Yuxarı

“Seçkinin saxtalaşdırılmasına alışqanlıq yaranıb”

“Seçkinin saxtalaşdırılmasına alışqanlıq yaranıb”

[caption id="attachment_731" align="alignleft" width="320"]tural abbasli Tural Abbaslı: “Nə qədər ki, xalqın inandığı bir qüvvə ortaya çıxmayıb, vəziyyət bu cür də davam edəcək”[/caption]

“Ağ blok” Hərəkatının təsisçisi, Tural Abbaslı “Cümhuriyət” qəzetinin  suallarını cavablandırıb.

- Seçkilərdən gözləntiləriniz nədir?

- Seçkilərdən xüsusi gözləntilərim, eyforiyam yoxdur. Hakimiyyətin ədalətli, şəffaf seçki keçirəcəyinə inanmıram. Seçki təbliğat-təşviqat, imzatoplama kampaniyası dövründə baş verənlərlə bu, artıq sübut olunub. Bu da ənənəvi seçkilərdən biri olacaq, bundan əvvəlki seçkilər necə keçirilibsə, bu da o formada baş tutacaq. “Bəs, siz belə seçkilərdə niyə iştirak edirsiniz?” sualı ortaya çıxsa, mən proseslərin kənarında dayanıb onu dəyişmək uğrunda mübarizəyə inanmıram. Əgər hansısa prosesi dəyişmək istəyirsənsə, onun içində olmalısan. Biz sonacan daha əsaslı şəkildə Konstutisiyanın bizə verdiyi haqlar uğrunda mübarizəni davam etdirəcəyik.

- Niyə seçkilərin nəticələri bəlli olmamış hakimiyyət Qərb dövlətlərini və bəzi beynəlxalq təşkilatları iqnora qoydu?

- Əslində, Azərbaycan hökumətinin beynəlxalq münasibətlərini analiz edəndə belə görüntü yaranır ki, zaman-zaman Rusiya, zaman-zaman da guya Avropa və ABŞ-la “soyuq müharibə”də olur. Hakimiyyətin bu tip “soyuq müharibə”lərinə inanmıram. Hakimiyyət 20 il ərzində Rusiya, İran və Qərb arasında müxtəlif manevrlər etmək bacarığına yiyələnib. Bu gün mediada belə bir görüntü yaradılıb ki, hakimiyyət Avropa və Amerikayla guya çox soyuq münasibətlərdədir, Rusiya ilə aralarında sürətli istiləşmə gedir. Rusiyanın yüksək ranqlı dövlət adamları açıq formada hakimiyyətə dəstək verirlər. Sual ortaya çıxır ki, bu soyuqluq Avropa və Amerikanın Azərbaycana münasibətlərində hansı istiqamətlərdə özünü büruzə verir? Hansı Avropa dövləti, yaxud Amerika hansı sanksiyanı tətbiq edib? Hansı nazir, hansı məmur Qərbin sanksiyası ilə üzləşib? Yaxud müxalifətə hansı açıq dəstəyini nümayiş etdirib? Əgər hakimiyyət Qərbin üzərinə gedirsə, hansı şəxsə qarşı siyasi nota verib? Məncə, bunların hamısı cəmiyyəti çaşdırmaq, guya siyasi qarşıdurma görüntüsü yaratmaq üçün, bəlkə də Avropa Avro-atlantik məkanını cəmiyyətin nəzərində nüfuzdan salmaq üçün edilən siyasi gedişlərdir. O zaman qarşıdurma, soyuqlaşma baş verər ki, Azərbaycan Avrasiya İttifaqına qoşular və bilər ki, buna görə, Qərblə əlaqələri soyuyur. Yaxud NATO və Avropa İttifaqı ilə müxtəlif sənədlər imzalansa, bilərik ki, Rusiya ilə əlaqələri soyuqdur. Baş verən bu prosesləri Rusiya, Qərb və Azərbaycan hakimiyyətinin manevrləri kimi qəbul edirəm. Burada qətiyyən köklü qarşıdurmadan söhbət gedə bilməz.

