Yuxarı

Kremlin SSRİ-ni diriltmək çabaları

Kremlin SSRİ-ni diriltmək çabaları

QabilQabil Hüseynli: “Qərb buna mane olacaq”

“SSRİ-nin dağılmasının səbəbi prokurorluq tərəfindən araşdırılmalıdır”. Bu tələblə rusiyalı deputat Yevgeni Fedorov çıxış edib. O, baş prokuror Yuri Çaykaya müraciət edərək, SSRİ-nin dağılması səbəblərini, qərarın legitimliyi və qanunauyğunluğunu araşdırmağı tələb edib. Həmçinin SSRİ-nin dağılmasında günahkar olanların cəzalandırılmasını istəyib. Fedorovdan əvvəl Rusiya Liberal - Demokrat Partiyasının lideri Vladimir Jirinovski SSRİ-ni dağıtmaqda ittiham etdiyi Mixail Qorbaçovu məhkəməyə verib.

Paralel olaraq, hakim Vahid Rusiya Partiyasından olan bir qrup deputat Sovet İttifaqının dağılması prosesinin araşdırılmasını və bu işdə məsuliyyət daşıyan şəxslərin hüquqi yolla cəzalandırılmasını tələb ediblər. Siyasi analitik və qərbli diplomatlar, Kremlə yaxın siyasətçilər tərəfindən SSRİ-nin dağılmasının araşdırılmasının hüquq müstəvisinə çıxarılmasının Putin administrasiyasının Sovet İttifaqını yenidən qurmaq istəyindən doğduğunu iddia edirlər.

Obama: “Putin Sovet imperiyasını diriltmək istəyir”

ABŞ prezidenti Barak Obama iyunun 15-də etdiyi çıxışında rusiyalı həmkarı Vladimir Putinin Sovet imperiyasını yenidən canlandırmaq istədyini bildirdi. Obama buna görə, Kreml başçısının Rusiya iqtisadiyyatını xarabalığa çevirdiyini dedi: “Putinin ambisiyası Rusiyanı dünyadan təcrid edib. Onun məqsədləri ətraf dövlətlərin suverenliyi və təhlükəsizliyinə təhdiddir. Rusiyanın bu davranışı daha çox özünə zərər verir”.

Krımın ilhaqının rəmzi mənası

“Bizi təhdid edirlər. Rusiyanı küncə sıxışdırmağa çalışırlar. SSRİ-dən qoparılan Krımın yenidən Rusiyaya birləşdirilməsinə haqq qazandırmaq istəmirlər”. Putinin dilindən səsləndirilmiş bu fikirlər Kreml başçısının imperiya ambisiyasının göstəricisidir. O, Ukrayna ilə yanaşı, digər keçmiş Sovet respublikalarının “Rusiyanın ərazi tərkibi”nə daxil olduğuna inanır. 2014-cü ildəki çıxışlarından birində Putin bunu açıq formada etiraf etdi. Beləliklə, keçmiş KQB zabiti olan Putinin uzaq hədəfi dağılmasını “XX əsrin ən böyük faciəsi” adlandırdığı SSRİ-ni diriltməkdir. Krımın Rusiyaya ilhaq edilməsinin rəmzi mənası vardı. Çar Rusiyasında çarların bir qayda olaraq rəsmi dövlət sarayı hesab edilən “Georgiyevski salonu” Krımda yerləşir. Bu, Putinin təkcə SSRİ-nin yox, Çar Rusiyasının təbəəsi olmuş dövlətləri yenidən imperiya çətiri altında bir araya toplamaq niyyətinin ifadəsidir. Sovet İttifaqının tənəzzülündən sonra silsilə formada Azərbaycan (Dağlıq Qarabağ), Gürcüstan (Abxaziya və Cənubi Osetiya) və Moldovada (Transdnestr) reallaşdırılan rus işğalları bu strategiyanın tərkib hissəsidir. Kreml hədəfə aldığı dövlətləri “yaralayaraq” onları daha asanlıqla “siyasi tələ”yə salacağına inanır.

