Yuxarı

“Siyasi məhbuslar azad olunmalıdır”

“Siyasi məhbuslar azad olunmalıdır”

rafiqRafiq Daşdəmirli: “Hökumət siyasi islahatları sürətləndirməlidir”

“Güclü bir müxalifət partiyası yaradırıq”

Milli Azadlıq Hərəkatının fəallarından biri, AXCP funksioneri Rafiq Daşdəmirli bu günlərdə Gürcüstan Respublikasından qayıdıb. Onunla söhbətimizdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, son parlament seçkiləri və digər məsələlərdən danışdıq.

- Rafiq bəy, bu günlərdə Borçalıda olmusuz. Borçalı türklərinin durumu necədir? Təhsil, torpaq və digər problemlərin həlli istiqamətində addımlar atılırmı?

- Borçalıda vəziyyət çox ağrılıdır. Mən demirəm ki, tək azərbaycanlıların vəziyyəti pisdir. Gürcülərin də durumu ürəkaçan deyil. Gürcüstan mürəkkəb geosiyasi məkanda yerləşir.  Orada Rusiya, Avropa, Türkiyə, Amerika amili var... Borçalı Azərbaycan türklərinin kompakt yaşadığı, daim əkinçiliklə, maldarlıqla məşğul olan bölgədir. İşsizlik Borçalının çox ağrılı problemidir. Kəndlərdə əhali azalır. İnsanlar iş, çörək dalınca Rusiyaya, Azərbaycana köçürlər. Bir məclis keçirəndə bəzən işə buyurmağa cavan tapmırsan. Ancaq Azərbaycandan Gürcüstana qayıdış halları da var. Bu, yəqin ki, Gürcüstanda olan qayda-qanunla,  dövlətin sosial qərarları ilə bağlıdır. Borçalı insanının vəziyyəti Azərbaycanın durumundan asılıdır. Borçalı Azərbaycandan böyük dəstək gözləyir. Yaxşı ki, bizim deputatlar Borçalıya gedib camaatla görüşür, onların dərdlərini dinləyirlər. Ancaq bu da davamlı deyil. Gərək Borçalıda vəziyyət elə olsun ki,  camaat öz torpaqlarını tərk etməsin. Geri qayıtmaq məsələsində isə böyük problemlər var.  Azərbaycan hökuməti bu məsələni həll etsə, daha yaxşı olar. Borçalıda qaz problemi demək olar ki, həll olunub. Yolların bərpasında irəliləyiş var. Ancaq işsizlik problemi ilə bağlı ciddi irəliləyiş yoxdur. Təhsil problemləri də olduğu kimi qalır. Məktəbə gedənlərin sayı azalır. Məsələn, əvvəllər  bir məktəbdə 4 sinif, hər sinifdə 30 şagird olurdusa, indi bir məktəbdə bir sinif güclə yığılır. Hər sinifdə də 10-11 şagird. Yaxşı olardı ki, bizim Təhsil Nazirliyi bu məsələyə qarışsın və müəyyən işlər görsün. Bir məsələ sevindiricidir ki, azərbaycanlılara gürcü dilini pulsuz öyrədirlər, ali məktəblərə qəbul edirlər... Bir ağrılı məqam da var. Borçalıda azərbaycanlılar Gürcüstan ali məktəblərinə daxil olurlar, 1 il gürcü dilini keçirlər, imtahansız qəbul olunurlar və pul ödəyirlər. Daha sonra təhsilin vaxtını artırırlar ki, yaşları 35 olsun hərbi xidmətə getməsinlər. Bu, ağrılı problemdir. Vətəni qorumaq hər kəsin borcudur. Təhsildə müəllimlərin maaşı bura nisbətən az olsa da, müəllimlər çoxdur. Dərs keçirlər, gürcü dilini yaxşı bilirlər. Ümumiyyətlə, orada gürcü dilini bilirsənsə, iş tapmaq daha asandır. Hər zaman gürcülərlə bizim aramızda dostluq münasibətləri olub. Ancaq buna baxmayaraq, gərək gürcülər də bizə qarşı bir doğmalıq hiss etsinlər. İndi Gürcüstanda da parlament seçkiləri keçirilir, bizdən fərqli olaraq orada əhalidə fəallıq daha yaxşıdır.  Borçalının vəziyyəti Azərbaycandan asılıdır. Burda vəziyyət nə qədər yaxşı olsa, Borçalıda da vəziyyət o qədər yaxşı olacaq.

