Yuxarı

Müxalifətin təmərküzləşmə modeli AXCP sədrinin siyasi açılım təklifi diqqət mərkəzində

Müxalifətin təmərküzləşmə modeli AXCP sədrinin siyasi açılım təklifi diqqət mərkəzində

[caption id="attachment_2008" align="alignleft" width="367"]Ehmed Oruc Əhməd Oruc:  “Buna ən böyük maneə Milli Şuradır, çünki onlar xəstə təfəkkürə malikdirlər”[/caption]

Hakimiyyətin parlament seçkilərində müxalifətlə konsensusdan imtina etməsi siyasi qütbləşməni dərinləşdirib. Ölkədə müxalifətsiz parlamentin formalaşması demokratik müxalifətin və vətəndaş cəmiyyətin sıradan çıxması ilə müşayiət olunur. Siyasi ekspertlər seçkidən sonra yaranmış siyasi durumu böhran kimi dəyərləndirir. Artıq bunun ilkin əlamətləri özünü göstərməkdədir. Vəziyyətin belə davam etməsi protest elektoratın sıralarını genişləndirə bilər. Bu böhranlı şəraitin genişlənməsində bir sıra daxili və xarici amillər də təsir göstərməkdədir.

Daxili səbəblər sırasına ölkədə iqtisadi problemlərin artması, neftin satış qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycanın gəlirlərinin azalması,  işsizlik, manatın məzənnəsinin risk altında olması və s. aid etmək olar. Eyni zamanda Avropa təşkilatları və ABŞ-dan Azərbaycana yönəlik təzyiqlərin güclənməsi ehtimalı böyükdür. Belə vəziyyətdə Azərbaycan hakimiyyəti üçün cəmiyyətlə konsensusun tapılması ən münasib çıxış yolu hesab oluna bilər. Buna nail olmaq üçün iqtidar qısa müddətdə dövlətçiliyi, eyni zamanda narazı toplumun maraqlarını müdafiə edən demokratik qüvvələrlə danışıqlara başlamalıdır. Ümumi kompromisə gəlinməsi həm hakimiyyəti, həm də müxalifəti daxili siyasi böhrandan xilas edə bilər. Bu baxımdan, hakimiyyət yeni siyasi şəraitə uyğun hərəkət edərək demokratik müxalifətin hakimiyyət orqanlarında təmsilçiliyinə şərait yaratmalı, onların təkliflərindən faydalanmalıdır. Bu proses bir tərəfdən, Azərbaycanda iqtidar komandasının oliqarxiya sistemindən xilas olaraq, islahatçı komanda ilə əvəz olunmasını, digər tərəfdən, müxalifət düşərgəsində siyasi yeniləşməni stimullaşdıra bilər.

AXCP sədri Razi Nurullayev artıq bu yeniləşmə prosesinin ümumi formulunu verib. Razi Nurullayevin mediada dərc olunmuş “Yeni siyasi birliyə gedən yol” adlı məqaləsi əsasən konseptual analiz və təkliflərə əsaslanır və konkret tezisləri özündə əks etdirir. Yeni mərhələdə siyasi uğurlara nail olmanın ilkin şərti kimi müxalifətin təmərküzləşməsi və adıçəkilən siyasi düşərgədə ziddiyyətlərə son qoyulmasının vacibliyi önə çəkilir. AXCP sədri qeyd edir ki, bütün siyasi qüvvələri öz ətrafında təmərküzləşdirməyi Azərbaycanın müstəqillik tarixinin demokratik yolla seçilmiş prezidenti Əbülfəz Elçibəy bacarıb. 2003-cü ilin prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbər  bu təmərküzləşməni müəyyən qədər təmin etməyi bacarsa da, sonralar siyasi intriqalar, birincilik uğrunda mübarizə müxalifətin birliyini pozub. Bu isə xalqın siyasi birliklərə inamını sarsıdıb. 2010-2013-cü ilin parlament və prezident seçkiləri ərəfəsində müxalifətin yaradılmış iki formatı- İctimai Palata və Milli Şura da eyni aqibəti yaşayıb.

