Yuxarı

Prezident islahatlara başlayır?

Prezident islahatlara başlayır?

prezident aparatiEkspert: “Sistem iflasa uğrayıb və köklü dəyişikliklərə ehtiyac var”

Son günlər nazirlərin vəzifəsindən uzaqlaşdırılması cəmiyyətdə islahatların aparılacağına yenidən ümid yaradıb. Qeyd edək ki, cəmiyyətin böyük hissəsi proseslərin davamlı olacağına o qədər də inanmır. Amma cəmiyyətdə sistemin yeniləşəcəyi, yüksək postlara müasir düşüncəli, gənc və  vətənpərvər olan yeni simaların gətiriləcəyi ilə bağlı az da olsa ümidlər var. Ümumiyyətlə islahatlara mane olan, cəmiyyətdə narazıllıq yaradan nazirlər əsasən hansılardır? Bundan sonra vəzifəsini itirənlərin siyahısına qoşulanlar olacaqmı?

Qeyd edək ki, bundan sonra növbənin AZAL-a və Vergilər Nazirliyinə çatacağı deyilir. Cəmiyyətdə bu iki qurumla bağlı narazılıqlar çox ciddi səviyyədədir. Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, hər hansı bir nazirin dəyişdirilməsi böhranın qarşısını ala bilməz. Onun fikrincə, sistem iflasa uğrayıb və köklü dəyişikliklərə ehtiyacı var: “AZAL və Vergilər Nazirliyindəki nöqsanlar ona görə qabardılır ki, yuxarılar ictimai rəydə bu qurumlara rəhbərlik edənləri qaralamaq istəyirlər. Düşünürəm ki, “toplananların yerini dəyişəndə cəm dəyişmir” tezisi burada da işləyir. Bir nazirin digəri ilə dəyişməsi o halda müsbət nəticə verə bilər ki, sistem özü dəyişsin”.

“İdarəçilik fəlsəfəsi dəyişməlidir”

Mühacirətdə olan jurnalist Elbəyi Həsənli vurğuladı ki, problem nazirlərlə bağlı deyil. O, əlavə etdi ki, ortada olan mənzərə sistemdən qaynaqlanır: “İdarəçilik fəlsəfəsi dəyişməlidir, kadr təyinatında yeni kriteriyalara söykənmək lazımdır. 15-20 ildir ki, nazir kürsüsündə oturmaq barbarlıq nümunəsidir. Heç bir mədəni ölkədə belə biabırçılıq ola bilməz. Feodal təfəkkürlü nazirlərin yerinə isə Qərbdə təhsil almış gənclər təyin olunmalıdır. Yalnız onlar Qərb idarəçilik sistemini Azərbaycana gətirə bilərlər. Təbii ki, yeni təyin olunanlar da dəqiq bilməlidir ki, prezident onlardan nə gözləyir? Hansı məqamlara vurğu yapılmalıdır. Əslində heç uzağa getmək də lazım deyil”. E.Həsənli bildirdi ki, ASAN xidmətdə mövcud olan idarəçilik sistemi bütövlükdə Azərbaycanda həyata keçirilməlidir: “Bu sistem son dərəcə mütərəqqi və effektlidir. ASAN xidmət dövlət idarəçiliyində də nümunə kimi tətbiq olunmalıdır. Hər şey şəffaf olmalıdır. Çıxış yolu ASAN-dan keçir. Bunun üçün isə prezident İlham Əliyev siyasi və iqtisadi islahatlara start verməlidir. Nazirləri dəyişmək çıxış yolu deyil. Hədəf və strategiya dəyişməsə, nazir dəyişikliyi müsbət nəticə verməyəcək...”

“Xalq bu insanları gözəl tanıyır”

Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Qaraçuqlu isə “cəmiyyətin Azərbaycanda görmək istədiyi islahatlar haqqında yazanda və yaxud ümumiyyətlə bir çoxlarının “İslahatlara getmək lazımdır” deməsini qəbul edə bilmirəm”,- deyə diqqətə çatdırdı: “Azərbaycan dövlətinin bu vaxta qədər qəbul etdiyi qanunlar, qanunverici aktlar və sairə normativ sənədlər beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb ki, bunlar da dövlətin normal funksiya göstərməsinə kifayət qədər şərait yaradır. Əslində söhbət qanunlara hörmətlə yanaşılmasından, onların işlək hala gətirilməsindən gedə bilər. Vəziyyəti bu hala gətirib çıxaran məhz qanunların işləməməsidir ki, bunun da səbəbkarı bəzi vəzifə səlahiyyətlilərinin və məmur ordusunun öz yerində olmamasından, tamahkarlıq və xalqın hesabına varlanmaq istəyindən əmələ gəlir”.

Onun dediyinə görə, son vaxtların hadisələri, belə şəxslərin dövlətin və onun müstəqilliyinin nə qədər təhdid altında olmasının bariz nümunəsidir: “Mən, konkret adlar çəkərək sözümü birbaşa ünvanlamaq istəməzdim. Xalq bu insanları gözəl tanıyır və onların əməlləri gündəlik olaraq KİV-lər tərəfindən hallanmaqdadır. Sadəcə Azərbaycan insanının hüquqlarının pozulmasına yönəlik addımlar atan bütün insanlar vəzifədən kənarlaşdırılsa, işlər öz axarıyla düzgün yola istiqamətlənər. Bir də konkret olaraq sualda adını çəkdiyiniz AZAL və yaxud Vergilər Nazirlinin fəaliyyətinin araşdırılması və yaxud rəhbərliyinin dəyişdirilməsi ilə iş bitmir. Bütün sahələrdə vəziyyət demək olar ki, eyni cür - yararsız - olaraq qiymətləndirilə bilər ki, bunun da səbəbkarı yuxarıda qeyd etdiyim kimi kadrlara bağlı olan məsələdir”.

Cavad





Həftənin ən çox oxunanları