- Azərbaycan dilində tədris tam  aradan qaldırılıbmı?

- Həftədə bir saat gürcü dili tədris olunurdu, indi hər gün bütün məktəblərdə bir saat gürcü dili tədris olunur.  Kurslar təşkil olunur, gürcü dili öyrədilir. Problemli məsələ odur ki, Azərbaycan tarixi orada pis tədris olunur. Gənc savadlı müəllimlərin Borçalıya qayıdışı təmin olunmalıdır.

- Azərbaycana qayıdaq. AXCP etimad qurultayını keçirdi, sədrini seçdi. Partiyada təşkilatlanma məsələsi nə yerdədir və Ali Məclisin iclasını nə zaman keçirməyi planlaşdırırsız?

-Təşkilatlanma bir günün işi deyil, prosesi davam etdirəcəyik.  Partiyada təşkilatı işlər uğurla davam edir. 57 rayon şöbəmiz tam yaranıb,  çalışacağıq ki, qalan rayonlarda da şöbələri bərpa edək. Bu gün də bizə qoşulmağa gələnlər var. Partiya quruculuğuna önəm veririk, toplantılar keçiririk. Yaxın vaxtlarda  Ali Məclisin iclasını keçirəcəyik. Bildiyiniz kimi, AXCP sədri Razi Nurullayev iki sərəncam imzaladı, müavinlərini təyin etdi. Yəqin ki, yeni təyinatlar da olacaq. Partiya quruculuğu bir günün işi deyil, bunun üçün daim işləmək lazımdır. Yeni üzvlərin cəlb olunmasına çalışmaq, yeni potensiallı gəncləri partiyaya dəvət etmək lazımdır. Media və sosial şəbəkələrdən görünür ki, işimizi yaxşı qurmuşuq. Çalışırıq ki, partiya tam gücüylə fəaliyyət göstərsin. Güclü bir müxalifət partiyasına çevrilirik.

- AXCP-yə gələnlər arasında ən çox hansı kateqoriyaya aid insanlardır?

- Əlbəttə ki, gənclərin axını daha çoxdur. Gənclərin partiyaya gəlişi sevindirici haldır, ancaq ziyalıların olması da vacibdir. AXCP-yə üzv olmaq üçün bizə müraciət edən ziyalılar, iqtisadçılar, universitet müəllimləri var. Çağırış edirəm ki, ziyalılar mübarizədən çəkinməsinlər, AXCP-yə qoşulsunlar. Ancaq gənclərə daha çox önəm verirəm. İndiki dövrdə uğura gəncliyə önəm verən  partiya nail olacaq.

- AXCP müxalifət partiyasıdır. Müxalifətin hansı blokları ilə əməkdaşlıq edəcəksiz?

- Biz çalışırıq ki, bütün müxalifət partiyaları ilə əməkdaşlıq edək. Bizim heç bir partiyaya qarşı qərəzimiz yoxdur. Hətta bizə qarşı pis mövqedə olan partiyalarla belə  səmimi münasibətdə olmaq istəyirik. Bizim qapımız hər kəs üçün açıqdır, kim bizə qucaq açır, biz də ona qucaq açacağıq.

- Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

- Əvvəla parlament seçkilərinin bu cür keçirilməsinin günahı tək iqtidarda olmadı, həm də müxalifətdə oldu. İqtidar bundan istifadə edərək seçkilərdə öz şousunu göstərdi. Bu seçki olmadı, bu bir şou oldu. Müxalifət seçkilərdə aktiv iştirak etməməklə, güclü bloklar formasında fəaliyyət göstərməməklə iqtidara bir şans verdi, iqtidar da bu şansdan maksimum istifadə edib istədiyini etdi. Mən ümumiyyətlə, boykot qərarı ilə razı deyiləm, hər bir seçkidə iştirak etmək lazımdır. Heç nə olmasa da, seçkidə olan qanunsuzluqları göstərmək lazımdır. İlk baxımdan görünür ki, normal seçki keçirilir, hər şey qaydasındadır. Texniki işlər ən yüksək səviyyədədir. Ancaq seçkidə gedən oyunlara baxanda görürsən ki,  saxtakarlıq yüksək səviyyədədir. Probem namizədliyin qeydə alınmasında başlandı.  İcra Hakimiyyəti və digər qurumlar çalışırdılar ki, namizədlər öz adamları olsun. Niyə belə alındı?  Çünki alternativ mübarizə yox idi. Alternativ mübarizə olmayan yerdə isə nə istəsən etmək olar. Mən öz qeydiyyatda olduğum dairədəki namizədlərin hamısını tanıyırdım. Hər biri mübarizə apardılar, görüşlər keçirdilər, təbliğat apardılar, ancaq alternativ qüvvə olmayanda bunların hamısı nəticəsiz qalır. Orda seçim xalqın olmur. Bu seçkini hakimiyyət xalqın əllindən aldı. Deputatları xalq seçmədi. Məntəqədə qeydiyyatda olan insanların çox az faizi seçkidə iştirak etdi. Seçkiyə gedənlər ancaq namizədlərin yaxınları oldu. Bu, əgər 200-300 nəfər də gəlsəydi, böyük bir şey olardı, o da olmadı. Seçkiyə gedən 50-60 nəfər oldu. Alternativ mübarizə olmayan yerdə seçki bu cür də olmalı idi. Seçkidə iştirak edənlər təkrar səs vermək üçün yenidən məntəqələrə qayıdırdılar. Milli Məclisin tərkibinə baxanda düşünürsən ki, insanlar niyə belə edir? 125 deputatın içində elələri var ki, beşinci dəfədir seçilir. İnsanın özündə də bir vətənpərvərlik, bir qeyrət olmalıdır ki, axı belə olmaz. Xalq, dövlət, millət naminə onlar özləri də namizədliyini geri götürməlidirlər. Parlamentə xalqa xeyir gətirə biləcək insanlar seçilməlidir.

- İran və Rusiya ilə adı hallanan bir sıra şəxslər də deputat oldular. Sizə elə gəlmirmi ki, bu, təhlükəli məqamdır?

- Bəli, o insanların parlamentə düşməsi çox narahatedicidir. Amma nə fərqi var ki, dünən başqası orda oturub maaş alırdı, bu gün bunlar oturub maaş alacaq. Onsuz da onların nəyəsə etiraz etməyə, hansısa qanunu dəyişməyə gücləri çatmayacaq.

- Buna qədər siyasi partiya institutunun məhvinə yönəlik addımlar atıldı, proporsional seçki sistemini ləğv etdilər. Bu dəfə də seçki prosesi özü gözdən salındı, formal xarakter daşıdı. Sizə elə gəlmir ki, bu, dövlətçilik üçün yaxşı hal deyil?

- Dövlət məfhumu böyük bir anlayışdı. Bunu dövləti sevənlər daha yaxşı bilirlər. Turkiyədə də parlament seçkiləri oldu,  bizdə də. Orada da eyni sayda partiyalar iştirak etdi, bizdə də. Heç kim bizdəki seçkilərlə maraqlanmırdı, hər kəsə Türkiyədə keçirilən seçkilərin nəticələri maraqlı idi. Bizdə hamı deyirdi ki, bilirik kim seçiləcək. Yaxşı olardı ki, bizdə də proporsional sistem bərpa olunsun. Partiyalar mübarizə sisteminə qoşulsunlar. Azərbaycan xalqı üçün bir yeni format üzə çıxsın, doğrudan da xalqın seçimi olsun. Bundan öncə bələdiyyə seçkilərini o qədər neqativ hallarla keçirdilər ki, bu gün “bələdiyyə” deyəndə insanlarda bir ikrah hissi yaranır. Qorxulu məqamdır ki, parlament seçkilərini də elə bir vəziyyətə gətirələr, xalq ümumiyyətlə, seçkidən imtina edə.

