Yuxarı

AXCP şöbə sədri: “Müsavat Partiyası tənəzzül dövrünü yaşayır”

AXCP şöbə sədri: “Müsavat Partiyası tənəzzül dövrünü yaşayır”

Nazim Manafov

“Bu günlərdə Müsavat Partiyası seçkilərdən geri çəkildiyini bəyan etdi. Belə həssas bir dönəmdə Azərbaycan tarixinin ən köklü partiyası olan Müsavatın seçkidən imtina etməsini heç də doğru addım hesab etmirəm”. Bu sözləri Cebhe.info-ya Müsavat Partiyasının seçkiləri baykot etməsini dəyərləndirən AXCP Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov deyib.

Şöbə sədri qeyd edib ki, Müsavatın qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin partiyanın qurulması zamanı göstərdiyi sücaət və əzmi bu gün partiya rəhbərliyi təkrarlaya bilmir:

“O zaman Çar Rusiyası kimi bir imperiyaya qarşı çıxıb, Azərbaycanın müstəqilliyinin bərpasına yönəlik atdığı cəsarətli addımlar tariximizin qızıl səhifələrinə həkk olundu. Çox çətin bir dönəmdə geri çəkilməyərək Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasını təmin etdi. Belə bir şəxsiyyətin miras qoyub getdiyi partiyanın bugünkü rəhbərliyinin parlament seçkilərindən imtina etməsi partiyanın əqidəsi və tərəfdarlarına qarşı atılmış yanlış bir addımdır. Azərbaycanda keçiriləcək seçkilərin qeyri-şəffaf, qeyri-demokratik olduğu ölkədə demək olar ki, hər kəsə bəllidir, Avropa İttifaqının seçkiləri müşahidə etməkdən imtina etməsinin özü də ölkəmizdə keçiriləcək seçkinin qeyri-legitim olacağına bir işarədir. Lakin bütün bunlar o demək deyil ki, seçkiyə qatılan bir partiya daha sonra mübarizədən kənarda qalmalı, gözləmə mövqeyi tutmalıdır. Parlament seçkiləri eyni zamanda namizədlərin insanlarla təmasda olması, onlara öz platformalarını çatdırması üçün bir fürsətdir. Düşünürəm ki, Müsavat Partiyası bu fürsətdən istifadə etməli idi”. “Bu gün Azərbaycanın demək olar ki, bütün sahələrində qanun və hüquq pozuntuları kifayət qədərdir” deyən N.Manafov qeyd edib ki, belə bir zamanda Müsavat Partiyasının geri addım atması təqdirəlayiq deyil:

“Səhiyyə və təhsildə olan poblemlər, rüşvət və ədalətsizlik mühütü hər keçən gün artmaqdadır. Düzdür, bu neqativ halların aradan qaldırılması istiqamətində hökumət bəzi addımlar atır, söhbət bəzi nazirliklərdə həyata keçirilən həbslərdən gedir. Lakin hakimiyyət daxilində baş verən qaranlıq məqamları xalqa daha şəffaf şəkildə çatdırmaq üçün müxalifətin bu seçkidə iştirak etməsi olduqca vacib idi. Məğlubiyyətdən qorxmaq lazım deyil. Qorxulu olan həqiqəti bilə-bilə susmaqdır. Həqiqət isə odur ki, Müsavat Partiyası bu gün öz tənəzzül dövrünü yaşayır, son keçirdiyi  mitinqində ətrafına yığılan insanların sayı bunu deməyə əsas verir. Məsələyə başqa prizmadan yanaşsaq, seçkiyə hazırlıq çərçivəsində, imzatoplama kampaniyası zamanı bir sıra partiyalar və ayrı-ayrı şəxslər seçkiyə qatılmayacaqlarını söyləmiş, bunu qeyri-şəffaf seçki mühiti və saxtakarlıqlarla əlaqələndirmişdilər. Bu insanları anlamaq mümkündür, onlar prosesin əvvəlindən kənarda qalacaqlarını bəyan etmişdilər. Lakin Müsavatın keçirdiyi uğursuz mitinq -görüşün ardından seçkidən imtinası heç də dogru atılmış addım kimi anlaşılmır”.

Vilayət