Yuxarı

Azərbaycan  Xəzərdə hərbi təlim keçirəcək

Azərbaycan  Xəzərdə hərbi təlim keçirəcək

deniz Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcəklər. ANS PRESS-in məlumatına görə, bu məsələ Qazaxıstanın paytaxtı Astanada bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetov və Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təkbətək görüşündən sonra keçirilən geniş tərkibli görüşdə müzakirə olunub. İki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığı vurğulanan görüşdə hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəldilməsinin vacib olduğu qeyd edilib.

"Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur”, - deyə Qazaxıstanın müdafiə naziri bildirib. Buna cavab olaraq Azərbaycan müdafiə naziri bildirib ki, Azərbaycan birgə təlimlərin keçirilməsinə hazırdır. "Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər”, - deyə Zakir Həsənov vurğulayıb.

Görüş zamanı Qazaxıstan tərəfi Azərbaycanı gələn il Astanada keçiriləcək “KADEKS-2016” Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib. “Ümid edirəm ki, bu sərgidə iştirakınız ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafına əlavə təkan verəcəkdir”, - deyərək İ.Tasmaqambetov əlavə edib. Görüşdə, ölkələrimiz arasında mövcud əlaqələrin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığına xüsusi diqqət yetirilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi də aparılıb.

Yekunda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb. Müdafiə naziri Zakir Həsənovun Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.