Yuxarı

AXCP funksioneri: “Bakının bitməyən problemləri...”

AXCP funksioneri: “Bakının bitməyən problemləri...”

rafiq“Elə kəndlərimiz var ki, işıq gün ərzində demək olar ki, yanmır. Uşaqlar dərslərini axşamlar lampa işığında hazırlamağa məcbur olurlar. Qazla təminat məsələsi isə ümumiyyətlə, çətindir və bu barədə yaxın gələcək üçün ümidlə danışılmır”. Bu sözləri AXCP funksioneri Rafiq Daşdəmirli Cəbhə.info-ya ölkənin qışa hazırlığını dəyərləndirərkən deyib.  O bildirib ki, əvvəlki illərin təcrübəsindən də çıxış etməklə ölkənin qışa hazırlığının kifayət olmadığını söyləmək mümkündür.

“Qış artıq qapını kəsib, problemlər isə hələ də qalmaqdadır. Bakı və ətraf rayonlarda elektrik enerjisi ilə təminat sahəsində vəziyyət düzəlsə də, ucqar bölgələrdə  vəziyyət heç də ürəkaçan deyil. Bakıda isə istilik sistemləri bərbad vəziyyətdədir. Hər il olduğu kimi, paytaxtda bu il də noyabr ayının 15-dən istilik sistemi işə salınacaq. Lakin sistem buna hazırdırmı? Binalarda vəziyyət necədir? Xətlər təmir olunubmu? Çoxsaylı sualların bir cavabı var- Xeyr. Magistral xətlərin hazırlığına hələ indi başlanılıb. Ancaq bu zaman da tələskənliyə yol verilir, kosmetik təmirlə vəziyyətdən çıxmağa çalışırlar. Bu isə gün ərzində tonlarla su itkisi deməkdir. Paylayıcı qurğular çox bərbad haldadır. Hələ də 70-ci illərin nasoslarından istifadə olunur. Bir paylayıcı stansiyada 3 nasos əvəzinə bir köhnə nasos işləyir. Bəs nəyə görə hər il istilik sisteminə büdcədən bu qədər maliyyə ayrılır? Ayrılmış maliyyə hara sərf olunur? Bildiyimə görə, bu yaxınlarda istilik sistemləri idarələrində genişmiqyaslı yoxlama aparılıb. Nəticələr açıqlanmayıb, amma təxminlərimə görə heç də ürəkaçan nəticələr olmayıb. Bax, budur Bakının dərdi. Qış gəlsə də, soyuq, qar qapını kəssə də, nə istilik olacaq, nə də başqa problemlər həllini tapacaq” deyən R.Daşdəmirli, lift probleminin də paytaxt əhalisinin yaralı yeri olduğunu qeyd edib: “Lift problemi isə illərdir ki, həllini gözləyir. Həftədə 3 gün lift işləyən binada sakinlər xoşbəxt hesab olunurlar. Ödəniş və təmir bina sakinlərinin öz hesablarına olsa da, yenə də lift problem olaraq qalmaqda davam edir”.

Cebhe.info





Həftənin ən çox oxunanları