır. ABŞ-la Azərbaycan münasibətlərinin gərginləşməsi əsasən demokratik proseslərlə əlaqədardır. Amma Qərbi Avropa ölkələri ilə Azərbaycanın münasibətlərinin pozulmasının, eyni zamanda Azərbaycanın Qərblə münasibətlərinin bu dərəcədə gərginləşməsini insan hüquqları və demokratiya məsələlərinə bağlamaq istəməzdim. Avropa dövlətləri demokratiya carçılarıdır. Amma Avropa Birliyi özü-özlüyündə iqtisadi, geocoğrafi bir blokdur. O baxımdan Azərbaycanla Avropa Birliyinin münasibətlərinin gərginləşməsi isə Azərbaycanın geostrateji maraqlarını Rusiya ilə uzlaşdırmasıdır. Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan və Avropaya inteqrasiyadan imtina edib və Rusiya ilə yaxınlaşıb. Bunu artıq Azərbaycan rəsmiləri də dilə gətirdilər. Azərbaycan məhz Rusiya və onun maraqlarına görə, Avropa Birliyi ilə assosiativ saziş imzalamaqdan imtina edib. Burada artıq geostrateji maraqlar aydın şəkildə görünməkdədir. Ona görə də mən hesab edirəm ki, Avropa Birliyi ilə Azərbaycan arasında yaranan problemin qaynağı məhz Rusiyadır. Bəlkə Rusiya olmasaydı, Azərbaycan Avropa Birliyi ilə daha yaxından strateji əməkdaşlıq edə bilərdi. Bunun fonunda mən hələ ki, heç bir irəliləyiş görmürəm. Düşünürəm ki, artıq Azərbaycan cəmiyyətində bir çox insanların dili ilə elə bir fikir yeridilir ki, Azərbaycan Avrasiya İttifaqına qoşula bilər, yəni Rusiyanın yanında yer ala bilər. Yəni bu müəyyən qədər real görünür.  Təbii ki, Azərbaycan da bunun müqabilində Rusiyadan Dağlıq Qarabağ problemi ilə bağlı Moskvadan daha ədalətli mövqe sərgiləməyi və işğal altında olan rayonların Azərbayana qaytarılmasının təşkilini istəyə bilər. Əgər bunlar tərəflər arasında razılaşdırılarsa düşünürəm ki, Azərbaycan hətta Avrasiya İttifaqına qoşulmaqla bağlı qərar da qəbul edə bilər”.

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü,  millət vəlkili Aydın Mirzəzadə isə dedi ki, ABŞ-da Azərbaycanla bağlı vaxtaşırı bu və ya digər şəkildə dinləmələr keçirilir. Onun sözlərinə görə, bu dinləmələrin bir qismi anti-Azərbaycan mövqeyində olan dairələr tərəfindən təşkil olunur: “Onların Azərbaycanda olan maraqları təmin olunmadığına görə, burada təşkil etdikləri “5-ci kolon” məsuliyyətə cəlb olunduğuna görə, Azərbaycana bu cür siyasi cavab verməyə çalışırlar. Keçirilən dinləmələr də qeyri-obyektiv olur. Leyla və Artif Yunuslar Ermənistan xüsusi xidmət orqanlarına xidmət etməyə görə məsuliyyətə cəlb ediliblər və müvafiq cəzalarını alıblar. Xədicə İsmayıl isə qeyri-qanuni sahibklarlıq fəaliyyəti ilə məşğul olduğuna görə, məhkəmə tərəfindən uzunmüddətli həbs cəzasına məhkum edilib. Azərbaycanda bu gün hər bir şəxs etdiyi əməllərə görə məhkəmə qarşısında cavab verməlidir. Bu şəxslərin müdafiəsi əslində, həmin şəxslərin fəaliyyətində tədbir keçirən şəxslərin maraqlı olduqlarını göstərir.

Eyni zamanda Yunusların da oradan maliyyələşdirildiyi və siyasi dəstək aldığı ortaya çıxır. Onlar bu addımlarla Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar. Onların Azərbaycanda hakimiyyətin formalaşmasına təsir edə bilməmələrinə, Azərbaycanın müstəqil daxili, xarici siyasətini öz nəzarəti altına ala bilmədiklərinə görə, bu tip addımlarla Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa cəhd göstərirlər. Amma bu gün Azərbaycan heç də nüfuzunu hansısa mərkəzin verdiyi qərara görə deyil, apardığı siyasətə görə qazanır. Bu kimi tədbirlərin Azərbaycanın nüfuzuna hər hansı bir təsir etməyəcəyini düşünürəm”.

Cavad