Yuxarı

Urmu gölü və İran-Ermənistan “əməkdaşlığı”

Urmu gölü və İran-Ermənistan “əməkdaşlığı”

[caption id="attachment_2658" align="alignleft" width="377"]Ferec quliyev Fərəc Quliyev: “İran Ermənistan üçün həmişə nəfəslik olub”[/caption]

Urmu gölünün qurumasının qarşısının alınması istiqamətində İran hökuməti ciddi nəticələr əldə etməyib. Göl üçün ciddi problemlər davam edir və ekspertlər də bildirirlər ki, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.  Qeyd edək ki, Yol və Şəhərsalma naziri Piruz Hənaçı bir müddət əvvəl bildirmişdi ki, Urmiya gölünün quruma məsələsi koordinasiya məsələsində ciddi problemlərlə bağlıdır.  P.Hənayi vurğulayıb ki, bu fərqli yanaşmalar Urmu gölünün böhranına yol açıb və bunun nəticəsində Urmu gölünə axan çaylar üzərində 44 bənd tikilib. Ona görə də bugünkü böhran həmin zidiyyətli baxışların məhsulu sayılır.

Xatırladaq ki, dünyanın ikinci böyük duzlu gölü olan Urmu gölünün artıq 95 faizi quruyub. Bir çox ekspert gölün qurumasını gölə axan çaylar üzərində inşa edilən bəndlərlə əlaqələndirir. Dövlət isə bu zəmində heç bir konkret səbəb göstərmir və gölün canlandırılması ilə bağlı ən kiçik layihə belə həyata keçirilmir. Onu da əlavə edək ki, son zamanlar Urmu gölündə su səviyyəsinin yüksəlməsi ilə bağlı müxtəlif xəbərlər yayılıb. Ölkə rəsmilərinə istinadən yayılan xəbərlərdə bu il su səviyyəsinin 10 santimetrə qədər yüksəldiyi barədə məlumat yayılıb. “world view” saytında yayılan görüntülər isə Urmu gölü ilə bağlı iddiaların nəinki doğru olmadığı, hətta onun tərsini göstərir. Havadan çəkilən görüntülər Urmu gölünün son bir ildə (2014-cü il oktyabrın 23-dən 2015-ci il oktyabrın 23-dək) vəziyyətini göstərərək su səviyyəsinin daha da düşdüyünə dəlalət edir. Daha bir maraqlı məqam isə problemin həlli istiqamətində İranın Ermənistanla əməkdaşlıq etməsidir. İranın bu  addımı nə qədər əsaslıdır, coğrafi şərtlər Urmiya gölü məsələsində İranla Ermənistan arasında əməkdaşlığa nə qədər  əsas verir və bu, zəruridirmi?

“İran Ermənistan üçün bir nəfəslik olub”

Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) sədri, millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə bildirdi ki, burada təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, İran mütəmadi olaraq bu tipli addımlar atır və həmişə Ermənistanın yanında olub: “İran Ermənistan üçün bir nəfəslik olub. Ertmənistan hər tərəfdən blokadada olduğu vəziyyətdə İran bu ölkəyə qapılarını açıb və fantastik dərəcədə yardımlar edib. Ermənistan Azərbaycan ərazilərini talan edib və əldə etdiklərini İran ərazisindən daşıyıb aparıb. Bütün dünya kimi İran da yaxşı bilir ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. Amma özünü müsəlman dünyasında aparıcı ölkələrdən biri elan edən İran nədənsə bir dəfə də olsun bu məsələlərlə bağlı Ermənistana irad bildirməyib, sanksiya tətbiq etməyib. Özünü islam təəssübkeşi kimi təqdim edən bir ölkənin bu cür davranışları bizdə həmişə təəccüb doğurub. Bu onu göstərir ki, İran şimali Azərbaycanın zəifləməsində həmişə maraqlı olub, indi də maraqlıdır”.