- Bu dəfə də hakimiyyətin seçkilərin nəticələrinə müdaxilə edəcəyi gözlənilir. Bu baş verərsə, müxalifətin və cəmiyyətin münasibəti nə olacaq?

- Seçkilərin nəticələrində müdaxilələrin olacağına heç kəsin şübhəsi yoxdur. Sual olsa ki, seçkilər şəffaf keçirilsə, cəmiyyətin buna reaksiyası nə ola bilər? Cavab verərdim ki, cəmiyyət çaşqınlıq içərisində qalacaq.

22 il ərzində müxalifətin düzgün olmayan strateji mübarizəsi nəticəsində xalqda keçirilən seçkilərə inamsızlıq, nəticələrin əvvəldən saxtalaşdırılacağına bir alışqanlıq yaranıb. Seçkilər yenə də saxtalaşdırılacaq, nəticələr hakimiyyətin istədiyi formada təqdim olunacaq. Xalqın da buna reaksiyası tam normal olacaq. Xalq bu gün hansı reaksiyanı verirsə, seçkilər günü də reaksiyasında heç bir dəyişiklik olmayacaq. Çünki hər seçkilərdə saxtakarlıq olur, hakimiyyətin bu addımlarına cavabında müxalifət yanlış siyasət yürüdür və xalq ortalıqda qalıb. Dolayısı ilə nə müxalifətdən, nə də xalqdan seçkilərə xüsusi reaksiya gözləmirəm. Müxalifət öz daxilində çıxış yolu tapa bilmir, qaldı ki, hakimiyyətə hansısa reaksiya versin. Nə qədər ki, xalqın inandığı bir qüvvə ortaya çıxmayıb, vəziyyət bu cür də davam edəcək. Xalqın reaksiyasızlığını xalqın baş verənlərə biganəliyi kimi qəbul etmirəm. Xalq haqsızlığa reaksiya verəndir, biganə deyil. Sadəcə, xalq arxasınca gedəcək lider, qüvvə görmədiyi üçün proseslərə biganə mövqe sərgiləyir. Bütün məsələləri böyük oyunun tərkib hissəsi kimi qiymətləndirdiyi üçün ona görə səssiz dayanır. Seçki günü də, seçkilərdən sonra da bu münasibət qalacaq. Çünki müxalifət yanlış siyasət yürüdür.

- Bəs, hakimiyyət yanlış siyasət yürütdüyünün fərqindədirmi?

- Adamlar qətiyyən yanlış siyasət yürütdüklərini düşünmürlər. Çünki onlar nəticə ilə hesablaşan praqmatik insanlardır. Bunlar əlsində siyasi düşüncəyə sahib deyillər, biznesmen düşüncəsinə malik insanlardır. Hakimiyyət hər şeyə, hətta siyasətə də biznes, ticarət nöqteyi-nəzərindən baxır. Daha çox pul qazanmaq haqqında düşünür.

Bu aspektdən hesablayanda, hakimiyyət özü üçün niyə düşünsün ki, yanlış yoldadır? 20 ildən artıqdır hakimiyyətdədir, bu illər ərzində də nazir, komitə rəhbəri olan şəxslərin onlarla evləri, az qala şəhərləri var. 20 ildir bunlara “gözün üstündə qaşın var” deyən yoxdu. 20 ildir bunların özlərinə, hətta sürücülərinin belə etdikləri özbaşınalıqlara cavab verən hüquq sistemi, cəmiyyət yoxdur. Bununla belə niyə düşünsün ki, yanlış yoldadır? Yanlış siyasət o zaman olar ki, o siyasətin nəticəsində bunlar pul itirərlər, status, mövqe itirirlər. 20 ildir onlar görürlər ki, hakimiyyətləri üçün heç bir təhlükə yoxdur və pul qazanmağa davam edirlər. Etdikləri özbaşınalıqlara bir gün tutarlı cavab veriləndə anlayacaqlar ki, yanlış siyasət yürüdürlərmiş.

Mənsur