Yuxarı

İŞİD müharibəni Qərbi Avropaya keçirdi

İŞİD müharibəni Qərbi Avropaya keçirdi

Firefighters push a stretcher outside the headquarters of the French satirical newspaper Charlie Hebdo in Paris on January 7, 2015, after armed gunmen stormed the offices leaving eleven dead, including two police officers, according to sources close to the investigation. AFP PHOTO / KENZO TRIBOUILLARD

Fransa terroru islamofobiyanı gücləndirəcək

Noyabrın 13-də Parisdə baş verən terror hadisəsi Fransa hökumətini müsəlmanlara və İŞİD terror qruplaşmasına qarşı hərəkətə keçirib. Belə ki, terror aktının üzərindən 3 gün keçməmiş Fransanın daxili işlər naziri Bernar Kaznev ölkədəki bəzi məscidlərin bağlanacağını açıqlayıb. Nazir, kin və nifrəti təbliğ və təşviq edən məscidlərin bağlanacağını deyib. Bundan əvvəl isə Fransanın baş naziri Manuel Vals nifrəti təşviq edən əcnəbi müsəlman din xadimlərinin ölkədən deportasiya olunacağını deyib. Fransa xüsusi xidmət və kəşfiyyat orqanları isə müsəlmanların sıx yaşadığı bölgələrdə əməliyyatlara başlayıb. Keçirilən əməliyyatlarda silsilə terrorda şübhəli bilinən 10-a yaxın müsəlman həbs edilib.

Fransa hökumətinin bu addımı ölkədə İslamofobiya hərəkatını gücləndirəcək. Zatən “Charlie Hebdo” jurnalına ilin əvvəlində edilən silahlı basqınla Fransada yaşayan müsəlmanlara qarşı təzyiqlər artırılmışdı. Fransa İslamofobiya ilə Mübarizə Komissiyasının hesabatına görə, keçən illə müqayisədə bu il ölkədə İslamofobiya 23.5% artıb. Təşkilat buna səbəb kimi son iki ildə Fransada silsilə formada baş verən terror aktlarını göstərir. Bildirilir ki, ölkədə dini ayrı-seçkiliyə əsasən müsəlman qadınlar qalırlar. Bu ölkədə yaşayan 73% müsəlman qadına islamofob hücumlar edilir. Hesabatda həmçinin “Charlie Hebdo” və “Montrouge” terror aktlarından sonra müsəlmanların hökumət və ictimai səviyyədə sıxışdırıldığı bildirilir. Komissiyanın yetkilisi Yassər Luati da yayılan məlumatları təsdiq edir. “Məscidlərə millətçi hücumların sayı artıb. Hicablı qadınlar və müsəlman kişilər ölümlə təhdid olunurlar. Qadınların müəyyən qisminə cinsi təcavüzlər edilir. Lakin bu cür hallara yol verən cinayətkarların məhkəmə instansiyalarına cəlb edilməməsi təəssüf hissi yaradır”, - deyə Luati vurğulayıb.

Elşad Miri: “Hökumətin qərarı doğru deyil”

İlahiyyatçı Elşad Miri Fransa hökumətinin bu qərarının ölkədə İslamofobiya hərəkatının genişləndirəcəyini istisna etməyib. E.Miri hesab edir ki, Fransa hökuməti bu qərarla ölkədə vəziyyəti bir qədər də gərginləşdirmiş olur: “Ümumiyyətlə məscidlərin fəaliyyətinin bu hadisəyə heç bir aidiyyatı yoxdur. Avropada müsəlmanların ən çox yaşadığı ölkə Fransadır. Bu ölkədə milyonlarla müsəlman yaşayır. Ona görə də, həmin milyonlarla insanın nifrətinə səbəb olacaq bir qərarın verilməsi nə dərəcədə doğrudur? Bu İslamofobiyanın daha da genişlənməsinə gətirib çıxara bilər. Belə bir qərar heç bir halda müsbət qarşılana bilməz. Bu, insanların radikallaşmasına səbəb olacaq bir qərardır. Əgər bir yerdə metro partladılırsa, o zaman bütün metrostansiyalar bağlanılmalıdır? Bəs, digər insanların günahı nədir? Digər yandan hadisəni kimlərin törətdiyi məsələsi öz həllini tapmayıb. İŞİD hələ ki, məsuliyyəti öz üzərinə götürüb. Fransa prezidenti də hadisəni bu təşkilatla əlaqələndirir. Əgər hansısa ölkədə bir xristianın əməlinə görə, bütün kilsələrin bağlanılması nə qədər yanlışdırsa, bir neçə şəxsə görə, məscidlərin bağlanılması qərarı da səhvdir. Heç bir halda buna haqq qazandırmaq olmaz”.

Suriyada Fransa İŞİD-ə qarşı quru əməliyyatlarına başlaya bilər?

Paris terroru Fransanı İŞİD-ə qarşı quru əməliyyatlarına məcbur edə bilər. Məsələn, 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda “Əkiz qüllələr”in “əl-Qaidə” tərəfindən partladılmasından sonra ABŞ terrorla mübarizə adı altında təşkilatın Əfqanıstandakı mövqelərinə qarşı əməliyyatlara başlamışdı. İndi həmin ssenari Fransada təkrar olunur və “əl-Qaidə” kimi İŞİD də terraktın məsuliyyətini üzərinə götürür. İŞİD rəhbərliyi bundan sonra “Fransız 11 sentyabrı” deyərək, bu ölkəyə qarşı mövqeyini müəyyənləşdirir. Fransa hal-hazırda da NATO liderliyindəki koalisiya qüvvələri daxilində İŞİD-in Suriyadakı mövqelərinə qarşı keçirilən əməliyyatlara əsas dəstəyi verən dövlətdir. Bu ölkənin Yaxın Şərqdə (İraq və Suriyada) kifayət qədər hərbi qüvvələri var və Səudiyyə Ərəbistanı liderliyindəki Ərəb dövlətləri ilə müttəfiqdir. Ekspertlər bu vəziyyətdə Fransanın yaxın gələcəkdə İŞİD-ə qarşı quru əməliyyatlarına başlaması ehtimallarını istisna etmirlər.

Mirzə Xəzər: “Bu, adi terror hadisəsi deyildi”

Siyasi analitik Mirzə Xəzər “Cümhuriyət”ə açıqlamasında bildirdi ki, Parisdə baş vermiş hadisələrə düzgün qiymət vermək lazımdır. M. Xəzər hesab edir ki, Fransa və dünyanı sarsıdan bu hadisə adi terror aktı deyil: “Bu, terror müharibəsinin başlanğıcı, daha doğrusu 2001-ci il 11 sentyabrdan Nyu Yorkdan Qərb dünyasına elan edilən müharibənin davamı idi. Bu müharibə 1970-ci illərin təyyarə qaçırma, girov götürmə, hökumətləri şantaj etmək kimi əməllərdən tamamilə fərqlidir. Terror qorxu yaratmaq metodudur. Elə bir qorxu ki, adi vətəndaşlar bir balaca gözlənilməz maşın siqnalından belə vahiməyə düşüb qaçhaqaça başlayırlar. "İslam Dövləti"nin Parisdə törətdiyi qətliam məhz belə bir qorxu ab-havasını yaratmağa yönəlib və bu müharibə Fransa sərhədlərini aşaraq bütün Avropa ölkələrini, Böyük Britaniyanı, ABŞ-ı, mötədil ərəb dövlətlərini, Rusiyanı və İŞİD-in siyahısında olan digərlərini əhatə edəcək. 2001-ci ildə ABŞ və Qərb koalisiyası İraqa və Əfqanıstana soxulanda prezident Buş və Böyük Britaniyanın o zamankı baş naziri Toni Bleyr təntənə ilə deyirdilər ki, biz terrorçularla mübarizəni onların öz ərazilərində davam etdirərək, London, Paris və Nyu Yorkun təhlükəsizliyini sığortalamaq istəyirik. Müəyyən müddət bacardılar. Amma dərk etmədilər ki, qarşı tərəf yatmayıb və mübarizənin yeni formalarını nəzərdən keçirdilər. Və qorxulu an gəldi. Paris cinayətlərindən sonra aydın olur ki, artıq terror təşkilatları, xüsusilə "İslam Dövləti" Qərb dünyasının qəlbində Qərbə meydan oxuyurlar”.

“Müharibəni Qərbi Avropaya yaymağa müvəffəq oldular”

Mirzə Xəzər qeyd edib ki, İŞİD üçün Qərb ölkələrində münbit zəmin və tükənməz insan ehtiyatları var. Analitikin sözlərinə görə, Berlin, London, Paris və Romada, Amsterdam və Stokholmda burada doğulmuş və təlim-tərbiyə almış yüz minlərlə işsiz, qəzəbli, gələcəksiz gənc vardır: “Bu ölkələrdə gəncləri radikallaşdırmaq üçün gəlmiş imam və mollalar, xüsusi təlim keçmiş təşviqat dəstələri fəaliyyət göstərir. "İslam Dövləti"nin terror müharibəsini davam etdirmək üçün maliyyə imkanları hədsizdir. Son ayların Avropaya qaçqın axınını da nəzərdən qaçırmamaq lazımdır. Bunun da qabaqcadan düşünülmüş bir planın parçası olması ehtimalı vardır. Bu yolla Qərb ölkələrində, xüsusilə Avropada sabitliyi pozmaq da mümkündür. Lakin buna cavab olaraq, Fransa İŞİD-a qarşı quru əməliyyatlara başlamayacaq. Havadan bombardmanlarla məhdudlaşacaq. Çünki, İŞİD-ı Suriya və İraqda zəiflətmək bəlkə mümkün olacaq, amma "İslam Dövləti" üçün bunun əhəmiyyəti yoxdur. Onlar əsas hədəfinə çatıblar. Müharibəni Qərbi Avropaya yaymağa müvəffəq oldular. Görək növbə kimindir”.

Mənsur





Həftənin ən çox oxunanları