Baş vermiş siyasi hadisələrin təhlili, bəlkə də çoxları üçün əvvəllər qapalı qalan, sonradan üzə çıxan informasiyalar müxalifətin pərakəndə duruma düşməsi və uğursuzluqlarının arxasında Əli Kərimlinin maraqlarının dayandığını üzə çıxarır. Bütün bloklarda müxalifət partiyalarının vahid namizədi ola bilməyən Əli Kərimli sonda çıxış yolunu həmin blokları dağıtmaqda görüb. “Vahid liderlik” şansına yiyələnmək üçün mövqeləri tərs mütənasib olan partiyalarla yeri gələndə tərəfdaşlıq quran  Əli Kərimlinin bu taktikası yalnız onun təmsil olunduğu siyasi bloklarda deyil, təşkilatın öz daxilində də qarşıdurmalara yol açıb.  “Azadlıq” blokunda, İctimai Palatada, “Səkkizlər”də,  “Milli Şura”da özünə öncüllük iddiası  Əli Kərimlinin başlıca siyasi hədəfi olub. Lakin Əli Kərimli siyasətdə olduğu uzun illər ərzində hər hansı ciddi uğura imza ata bilmədi. Çünki siyasətçi praqmatik  olmalıdır. Əli Kərimli isə siyasi reallığı nəzərə almadan öz maraqları çərçivəsində hərəkət etdiyindən müxalifətin birliyi naminə başqalarına güzəşt etmirdi. Bu, yalnız Əli Kərimliyə sərf edəndə mümkün olurdu. Belə ki, 2013-cü ilin prezident seçkilərində ortaya atılmış Rüstəm İbrahimbəyovun vahid namizədliyi söhbəti bir siyasi oyun kimi işə yaramayanda Əli Kərimlinin Cəmil Həsənliyə güzəştə getməsi heç də müxalifətin inteqrasiyasına xidmət etmirdi. Artıq Əli Kərimli də, Milli Şuranın digər iddialı liderləri də seçkidə heç bir uğur qazanmayacaqlarının fərqində idilər. Ona görə də onların Cəmil Həsənlini dəstəkləməsi məğlubiyyətin məsuliyyətini bəri başdan üzərindən atmaq cəhdi idi. Bu həm də Əli Kərimlinin, İsa Qəmbərin, Lalə Şövkətin, Eldar Namazovun bir-birinə güzəştə getmədiyini nümayiş etdirirdi.

İllərlə davam edən bu çəkişmələr, siyasi qısqanclıq hazırda müxalifət düşərgəsində lidersizlik problemi yaradıb. Bu problemin aradan qalxması müxalifətin fəaliyyətində yeniləşmə və siyasi canlanma yarada bilər. Çünki ənənəvi müxalifət liderləri öz siyasi reytinqini itirmiş durumdadır. Bütün siyasi qüvvələri özündə birləşdirən təşkilat və ya format isə mövcud deyil.

Məhz bu səbəbdən də AXCP sədri Razi Nurullayev yeni siyasi liderlərə fəaliyyət meydanı verə biləcək blokların, birliklərin qurulması təklifini irəli sürüb:

“Bu gün uzaq perspektivdə qəhrəman olmaq istəyən, günün nəbzi ilə yaşamayan siyasətçilərə və bu yöndə fəaliyyət göstərən siyasi bloklara ehtiyac var. O bloklar ki, orada üstünlük yeni siyasətçilərə, yeni simalara verilsin. Siyasətdə isə uzun müddət olanlar öz təcrübə və biliklərini bu yeni simalarla bölüşsün. Yeni idarəçilik yeni insanlara keçsin”.