- Son zamanlar Azərbaycan hakimiyyətinin Qərbdən, Avropadan uzaqlaşması, Rusiya ilə yaxınlaşması hiss olunur. Xalq Hərəkatının əsas avanqardı olan bir təşkilatın nümayəndəsi kimi necə düşünürsüz, müstəqilliyə təhlükə varmı?

- Müstəqilliyin itirilməsi haqqında düşünmək belə istəmirəm! Biz hərəkatçılar bu yolda hər şeyimizi vermişik. Müstəqillik uğrunda vuruşan insanların bu günə necə əziyyətlə gəlib çatmasını görmüşük. Biz hər zaman müstəqilliyimizin yaşaması, çiçəklənməsi üçün mübarizə aparmışıq. Rusiya da daxil olmaqla, qonşu dövlətlərlə elə  siyasət aparmaq lazımdır ki, heç vaxt  müstəqilliyimizə xələl gəlməsin. Rusiya böyük dövlətdir, onunla qonşuluq siyasətimizi hər zaman yaxşı aparmalıyıq. Ancaq müstəqilliyimiz uğrunda hər hansı bir şərt irəli sürülərsə, bütün xalq müstəqilliyi qorumaq üçün ayağa qalxmalıdır. Qərb demokratiya, insan haqları istəyir. İnsanların firavan yaşamasını, insan haqlarının qorunmasını istəyir. Azərbaycan balans siyasəti yeridir ki, bu da alqışlanası məqamdır. Ancaq insan haqlarının qorunmasında, demokratik seçkilərin keçirilməsində Avropa ilə münasibətləri sıxlaşdırsaq, daha yaxşı olar. Daha yaxşı olar ki, Qərbin standartlarına uyğunlaşaq. Qərb texnologiyası rus texnologiyasından üstündür. Adi bir misal, neçə illər ruslarla birgə olmuşuq, rus texnologiyası  yaxşı olsaydı, elə sovet maşını sürərdik, niyə hər birimizi alman maşını sürürük. Demək ki,  qərbin texnologiyası, inkişafı daha üstündür. Ümumiyyətlə , Qərb standartları ilə getsək, daha güclü  dövlət qura bilərik.

- Parlament seçkiləri bitdi. Sizə elə gəmirmi ki, siyasi açılım üçün şərait yaranıb?  Yaxşı olmazmı ki, dövlət başçısı siyasi məhbusları azadlığa buraxsın, siyasi islahatları daha da sürətləndirsin?

- Hökumət siyasi islahatları sürətləndirməlidir. Çox istəyirəm ki, siyasi məhbus mövzusu ümumiyyətlə, bağlansın, siyasi məhbus problemi Azərbaycanda heç vaxt olmasın. O vəziyyəti görmüş adam kimi deyirəm, bu, çox ağrılı prosesdir. Yaxşı olardı ki, şərait də yaranıb, siyasi məhbuslar azad olunsun. Ümumiyyətlə, geniş bir aministiya olsun. Tək siyasi məhbuslar deyil, orda elə insanlar var ki, təsadüf nəticəsində zindana düşüblər, onlar da əfv olunsun. Məhbus qadınlar  azadlığa buraxılsın.

AXCP olaraq siyasi məhbus məsələsini daim diqqətdə saxlayacağıq. Bununla bağlı toplantılar keçirəcəyik. Zindanda dostlarımız var, onların azadlığına çalışacağıq. Çox istərdik ki,  İlqar Məmmədov, Tofiq Yaqublu, Seymur Həzi, Asif  Yusifli, Pərviz Həşimli azad olunsunlar. Yaxşı olardı ki, dövlət başçısı özü qərar versin və siyasi məhbusları azad etsin.

Elman Cəfərli

Vilayət Muxtar





Həftənin ən çox oxunanları