Yuxarı

Nüvə savaşı - Yer kürəsinin cəhənnəmi

Nüvə savaşı - Yer kürəsinin cəhənnəmi

nuve savasiABŞ-Rusiya müharibəsi bəşəriyyətin sonunu gətirə bilər

Suriya müharibəsi ABŞ və Rusiya arasında uzun illərdir davam edən dünya hegemonluğu uğrunda mübarizənin ortaya çıxardığı nəticədir. Suriyadan əvvəl Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan, Əfqanıstan və digər ölkələrdə üz-üzə gələn tərəflər bu dövlətlərin parçalanmasına zəmin hazırladılar. Gürcüstan Cənubi Osetiya və Abxaziyanı, Moldova Dnestryanı bölgəni, Ukrayna Krım və Donbası, Azərbaycan Dağlıq Qarabağı, Əfqanıstan isə bütövlükdə suverenliyini və təhlükəsizliyini itirdi. Digər tərəfdən, Rusiyanın Cənubi Amerika ölkələri - Venesuela, Argentina və Braziliya kimi dövlətlərlə hərbi müttəfiqlik və silah ticarətinə dair imzaladığı anlaşmalar, bu mübarizənin nəzəri olmadığını göstərir.

Ağ Evin arxa bağı kimi qiymətləndirilən Latın Amerikasında Rusiyanın möhkəmlənməsi, xüsusilə Argentinada nüvə stansiyalarının inşa edilməsinin üzərinə götürməsi nüfuz savaşını fərqli məcraya yönəldə bilər. Həmçinin Rusiyanın İranda nüvə stansiyalarının inşasını davam etdirməsi, bu ölkəyə S-300 raketlərinin satışına qoyduğu qadağanı ləğv etməsi, Belarus və Ermənistanda hava hücumundan müdafiə sistemləri qurması, Suriyada yeni hərbi dəniz bazası qurması barədə Əsədlə razılığa gəlməsi, Şimali Koreya ilə imzaladığı müttəfiqlik sazişi də eyni məna kəsb edir. Amerikanın uzun illərdir Avrasiyada nüfuz dairəsini genişləndirmək cəhdlərinə cavab olaraq, Rusiya özünü sığortalamaq üçün təhlükəsizlik qurşağı yaratmağa çalışır. Bu qurşaq imperiya müharibəsinin yeni sərhədlərini müəyyən edir. Həmçinin hər iki tərəfin son illərdə müdafiə xərclərini artırması da imperialist savaşda yeni dönüş nöqtəsi ola bilər. Xüsusilə Rusiyanın nüvə cəbbəxanasına yenidən baxış keçirməsi, qitələrarası ballistik və “İskəndər M” raketlərini Avropa sərhədlərinə çəkməsi qlobal proseslərin yeni turu kimi qiymətləndirilməlidir. Tərəflərin hazırkı hazırlıqları bu yöndədir.

Rəqiblərin poliqondakı müttəfiqləri

Rusiya keçmiş Sovet respublikalarını Avrasiya İttifaqı adı altında öz siyasi iradəsinə tabe etmək cəhdləri və Ukraynanı parçalamaqla ABŞ-a açıq formada meydan oxudu. Şanxay Əməkdaşlıq Təşkilatının 2015-ci il Pekin sammitində Çin, Hindistan, Pakistan, İran, Braziliya və Argentinanı özünün müttəfiqi elan etməsi ilə, ABŞ-la poliqondakı mövqeyini müəyyənləşdirdi. Beləliklə, Rusiyanın Gürcüstan, daha sonra Ukraynada həyata keçirdiyi işğalçılıq siyasəti beynəlxalq güc tarazlığı anlayışını ortadan qaldırdı. Lakin Amerika hələ qlobal siyasi proseslərin təyinedici faktoru statusunu itirməyib. Çünki dünyanın böyük böhran içərisinə atılmasında birbaşa ABŞ-ın Asiya dövlətlərində reallaşdırdığı müharibələr və siyasi çevrilişlər əhəmiyyətli rol oynadı. Yaxın Şərq və Mərkəzi Asiyadakı rəngli inqilablarla qitədə öz təsir dairəsini genişləndirən ABŞ, Rusiya ilə mübarizədə müttəfiq siyahısına yeni üzvlər əlavə etdi. Avrasiya materikinin demək olar ki, 90%-i ABŞ-ı Rusiyaya qarşı müdafiə edir. Rusiyanı bu mübarizədə dəstəkləyən yeganə güc özüdür. Lakin Rusiya sahib olduğu hərbi güc və imperiya ambisiyası baxımından ABŞ üçün qorxulu düşməndir. Beləliklə qlobal siyasi böhran getdikcə təhlükəli vəziyyət alır. Rusiya işğalından əziyyət çəkən regionlarda müharibə xaosunun dərinləşməsi, Yaxın Şərqdə davam edən dini-siyasi və ideoloji savaş, Koreya böhranı, Çinin Uzaq Şərqdə təsir dairəsini genişləndirmək cəhdləri, Afrikadakı aclıq və vətəndaş müharibələri, Cənubi Amerika ölkələrinin nüvə silahı istehsal etmək niyyətləri dünya üçün qorxulu cədvəl çəkir.

Rusiya, yoxsa ABŞ?

