Yuxarı

Sabah  Milli Məclisə seçkilər keçiriləcək

Sabah  Milli Məclisə seçkilər keçiriləcək

SeckilerNoyabrın 1-də V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Seçkilər rəsmi elan olunduqdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib. Nəzərdə tutulan bütün layihələr və tədbirlər Təqvim planına uyğun reallaşdırılıb.

Səsvermə prosesinə 24 saat qalmış təbliğat-təşviqat kampaniyası başa çatdığından bu gün saat 08.00-dan noyabrın1-i saat 08.00-ə qədər sükut günüdür. Ölkə vətəndaşları üçün səsvermə noyabrın 1-i səhər saat 08:00-dan axşam 19:00-dək davam edəcək. Xarici ölkələrdə yaşayan vətəndaşlar Azərbaycan həmin ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəliklərində səs verə biləcəklər. Seçkilərə nəzarət üçün 5.415 seçki komissiyası fəaliyyət göstərəcək. Müxtəlif partiyaları təmsil edən 768 namizəd 125 yer uğrunda mübarizə aparacaq. Builki seçkilərdə siyasi partiyaların namizədlərinin sayının əvvəlki seçkilərlə müqayisədə azlıq təşkil edir.

Bu da siyasi partiyaların qarşıdan gələn seçkilərdə daha zəif iştirakı ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 1 noyabr parlament seçkilərində 1246 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin qeydiyyat mərhələsi oktyabrın 9-da başa çatıb. Həmin vaxt qeydə alınanların sayı 1234 nəfər olub. Namizədliklərini geri götürənlər çıxıldıqdan sonra hazırda 767 namizəd seçki kampaniyasını davam etdirir. Qeydə alınmış namizədlərdən 208 nəfəri siyasi partiyalar və ictimai birliklərin, ictimai fəal qrupların təmsilçiləridir. Yalnız YAP-ın namizədləri 60-dan çox dairədə qeydə alınıb. 16 siyasi partiya və bir seçki blokunun namizədləri seçki kampaniyasında iştirak edir.

Namizədlərin narazılığı əsasən İctimai Televiziyanın seçki təşviqatı prosesində iştirak etmək imkanlarının olmaması ilə bağlıdır. Lakin İctimai Televiziyaya ödənişsiz efir vaxtından namizədlərə istifadə imkanı yaratmaması Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Çünki Seçki Məcəlləsinə görə yalnız 60 Seçki Dairəsində namizədləri qeydə alınan siyasi partiya və bloklar ödənişsiz efir vaxtından istifadə edə bilər. Ölkədə isə yalnız Yeni Azərbaycan Partiyasının bu sayda namizədi var. YAP isə könüllü şəkildə bu imkandan imtina edib.

Digər siyasi partiya və blokların qeydə alınan namizədlərinin sayı çox az olduğundan, Seçki Məcəlləsinə görə ödənişsiz efir vaxtı ilə təmin oluna bilməzlər. Ödənişli efir vaxtı isə namizədlər üçün açıqdır. İstənilən namizəd bu imkandan faydalana bilər. Bəzi namizədlər isə ödənişli efir vaxtının qiymətinin çox olduğunu nəzərə alaraq, bundan istifadə etmirlər. Noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 605 müşahidəçi qeydiyyatdan keçib. Onlar MSK-da qeydiyyatdan keçib və bütün ölkə üzrə müşahidə aparmaq səlahiyyətindədir. 55240 müşahidəçi isə Dairə Seçki Komissiyalarında qeydə alınıb. Bundan əlavə seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 27 beynəlxalq təşkilatdan 426 müşahidəçi qeydə alınıb. Bu müşahidəçilər ümumilikdə 42 ölkəni təmsil edir.





Həftənin ən çox oxunanları