Yuxarı

Lavrov Ermənistana niyə gedib?

Lavrov Ermənistana niyə gedib?

[caption id="attachment_1259" align="alignleft" width="420"]fikret sadiqov Fikrət Sadıqov: “Rusiya bu təşəbbüsü öz əlinə almaq istəyir”[/caption]

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edib. O, səfər çərçivəsində erməni həmkarı Edvard Nalbandyanı Rusiyaya səfərə dəvət edib. Bu barədə o, İrəvanda həmkarı ilə danışıqların yekununda bildirib. Rusiyalı nazir əlavə edib ki, görüşdə, eləcə də KTMT, MDB, BMT və ATƏT meydançalarında beynəlxalq münasibətlərə dair məsələlərin geniş spektri müzakirə olunub.

Erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra mətbuata açıqlama verən S.Lavrov Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. Rusiya XİN rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səylərini davam etdirməlidir. Lavrov həmçinin bildirib ki, Ermənistan və Rusiya ciddi şəkildə bir-birinə arxalana bilər.

Pərdəarxası məqamlar

Qeyd edək ki, Lavrovun İrəvana səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra iddiaların yayılmasına da səbəb olub. Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün pərdəarxası proseslə bağlı olduğunu yazır. Söhbət Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir: "Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində isə o Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək niyyətindədir". İddiaya görə, Rusiya xarici işlər nazirinin S.Lavrovun Ermənistana səfərinin məqsədi də məhz bu idi. Ermənistanın populyar portalı "Lragir" də iddia edir ki, Lavrov Ermənistana Qarabağ münaqişəsinin həlli üçün gəlir və İrəvanın qarışısında Azərbaycanın xeyrinə tələblər qoyacaq.

“Ermənistan Rusiyanın variantını qəbul etmir”

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ümumiyyətlə, Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrovun Ermənistana səfəri bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik idi.  Mərkəz sədrinin sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ məsələsində öz variantı var: “Rusiya öz variantını qarşılıqlı kompromis kimi qiymətləndirir. Hesab edir ki, hər iki tərəf konsensus qəbul etməlidir. Hazırda Rusiyanın variantını qəbul etməyən tərəf, məhz Ermənistandır. Sergey Lavrov rəsmi İrəvanda olarkən Serj Sarkisyan və Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanla görüşdü. Yəqin ki, yaxın günlər ərzində biz Moskvadan bəyanat eşidəcəyik. Bu, prezidentlərin görüşünün keçirilməsi ilə bağlı ola bilər. S.Lavrov Ermənistanda olarkən də dedi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya aktivlik nümayiş etdirəcək".

Dağlıq Qarabağ problemi və təhlükəsizlik

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə hesab edir ki, Ermənistanın son zamanlarda iqtisadi problemlərinin artması, dekabrın 1-də keçiriləcək konstitusiya islahatı barədə referendum və digər məsələlərə diqqət etdikdə, müzakirələr əsasən iqtisadi məsələlər və Dağlıq Qarabağ problemi müstəvisində təhlükəsizlik sahələrində aparıldığını demək olar. Mərkəz sədrinin sözlərinə görə, son günlərdə Gürcüstanın enerji siyasətində dəyişiklik etməsi barədə bəyanat verərək İran təbii qazı ilə maraqlandığını bildirməsindən sonra Ermənistan prezidenti Serj Sarkisyanın tələsik Gürcüstana səfər etməsi, İran təbii qazının Ermənistan üzərindən Gürcüstana nəql edilməsi məsələsini gündəmə gətirmişdi. Lavrov böyük bir ehtimalla bu məsələ barəsində də müzakirələr aparacaq. Rusiya Gürcüstanın İrandan təbii qaz almasında maraqlı deyil”.

H.Cabbarlı bildirib ki, səfər zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi komitəsinin noyabrın 4-də keçirilən iclasında “İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə gərginliyin artması” ilə bağlı məruzəyə münasibət bildirən Lavrov deyib ki, “Dağlıq Qarabağ probleminin nizama salınması üçün mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlarda məsələnin müzakirəyə çıxarılması doğru deyil. Minsk Qrupu həmsədrləri nizamlamanın sadəcə, səbrli dialoqla bu qrup çərçivəsində həll olunmasından yanadır”.

O əlavə edib ki, Ermənistanın İranla iqtisadi və siyasi münasibətlərinin inkişaf etməsi Rusiyanı narahat edən məsələdir: “İran ilə iqtisadi və siyasi münasibətlərini inkişaf etdirən Ermənistan üzərində Rusiyanın təsirinin azalması ehtimalı hər zaman var. Təhlükəsizlik məsələsində Lavrov Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasından Suriya problemində istifadə edilməsi məsələsini də gündəmə gətirə bilər. Buna Ermənistanın necə cavab verəcəyi haqqında dəqiq informasiya olmasa da, Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi zamanı 102-ci bazada yerləşən hərbi təyyarələrdən də istifadə etməsi diqqətə alınarsa, Ermənistanın bu tələbə necə cavab verməsi bəlkə də o qədər əhəmiyyət daşımır. Yəni Rusiya istədiyi halda bu hərbi bazadan Suriya probleminin həll edilməsində istifadə edə bilər”.

Rus aviasiya qrupunun gücləndirilməsi

Hərbi ekspert Üzeyir Cəfərov Lavrovun təmsil etdiyi ölkə olan Rusiya Federasiyasının ATƏT-in Minsk Qrupundakı roluna və səlahiyyətlərinə görə bir araya sığmayan fəaliyyətini, həmçinin söylənilən fikirlərin heç də bu ölkənin bu beynəlxalq qurumdakı mandatına uyğun olmadığını düşünür. Politoloq Fikrət Sadıqov deyib ki, Rusiyanın Azərbaycanla əməkdaşlığı strateji əməkdaşlıq səviyyəsindədir: “Son vaxtar cəbhə xəttində gərginlik artıb. Gərginliyin artması tək Azərbaycanı deyil, qonşu ölkələri də müəyyən qədər narahat edir. Bu ölkələrdən biri də Rusiyadır. Unutmaq olmaz ki, Rusiya Ermənistanın yaxın müttəfiqidir. Eyni zamanda xatırlayaq ki, Rusiyanın Azərbaycanla strateji əməkdaşlıq çərçivəsində Serqey Lavrov cari ilin sentyabr ayında Azərbaycanda olub. Onun regiona ilk səfəri Azərbaycana olub. Düşünürəm ki, S.Lavrovun Ermənistana səfəri yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlıdır. Əlbətdə ki, görüş Minsk Qrupu formatında keçiriləcək. Hər üç həmsədr iştirak edəcək. Lakin Rusiya bu təşəbbüsü öz əlinə keçirmək istəyir. Təbii ki, Rusiya istəyir bu görüşdə qəbul olunacaq qərarlar Rusiyanın maraqlarına cavab versin”.

Daha ağır proseslər...

Millət vəkili, politoloq Elman Nəsirli isə “Moskva yaxşı anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu vəziyyətdə davam edə bilməz və istənilən an atəşkəs rejimi genişmiqyaslı müharibə ilə əvəzlənə bilər”,- deyə bildirib. Onun sözlərinə görə, Lavrovun İrəvana səfərində apardığı əsas məsələlər içərisində Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması diqqət mərkəzində olan məsələlərdən biri olub. “Moskva yaxşı anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində aparılan danışıqlar prosesi artıq dalana dirənib. Və 2015-ci il münaqişənin nizamlanması istiqamətində ən uğursuz illərdən biri hesab oluna bilər. Əgər 2014-cü ildə  prezidentlər səviyyəsində 3 görüş olmuşdusa, 2015-ci ildə heç bir görüş olmayıb. Atəşkəs rejiminə riayət olunmur və atəşkəsin pozulmasında Ermənistan tərəfi artıq  iriçaplı sılahlardan istifadə edir. Belə olan halda isə heç kim təminat verə bilməz ki, müharibə baş verə bilməz. Bunun üçün artıq zəmin var və bu, hər an başlaya bilər. Ona görə də Rusiya prosesdə müəyyən aktivlik nümayiş etdirməklə ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə nail olsun”, - deyə politoloq əlavə etdi. Politoloqun fikrincə, durumun belə bir vəziyyətdə saxlanması daha ağır proseslərlə  nəticələnə bilər: “Yaranmış vəziyyət Rusiyanı Qarabağ məsələsində aktiv olmağa vadar edir”

Cavad





Həftənin ən çox oxunanları