Yuxarı

“Əli Abbasov məsuliyyətə cəlb edilməlidir”

“Əli Abbasov məsuliyyətə cəlb edilməlidir”

uzeyir ceferov“Son vaxtlar Azərbaycanda bir-birinin ardınca baş verən xoşagəlməz hadisələr şəxsən məni bərk narahat edir. Milli Təhlükəsizlik Nazirliyində və onun ətrafında baş verən hadisələrdən sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı baş verənlər və digər irili-xırdalı hadisələr mənə elə gəlir ki, ən yüksək səviyyədə son dərəcə ciddi, mən deyərdim radikal addımların və tədbirlərin görülməsini zəruri edir”.

Cebhe.info xəbər verir ki, bunu hərbçi-ekspert Üzeyir Cəfərov bildirib. Ü.Cəfərovun sözlərinə görə, müharibə vəziyyətində olan bir ölkənin bütün həyat və fəaliyyəti saat mexanizmi kimi çalışmalıdır: “Amma baxıram ki, biz hələ deyəsən hansı vəziyyətdə olmağımızın fərqində deyilik. Daha doğrusu, ölkənin hərtərəfli təhlükəsizliyi və müdafiəsi üçün cavabdehlik daşıyan bəzi məsul şəxslər üzərlərinə düşən məsuliyyəti tam dərk etməyiblər. 10 milyonluq xalqın müasir dünya ilə bağlılığını sən demə, hansısa "Delta Telekom" adlı şirkət təmin edirmiş. Bu sahəni tam incəliklərinə qədər bilmədiyimə, görə və Azərbaycanın düz 6 saatdan artıq bir müddətdə faktiki dünyadan təcrid olunmasına kim nə deyir-desin, mən başıpozuqluq və açıq cinayət əməli deyərdim. Hesab edirəm ki, ötən günlərdə vəzifəsindən azad edilən nazir Əli Abbasov və bu sahəni kurasiya edən vəzifəli şəxslər də vaxtında bu vacib işi görmədiklərinə görə ən azından vəzifə səhlənkarlığı maddələri ilə məsuliyyətə cəlb edilməlidirlər. Baş vermiş hadisə hesab edirəm ki, ən qısa zamanda ölkə rəhbərliyi səviyyəsində ciddi müzakirə olunmalı və təcili tədbirlər görülməlidir. Belə olmaz və bu, Azərbaycan adına böyük bir xətadır. Ən azından indiyə kimi bir çox sahələrdə monopoliyanın olması və məhz həmin monopolistlərin yekəxanalığı ucbatından xoşagəlməz hadisələrin yaşanması heç kimə sirr deyil. Mən burada bir sıra strateji məsələləri, xüsusən də ölkənin təhlükəsizliyini təhdid edə biləcək məqamların üzərindən bilərəkdən sakitcəsinə keçirəm. Mən də mütəxəssislərin o fikri ilə tam razıyam ki, bu cür fors-major halları üçün çıxış yolu mütləq mənada çoxdan nəzərdə tutulmalı idi və heç bir halda internetin bu cür, tamamilə sıradan çıxmasına yol verilməməliydi. Ələlxüsus bu boşluq dövlət və hökumət saytlarının, iqtisadi strukturların fəaliyyətini iflic vəziyyətə saldı.

Eli AbbasovÖzü də bu hadisə ölkə başçısının, Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycandan kənarda - Antalyada mühüm bir dünya səviyyəli tədbir zamanı baş verməsi isə, şəxsən məni çox narahat etdi. Niyəsini və nə üçünü isə yəqin ki, bu sahəyə cavabdehlik daşıyan şəxslər yaxşı başa düşərlər. Biz 21-ci əsrdə, ən müasir texnologiyalar əsrində yaşayırıq. Əgər bir şirkətdə baş verən xırda bir fors-major hadisəsi bütöv bir ölkəni internetsiz qoyursa, arxasını yazmaq istəmirəm. Bu, yolverilməz və bağışlanılmazdır”.

M.Rəğbətoğlu





Həftənin ən çox oxunanları