ABŞ-ın təkcə NATO daxilində müttəfiqlərinin sayı 40 ölkədir. Alyans müxtəlif ölkələrdəki 598 hərbi bazasıyla Rusiyanı dörd tərəfdən mühasirəyə alıb. Ümumilikdə isə müharibə vəziyyətində okean və qitələrdəki 4461 hərbi bazası ABŞ-a dəstək verəcək. Qərbi Avropadan, Qətər və Dieqo Qarsiya bazaları ilə Cənubdan, Yaponiya və Cənubi Koreyadakı bazaları vasitəsilə Şərqdən Rusiyaya hücum edə bilər. NATO ölkələri - Fransa və İngiltərənin də müxtəlif ölkələrdə kifayət qədər hərbi bazaları var. Rusiyanın isə Suriya və Ermənistan istisna olmaqla heç bir dövlətdə hərbi varlığı yoxdur.

Rusiyanın 845 min döyüşə hazır, 2.5 milyon ehtiyatda hərbçisi var. ABŞ-da bu rəqəmlər 1.5 milyon və 850 min nəfərdir. Digər yandan ABŞ-a bu müharibədə üstünlük qazandıran əsas faktorlardan biri NATO-nun döyüşə hazır vəziyyətdə olan 20 minə yaxın döyüşçüsüdür. Əlbəttə, 598 NATO hərbi bazasının dəstəyini də bura əlavə etsək, Rusiyanın vəziyyəti bir qədər də çətinləşəcək. Həmçinin NATO-nun ehtiyatdakı hərbçilərinin sayı döyüşə hazır vəziyyətdə olanlardan dəfələrlə çoxdur. Paralel olaraq, potensial NATO ölkələri də bu döyüşdə ABŞ-ın yanında yer alacaqlar. Lakin hava hücumu bölməsində Rusiya dünyanın ən yaxşı sistemlərinə - S-300 və S-400-lərə sahibdir. “Financial Times”in eksperti Çarlz Klover Rusiyanın burada ABŞ-ı bir neçə dəfə qabaqladığını bildirir. Nüvə silahlarından sonra ən təhlükəli silahlar qrupuna daxil olan Smerç (reaktiv atəş sistemi) və “İskəndər-M” raketlərinə sahib olması da Rusiyanın əlinə oynayır.

ABŞ-Rusiya müharibəsi Yer kürəsi üçün nüvə cəhənnəmi yaşada bilər. Məsələn, ABŞ-ın bütün qitələrarası ballistik raketləri (KABF) və 450 nüvəsi Rusiyaya qarşı döyüşə hazır vəziyyətdədir. ABŞ-ın ümumilikdə 7700 nüvə bombası var. Bunun 1950 ədədi KABF-dır. Paralel olaraq, sualtı gəmilər, qırıcı təyyarələrə yerləşdirilmiş və ehtiyatda minlərlə belə silahları var. Rusiyanın isə 8500 ədəd nüvə silahı mövcuddur. Bunun 1800-ü döyüşə hazır vəziyyətdədir.

Beynəlxalq Həkimlər İttifaqı dövlətlərə nüvə müharibəsi xəbərdarlığını edib. İttifaq belə bir savaşın bütün bəşəriyyəti təhdid edəcəyini bildirib. Amerikalı fizikaçı İra Helflənd isə hesab edir ki, təkcə Pakistan və Hindistan arasında nüvə müharibəsi olsa, bundan 2 milyard insan zərər görəcək. 1 milyard insanın həyatını itirəcəyinə diqqət çəkən Helflənd, savaşın dünya tarixində bənzəri olmayan fəlakətə səbəb olacağını iddia edib: “Çində 1 milyard 300 milyon insan ölüm təhdidi ilə üz-üzə qalacaq. Bu, ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki adalarına atdığı atom bombalarından sonra 200 min insanın həlak olmasıyla yaddaqalan faciədən də dəhşətli olacaq. Nüvə savaşı bəşəriyyətin sonunu başladacaq dönəmin başlanğıcı olacaq”.

“Moskvada yəqin ki, SSRİ-nin dağılmasını xatırlayırlar”

“Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə, Rusiya-ABŞ gərginliyinin nüvə müharibəsinə, yaxud silahlı qarşıdurmaya çevrilmə ehtimalının olmadığını dedi. Tərəflər arasında güc nisbətinin bərabər olmadığını deyən Ə.Oruclu qeyd edib ki, hazırkı mərhələdə Rusiya bütün parametrlər üzrə, o cümlədən hərbi, müttəfiq məsələlərində ABŞ-dan xeyli geridədir:

“Digər tərəfdən Rusiya iqtisadi cəhətdən rəqibinə cavab vermək gücündə deyil. Bu gərginliyin “soyuq müharibə”yə çevrilmək ehtimalı da yoxdur. “Soyuq müharibə”nin özü əlavə itkilər deməkdir. Bu məsələdə Sovet İttifaqının dağılması nümunəsi var, yəqin ki, Moskvada bunu xatırlayırlar. Vaxtilə SSRİ məhz “soyuq müharibə”nin nəticəsində dağıldı. SSRİ həmin dönəmdə dünyanın müxtəlif bölgələrində münaqişələrə cəlb olundu. Afrikadan tutmuş Latın Amerikasınadək müxtəlif regionlarda baş verən münaqişələrdə iştiraka təhrik olundu. Bu silahlanma yarışının sayəsində baş vermişdi. Nəhayət Əfqanıstana müdaxilə etməli oldu. Bununla da SSRİ dağıldı. İndi düşünmürəm ki, Rusiya ikinci dəfə belə bir prosesin içinə girəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları