Yuxarı

“Qarabağ Zəngəzur və Göyçənin taleyini yaşaya bilər”

“Qarabağ Zəngəzur və Göyçənin taleyini yaşaya bilər”

[caption id="attachment_1311" align="alignleft" width="400"]uzeyir ceferov Üzeyir Cəfərov: “Minsk Qrupuna daxil olan dövlətlərin münaqişəyə baxışlarında xristian təəssübkeşliyi var”[/caption]

Rusiya, ABŞ və Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə fərdi yanaşma qaydaları eyni siyasi proqramın mövzusudur. Yəni, tərəflərdən hər biri ayrı-ayrılıqda öz maraqları və şərtləri daxilində problemin həllində maraqlıdır. Xüsusilə Rusiyanın 21 illik dəyişməz mövqeyinə görə, həllə doğru bir addım belə yol qət edilməyib. Ermənistan-Azərbaycan sərhədində və cəbhə xəttində vəziyyət pik həddə gərginləşən kimi Rusiya Gümrüdəki hərbi bazasında təlimlərə başlayır. Moskva bunu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasıyla əlaqələndirir və bu təşkilatın öhdəlikləri daxilində müharibə vəziyyətində Ermənistana dəstək verəcəyini bildirir.

Putin administrasiyası Dağlıq Qarabağın geri qaytarılmasıyla Azərbaycanı tamamilə itirəcəyi şübhəsinə görə, münaqişəyə münasibətdə bölgədə “idarəolunan xaos nəzəriyyəsi”ni izləyir. Bütün çılpaqlığıyla ortada olan həqiqət isə Rusiya - Ermənistan blokunun Azərbaycan torpaqlarını işğal etməsidir. Rusiya Ermənistanı işğal altında olan ərazilərdən çıxmağa məcbur etmədikcə, müharibə təhlükəsi və xaos Cənubi Qafqazı tərk etməyəcək. Beləliklə, Azərbaycan və Gürcüstan üzərində regiona nəzarət üçün istədiyi postları qura bilməyən Rusiyanın Cənubi Qafqazda yeganə forpostu olan Ermənistan lehinə olan mövqeyi həll prosesini gecikdirir. Qərbin isə münaqişənin həllinin Rusiyadan asılı olması faktına görə, məsələyə nəzəri yanaşması, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin şərtlərini yerinə yetirməməsində özünü göstərir. Azərbaycanın hərb yolu ilə torpaqları geri qaytarmaq mesajına Qərb bölgədə sabitliyi dəstəklədiyini bildirir. Əraziləri işğal altında olan Azərbaycan da həll üçün 21 ildir Rusiya və Qərb arasında tarazlıq axtarır.  Dağlıq Qarabağ münaqişəsi son həftələr gündəmdən düşmüş kimi görünür. Problem ara-sıra Rusiya tərəfindən Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsi gündəmdə qabardılan kimi yada düşür. Münaqişənin adının bu məsələnin müzakirəsində hallanması təsadüfi deyil. Çünki rəsmi Bakı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Ermənistanla eyni qurumda inteqrasiya şəraitində əlaqələr qura biləcəyi mövqeyini paylaşır.

“Son qərar Bakıda veriləcək”

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə bildirdi ki, münaqişənin həllində Rusiyaya etibar etmək doğru deyil. Həll prosesinin uzanmasında Kremlin məsuliyyət daşıdığını deyən Ü.Cəfərovun sözlərinə görə, Rusiyanın marağında olsaydı, problem çoxdan həll olunmuş və milyonlarla insan öz normal yaşam tərzini bərpa etmişdi: “Amma təəssüflər olsun ki, Rusiya bu gün də Ermənistanı öz himayəsində bəsləyir. Zaman-zaman Dağlıq Qarabağ münaqişəsinə dair vəziyyəti Rusiya alovlandırıb, bəzi vaxt da bu cür proseslərin qarşısını alıb. Sentyabr və 2014-cü ilin avqustunda baş verən hadisələr göstərdi ki, proses bir mərkəzdən idarə olunur.

Problem indiki vəziyyətdə gündəmdən çıxmış kimi görünsə də, Minsk Qrupu həmsədrləri aktivlik nümayiş etdirməyə çalışırlar. Həmsədrlər prezidentlərin görüşünü təşkil etmək istəyirlər. Bu məsələdə pessimistəm. Çünki belə görüşlərin sayı hədsiz çox olub və nəticə yoxdur. Lakin məsələni Azərbaycan həll edəcək. Torpaqların azad olunmasıyla bağlı, son qərar hanısa ölkədə, kimsə tərəfindən yox, Bakıda veriləcək”.

- “Uzun illərdir münaqişə həll edilməmiş qalır. Həll üçün üz tutulan bütün yollar nəticə vermir. Sizcə, münaqişənin həlli yolu nədən keçir, hansı variantla nəticə mümkün ola bilər?”

Üzeyir Cəfərov: “Danışıqlar limiti başa çatır. Azərbaycan sonsuza qədər dialoqu davam etdirmək niyyətində deyil. Ölkənin siyasi və hərbi rəhbərliyi anlayır ki, həmsədrlərə kifayət qədər vaxt verilib, prezidentlərin də saysız görüşləri keçirilib, aparıcı dövlətlər - ABŞ, Fransa və Rusiya da səy göstəriblər. Lakin BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü olan dövlət Ermənistanın qeyd-şərtsiz Azərbaycan torpaqlarını azad etməsi barədə 4 qətnamənin şərtlərini yerinə yetirməsinə nail ola bilmədilər. Əsas güc buna görə, Azərbaycan əsgərinin üzərinə düşür. Müdafiə naziri Zakir Həsənov son günlərdə həm cəbhə bölgəsində keçirilən təlimlərdə, həm də hərbi qulluqçuların sosial yönümlü işlərində bir neçə dəfə bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ali baş komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır. Hesab edirəm ki, torpaqlar gec-tez Azərbaycan əsgərinin gücü və səyilə azad olunacaq. Bu istiqamətdə bütün işlər görülür”.

“Böyük fəlakətlə üzləşə bilərik”

Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan hakimiyyəti ATƏT-in Minsk Qrupunun həmsdərlərinə, məsələnin həlli ilə məşğul olan aparıcı dövlətlərə konkret vaxt müəyyənləşdirməlidir ki, Dağlıq Qarabağla bağlı tutarlı addımlar atılsın: “Çünki indiyədək nəticənin olmasını gözləmişik. Amma Rusiya Ermənistanı silahlandırır və bu ölkəyə dəstək olur. Minsk Qrupuna daxil olan dövlətlərin də münaqişəyə baxışlarında xristian təəssübkeşliyi var. Həmin dövlətlərdən Azərbaycanla yanaşı, qardaş Türkiyəyə də xoş niyyət hiss edilmir. Azərbaycan danışıqlar və sülh prosesinə sadiqdir. Hakimiyyət başa düşür ki, bu məsələ sonsuzluğa qədər belə davam etsə, biz böyük fəlakətlə üzləşə bilərik. Fəlakətin adı odur ki, vəziyyət uzun illər belə davam etsə, Dağlıq Qarabağ da Zəngəzur və Göyçənin taleyini yaşaya bilər, müəyyən müddətdən sonra münaqişəni gündəlikdən tamamilə çıxara bilərlər. Bu təhlükə var və bunu diqqətdən qaçırmamalıyıq

- “Uzun müddət Azərbaycan, Türkiyə və Rusiya mediasının gündəmində Qarabağətrafı 7 rayonun geri qaytarılması məsələsi müzakirə olundu. Politoloq və mütəxəssislər əminliklə tezliklə həmin rayonların azad olunacağını bildirdilər. Nə oldu, o məsələ?”

Üzeyir Cəfərov: “Proseslər onu göstərirdi ki, Birinci Avropa Oyunlarından sonra Azərbaycan kəskin mövqeyini ortaya qoyacaq. Lakin Azərbaycan səbr nümayiş etdirir. Amma bu səbrin də bir həddi var və bu, bir nöqtəyə qədər davam edə bilər. Optimistəm, çünki siyasi və geosiyasi proseslər Azərbaycanın istəyinə uyğun inkişaf edir. Amma bunun nə zaman aktiv fazaya keçəcəyini deyə bilmərəm, çünki bu qərarı siyasi rəhbərlik qəbul edir. Yəqin ki, qərarın nə zaman veriləcəyi yaxın vaxtlarda bilinəcək”. Ekspert qeyd edib ki, işğal prosesi davam etdikcə, bölgədə müharibə riski olacaq. Ü.Cəfərovun sözlərinə görə, münaqişə ədalətli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini tapmadıqca, müharibə təhlükəsi davam edəcək: “Biz özümüzü buna mənəvi, fiziki və hüquqi cəhətdən hazırlamalıyıq”.

Mənsur





Həftənin ən çox oxunanları