AXCP sədrinin məqaləsində diqqəti çəkən digər mühüm məqam yeni siyasi mərhələdə gənclərin önə çıxarılmasının vacibliyi ilə bağlıdır. Bu, bütövlükdə Azərbaycan siyasətinə yeni nəfəs, yeni idarəçilik sistemi gətirə bilər. Çünki 20 il seçkiləri uduzan siyasi qüvvələrin və ya liderlərin müxalifətdə qalması mümkün deyil. Bu gün Azərbaycanda siyasi qüvvələr nisbətinin pozulmasının bir səbəbi də budur.  Ənənəvi və ya köhnəlmiş müxalifətin müqavimət əmsalını itirməsi noyabrın 1-də keçirilmiş parlament seçkilərində öz təsdiqini tapdı. Əgər seçkilərdən əvvəl müxalifət partiyalarında siyasi rekonstruksiya barədə deyilənlərə bir qədər laqeyd münasibət hiss olunurdusa, artıq yaşlı nəsli təmsil edən liderlər özləri bunu etiraf etməyə başlayıblar. Son vaxtlar hakimiyyət daxilində oliqarxiya sisteminə qarşı başladılan mübarizə tədbirləri iqtidarın siyasi mövqeyini gücləndirir. Bu halda müxalifətin yeniləşmə prosesindən geri qalması yalnız siyasi ətalət effekti verə bilər.

AXCP sədri müxalifətin sözügedən problemdən xilas olması üçün Türkiyə modelini siyasi örnək kimi təklif edir: “Türkiyə Böyük Millət  Məclisinə seçkilərdə uduzan Cümhuriyyət Xalq Partiyasında maraqlı təklif və siyasi hazırlıqlar başlayıb. Seçkidə ikincilik qazanan CHP qurultaya hazırlaşır. Yeni namizəd Umut Oral bildirib ki, partiyanın indiki sədri Kamal Kılıçdaroğlunun 2019-cu ildə Türkiyədə keçiriləcək seçkidə prezidentliyə namizədliyini irəli sürəcək və xalqın ona səs verəcəyinə əmindir. Bizdə bu nümunə mümkün deyilmi? İndiki liderlərin bunu əxz etməsi o qədər çətinmi?” Göründüyü kimi, burada söhbət gəncliyin yeni siyasi potensialı ilə ön nəsil siyasətçilərin təcrübəsinin birləşdirilməsindən gedir. Bu mexanizmin  reallaşması  siyasi partiyaların, o cümlədən ölkənin siyasi həyatına dinamika gətirər. Ancaq bunlar bir şərtlə mümkün ola bilər ki, orada səmimilik olsun, korporativ maraqlar milli maraqlardan önə keçməsin. Bu səbəbdən də Razi Nurullayev ötən illərin acı siyasi təcrübəsini nəzərə alaraq həmin problemləri təkrar yaşamamaq üçün Əli Kərimlinin həmin prosesdə iştirakını qeyri-mümkün hesab edir: “Onun olduğu siyasi birliyin ömrünü Əli Kərimli müəyyənləşdirir. Ona sərf edənə qədər. Ona görə də uzaq perspektiv üçün qəhrəmanlıq səlnaməsində onun adının olması mümkün deyil”.

Post-Kərimli dövrü yalnız cəbhəçilərə deyil, həm də ən azı bütün müxalifətə yeni fəaliyyət sferası açmaq imkanı yaradır. Yəni Azərbaycanda milli-demokratik düşərgənin qarşısında olan bir maneənin kənara çəkilməsi bu yolda mübarizə aparan yenilikçi gənc siyasi nəsil üçün qapıları aça bilər. O zaman hakimiyyətin müxalifətlə bir masa arxasında oturması üçün real zəminin yaranması mümkündür.

AXCP sədrinin qeyd etdiyi kimi, “Yeni  siyasi blokla və 2018-ci il prezident seçkisi ilə bağlı müzakirələrə başlamaq üçün hazırıq!” - ideyası reallaşa bilər.

Ekspertlərin fikrincə, sağlam müxalifətin və gəncliyin əsas hədəfi indi 2018-ci il olmalıdır və yeni bir güc mərkəzi formalaşmalıdır. Bu yöndə danışıqlar indidən başlanmasa, zaman uduzulacaq. Yenidən toparlanmaq üçün gənclərin irəlidə olması daha vacibdir. Çünki ənənəvi müxalifət qüvvələri xalqın etimadını layiqincə doğrulda bilməyib. Yeni və kreativ metodlarla gənclərin mübarizənin önündə olması, müxalifətin indiki liderlərinin təcrübəsinin onlarla bölüşməsi yeni bir hərəkatın başlanğıcı ola bilər.

Azadlıq Partiyasının sədri Əhməd Oruc da yeni mərhələdə siyasi təmərküzləşmənin vacib olduğunu deyir. Onun qənaətincə, bu missiyanı milli-demokratik qüvvələr yerinə yetirməlidir: “Həm, Milli Təhlükəsizlik Nazirliyi ətrafında cərəyan edən hadisələr, həm də parlament seçkilərindəki qanunsuzluqlar Azərbaycanın Qərbdən uzaqlaşaraq sırf Rusiyameylli siyasi kurs götürdüyünü bir daha təsdiqlədi. Eyni zamanda, Azərbaycanda avtoritarizm daha da möhkəmləndi.  Ona görə də hesab edirəm ki, biz, yəni milli-demokratik düşərgədə olan insanlar ölkəmizin problemlərini həll etməlidir və Azərbaycanın Rusiyanın bir əyaləti kimi idarə olunmasına imkan verilməlidr. Hakimiyyəti bu yoldan çəkindirmək üçün yenidən təşkilatlanmağa ehtiyac var.  Ayrı-ayrı siyasi partiyaların seçkiyə getməsi və daha çox səs toplayan partiyanın hakimiyyətə gəlməsi təcrübəsi Azərbaycanda özünü doğrultmadı. Hesab edirəm ki, növbəti mərhələdə milli-demokratik qüvvələrin bir araya gələrək təmərküzləşməsinə ehtiyac var. Burada ən böyük problem Milli Şuradır. Onlar guya özlərindən başqa müxalifət olmadığı haqqında xəstə təfəkkürə malikdirlər və xaricin Azərbaycanda guya müdafiə etdiyi qüvvə qismində çıxış etməyə çalışırlar. Bu, yanlış, dağıdıcı  kursdur və birliyə mane olur. Həmçinin Müsavat Partiyasının bu birliyə mane olmaq siyasəti indi bu partiyanın özünün  parça-parça olmasına gətirib çıxarıb. Ona görə də hesab edirəm ki, Azərbaycanda həm cəmiyyətin gücünün ortaya qoyulması ilə Qərbyönlü demokratik xəttin davam etdirilməsinə, həm də iqtidarı Rusiyaya bağlılıq siyasətindən çəkindirən bir siyasi kursa nail olunmalıdır”.

Əhməd Orucun fikrincə, inanclı insanlar da bu inteqrasiya prosesindən kənarda qalmamalıdır. Dindar və inanclı vətəndaşların milli məfkurədən uzaq olması barədə aparılan təbliğata son qoyulmalı və onların milli xəttdən kənarda qalmasına imkan verilməməlidir.

Azadlıq Partiyasının sədri bildirdi ki, milli-demokratik qüvvələrin yeni mərhələdə təmərküzləşməsi normal demokratik dövlətin qurulmasına yol aça bilər: “Biz çalışmalıyıq ki, hakimiyyəti bu yoldan çəkindirən, islahatlara getməyə məcbur edən bir siyasi kurs götürək. Bu zaman gənclərin də, inanclı kəsimin də, ziyalıların da, milli-demokratik düşərgədə təmsil olunan, müxalifətçiliyi imitasiya etməyən real qüvvələrin birgə hərəkatını ortaya qoyaq”.

Müşfiq