Yuxarı

Gənc fəal AXCP-ni seçdi

Gənc fəal AXCP-ni seçdi

rufet mehdiyevGənc fəal Rüfət Mehdiyev üzv olmaq üçün AXCP-yə müraciət edib. Cebhe.info-ya açıqlamasında hələ yeniyetmə yaşlarından siyasətlə maraqlandığını deyən Rüfət Mehdiyev bildirib ki, dəfələrlə müraciət etsə də, Əli Kərimlinin dəstəsi onu partiyaya üzv qəbul etməyib:

“Hələ orta məktəbdə, 11-ci sinifdə oxuyanda müxalifətin aksiyalarında iştirak edirdim. 2012-ci ildən AXCP-nin uğur qazanması üçün əlimdən gələni etmişəm. Demək olar ki, bütün yürüş-mitinqlərdə iştirak etmişəm. İnsanları aksiyalara gəlməyə həvəsləndirmişəm. Çalışmışam ki, daha çox insanın mitinqə gəlməsinə nail olum. Amma nə qədər çalışsam da, məni AXCP-yə üzv etməyiblər. Hər dəfə bir bəhanə ilə məni yola salırdılar”. Əli Kərimli dəstəsinin laqeydliyinə baxmayaraq, siyasi aktivliyini davam etdirən gənc fəal dəfələrlə polis zorakılığına məruz qalsa da, yolundan dönməyib: “Dəfələrlə yürüş-mitinqlərdə döyülmüşəm, təhdid olunmuşam, ancaq yolumdan dönməmişəm. Amma Əli Kərimli və dəstəsinin üzvləri mənə dəstək verməyiblər. Dəstək olmaq bir yana, məni partiyaya üzv etməyiblər. Belə liderlik, müxalifətçilik olar? Özlərinə demokrat deyirlər, belə demokratiya olar? Buna bənzər “liderlər” onsuz da Azərbaycanı idarə edir”.

Rüfət Mehdiyev bundan sonrakı fəaliyyətini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-də davam etdirəcəyini bildirib: “Çox düşündüm və qərara aldım ki, siyasi fəalliyyətimi Razi bəylə davam etdirməliyəm. Razi bəylə çox yaxından tanışlığım yoxdur. Ancaq bir neçə dəfə üzbəüz söhbətlərimiz olub. Bu söhbətlərdə onun səmimiyyətinə və vətənsevərliyinə, xalqpərvərliyinə şahid olmuşam. İstərdim ki, xalqını sevən hər kəs Əli Kərimlidən uzaqlaşsın, Razi bəyə qoşulsun. Çünki indiki zamanda bizə işıqlı yol göstərə biləcək yeganə lider odur”.

Rövşən Əsədov





Həftənin ən çox oxunanları