Demoqrafik dəyişiklik planı

Millət vəkili əlavə etdi ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün tədbirlərin görülməsi ilə əlaqədar BMT-nin və İranda yaşayan azərbaycanlı millət vəkillərinin də fikirləri var və bununla bağlı dəfələrlə məsələ qaldırıblar: “Amma İranın Urmiyanı xilas etmək kimi bir düşüncəsi, planı yoxdur. Əksinə onlar Urmiya gölünü qurutmaq demoqrafik dəyişiklik etmək, əhalinin köçməsini istəyirlər. Bundan sonra isə fərqli etnosun o ərazilərdə yerlşdirilməsini təmin etməyə çalışırlar.

Azərbaycan ərazilərində ekoloji tarazlığı pozmaqla orada  yaşayan azərbaycanlıları İranın daxilinə köçürüb assimilyasiyaya məruz qoymağı planlaşdırırlar. Mən hesab edirəm ki, bu cür planlarda İran Ermənistanla əməkdaşlıq etməkdə maraqlı olar.  Ermənistan bizimlə düşmən dövlətdir və İranın bu ölkə ilə əməkdaşlığı təbii ki, Azərbaycanla münasibətlərə kölgə sala bilər. Biz, Pakistan və Türkiyə kimi müsəlman ölkələri ilə olan qardaşlıq bağımızı daha da gücləndirməliyik. İran kimi dövlətlərlə bu formatda münasibətlər aydındır və təbii ki, bu addım Azərbaycan-İran əlaqələrinə mənfi təsir edəcək”.

“İran separatçı rejimi dəstəkləməkdən əl çəkməlidir”

Millət vəkili Rövşən Rzayev isə “çox istərdim ki,  Urmiya gölünün qurumasının qarşısı alınsın”,- deyə bildirib: “Çünki təbiətdə çox vacib bir hal odur ki, göllərin, çayların heç biri qurumasın. Onsuz da təbii fəlakətlər nəticəsində müəyyən qədər su azalır. Artıq su problemi mövcuddur və bunun qarşısını almaq çox vacibdir”. Onun sözlərinə görə, Ermənistanın separatçı rejiminin dəstəklənməsi, rəsmi İrəvan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması faktı gərək bizim qonşu dövlətlərin hamısının diqqəti çərçivəsində olsun: “Ümumiyyətlə, bu kimi rejimlərə dəstək vermək heç də yaxşı hal deyil. Azərbaycanın İranla tarixi və çox müsbət münasibətləri var. Təbii ki, İran Ermənistanın bugünkü separatçı rejimini dəstəkləməkdən əl çəkməlidir”.

Xoş olmayan jest

“Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğuladı ki, əgər Tehran həqiqətən də Urmiya gölü ilə bağlı Azərbaycana deyil, Ermənistana müraciət edibsə, bu ölkəmizə qarşı xoş olmayan jestdir: “Çünki, Urmiya gölünün ağır ekoloji durumundan Naxçıvan da zərər görə bilər. Həm də bu məsələdə Azərbaycan İrana əl tuta bilər. Ermənistanın Urmiya gölünün ekoloji faciədən qurtarması üçün nə siyasi marağı, nə də gərəkən maliyyəsi var”. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə diqqətə çatdırdı ki, İranın Ermənistanla əməkdaşlıq etməsi yeni məsələ deyil. Onun sözlərinə görə, bunun çox qədim tarixi var: “Ermənistanın İranla əməkdaşlığı Rusiya üzərindən qurulub. Amma burada da təəccüblü heç nə yoxdur.

Çünki 25 ildən artıqdır ki, Qarabağ işğal altındadır, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, amma İran bir gün də olsun belə Ermənistana qarşı sanksiya tətbiq etməyib, hər hansı bir təsiri olmayıb. Bu ölkə Ermənistanla əlaqələrini kəsməyib, əksinə inkişaf etdirib. Təkcə Türkiyə Qarabağı işğal etdyinə görə, Ermənistanla sərhədlərini bağlayıb. Bu da İranın növbəti “əməkdaşlığı”dır. Urmiya gölü ilə bağlı İranın Ermənistanla əməkdaşlığa ehtiyacı varmı ümumiyyətlə? Ermənistan da İran kimi, Urmiya gölünün tamamilə qurumasını istəyər. Elə Urmiyanın qurumasının səbəbkarı İranın özüdür”.

Cavad





Həftənin ən çox oxunanları