Kiyevlə Lenin arasında danışıqlar Krımda aparılmışdı

1917-ci ildə bolşevik inqilabıyla dağılan Rusiya imperiyasının əsası IX əsrdə Kiyevdə qoyulmuşdu. 1917-ci ildə Sovet İttifaqının qurulması üçün kommunistlərin işğal etdiyi ilk ölkə də Ukrayna idi. Ukraynanın SSRİ-nin ərazi vahidinə daxil olması üçün rəsmi Kiyevlə Lenin arasında danışıqlar Krımda aparılmışdı. Yeltsin Sovet imperiyasının dağılmasını da Ukrayna ilə rəsmiləşdirdi. Yəni, Putin Rusiya imperiyasının zaman-zaman süqut etdiyi və diriltdiyi ölkədən özünün yeni Sovet xəyalını reallaşdırmağa çalışır. Şübhəsiz, Krımın ilhaqıyla yanaşı, Avrasiya İttifaqı və Gömrük Birliyinin qurulması Kreml başçısının bu planının icrasına xidmət edir. Hələlik layihələrə Belarus, Qazaxıstan, Ermənistan və müəyyən qədər Tacikistandan isti münasibət var. Putin digər keçmiş Sovet respublikalarının öz istəkləri ilə bu birliklərə qoşulmalarını gözləyir. Əks halda isə əlindəki təzyiq rıçaqlarını işə salmaqla bu, işin öhdəsindən gəlməyi düşünə bilər. Çünki rusların eqoist lideri hədəfləri ilə güc dilində danışmağı sevir. O, heç vaxt bu yolda diplomatiyanın incə özəlliklərinə istinad etməyib. Sadə diplomatik addımlarla həll ediləcək məsələlərə belə kobud dillə cavab verir.

Fedorov: “Birliyin qurulması ancaq Rusiya rəhbərliyinin tabeliyində mümkündür”

Putinin SSRİ-ni diriltmək yolunda üz tutduğu avrasiyaçılıq ideologiyası Avropa və Asiya qitələrinin bir ittifaq daxilində birləşməsini müdafiə edir. Bu, Sovet İttifaqının ən yüksək inkişaf səviyyəsində olduğu dövrlərdə Moskva tərəfindən rus imperiyasını müdafiə vasitəsi kimi irəli çəkilirdi. Putin Sovet rejimlərinə məxsus bu köhnə ideologiyaya qayıtmaqla bütün Avrasiya dövlətlərini öz orbitinə çevirməyi planlaşdırır. Avrasiyaçılıq ideologiyasının tanınmış nümayəndələrindən olan Vladimir Fedorov bu barədə deyir: “Avrasiya Dövlətləri Birliyi ancaq Avrasiyanın milli dövlətlərinin birləşməsiylə yarana bilər. Bu birliyin qurulması ancaq Rusiya rəhbərliyinin tabeliyində mümkündür”.

Duqin: “Avrasiya dövlətləri ABŞ-a qarşı birləşməlidirlər”

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyir: “Avrasiya İmperiyası müstəqil Avrasiya ölkələrinin azad iradəsilə, çoxqütblü dünyanın bir qütbünü meydana gətirəcək ittifaq kimi qəbul oluna bilər. Lakin bu çarlıq və kommunizm kimi başa düşülməməlidir. Bu, orijinal avrasiyaçılıq fəlsəfəsinə sahib olan tamamilə yeni bir proyektdir”. “Avrasiyanın sirri” adlı kitabında Duqin həmçinin Rusiya, Şimali Koreya, Yaponiya, Hindistan, Ərəb ölkələri və Avropanın Avrasiya İttifaqı adı altında birləşərək, ABŞ-a qarşı cəbhə açmalarını müdafiə edir. SSRİ-nin çökməsindən sonra sonra Kreml Rusiya üçün əsas təhlükənin liberalizmdən, yəni Qərbdən gəldiyini düşünməyə başladı. Putin hakimiyyətə gəlməsiylə isə, Rusiyanı nasional-bolşevizmdən avrasiyaçılıq hərəkatının içinə atdı. Nəticədə federasiyada siyasi vəziyyət dəyişdi. Duqinə görə, əslində, nasional-bolşevizm elə avrasiyaçılıq hərəkatının özüdür, sadəcə adı dəyişib. Geosiyasətdə bu, “Putin sekretariyasının anti-Amerika ruhu” adlanır.

“Rusiyanın SSRİ-ni bərpa etmək istədiyi mübahisə olunmayan fenomendir”

Politoloq Qabil Hüseynli hesab edir ki, Rusiyanın SSRİ-ni bərpa etmək istədiyi mübahisə olunmayan fenomendir. Q.Hüseynli Kremlin bu cəhdində uğur qazana bilməyəcəyini deyib: “Beynəlxalq mühit sürətli fəallıq və mübadilələrlə dəyişir. Bir dövlətin atmaq istədiyi addımları, digər dövlət əvvəldən planlaşdırır və dərhal reaksiya verir. Beynəlxalq siyasi sistemdə belə bir anlayış var: “Şərqi Avropaya hakim olan Avrasiyaya, Avrasiyaya hakim olan da dünyaya hakim olacaq”. Buna görə, Qərb Rusiyaya SSRİ-ni diriltməyə mane olacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları