Yuxarı

“Ənənəvi müxalifət 25 ildir ki, xalqı aldadır”

“Ənənəvi müxalifət 25 ildir ki, xalqı aldadır”

[caption id="attachment_2964" align="alignleft" width="440"]Nadir Qocabeyli Nadir Qocabəyli: “Nə Etibar Məmmədov, nə İsa Qəmbər, nə də digərləri öz  siyasi varislərini yetişdirə bilmədilər” [/caption]

Tərcüməçi yazar, siyasi analitik Nadir Qocabəylinin “Cümhuriyət” qəzetinə müsahibəsi.

- Nadir bəy, 1 noyabr parlament seçkiləri müxalifət daxilində böhranının ciddi olduğunu göstərdi. Sizcə, müxalif düşərgə bu vəziyyətdən necə çıxmalıdır?

- Mən həmişə deyirəm ki, siyasətçilər xalqa yalan danışmaq siyasətindən əl çəkməlidirlər. Bizim ənənəvi müxalifət 25 ildir ki, xalqı aldadır, həqiqətləri ondan gizlədir. Xalq da bunu çox gözəl anladığından ondan uzaq düşüb. 1988-ci ildən meydanda olan indiki müxalifətin Azərbaycan xalqına söylədiyi vədlərin heç biri özünü doğrultmadı. Sovet rejiminin problemlərindən bezib, ayağa qalxan xalq daha ciddi problemlərlə üzləşdi. Müharibə uzun illərdir davam edir, insanlar övladlarını itirirlər, sosial ədalətsizlik, korrupsiya və rüşvətxorluq görünməmiş həddə çatıb, neftdən asılı vəziyyətə düşən ölkədə xalqın maddi rifahı olduqca aşağıdır. Ona görə də, xalq siyasətçilərə olan bütün marağını və inamını itirib. Belə olan şəraitdə ölkədə, təbii ki, siyasi böhran yaranmalı və bu böhran da ilk növbədə müxalifəti vurmalıdır. Çünki onun xalqın dəstəyinə ehtiyacı neft pullarına, məmur ordusuna nəzarət edən iqtidardan daha çoxdur. O isə bu dəstəyi və etimadı tamamilə itirib.

- Müxalifətin hansısa bir ziyalının ətrafında toparlanmasını mümkün hesab edirsiniz? Məsələn, prezident seçkilərində Rüstəm İbrahimbəyov nümunəsi var idi.

- Güclü liderə həmişə ehtiyac var. Bunu tarix dəfələrlə isbatlayıb. O, ziyalı da ola bilər, hərbçi də, hətta adi kənd müəllimi də. Yetər ki, güclü xarakteri, xalqına bağlılığı və sağlam təfəkkürü olsun. Xalqını tanısın, onun problemlərini anlasın, arzu və istəklərini ifadə etsin, təmiz və gözütox olsun, çağdaş siyasi texnologiyaları anlasın və zərərli siyasi spekulyasiyalara alət olmasın, kimlərdənsə asılı vəziyyətə düşməsin. Rüstəm İbrahimbəyov tanınmış istedadlı kinossenaristdir, siyasi meydana yeni çıxanda ona böyük rəğbət də yaranmışdı. Amma o zəiflik göstərdi, yalan danışmağa başladı, ola bilsin ki, kimlərinsə əlində alətə çevrildi və təbii olaraq sıradan çıxdı. Həm də sadəcə özü sıradan çıxmadı, xalqın inamına daha bir zərbə endirib, qeybə çəkildi.

- Müxalifətin yeni birlik formatı necə olmalıdır?

- Bu çox hallandırılan bir məsələdir. Ancaq mən sizə deyim ki, xalqı öz ətrafında birləşdirməyi bacaran keyfiyyətcə yeni bir siyasi lider, ya da siyasi təşkilat elə birlik formatıdır. Söhbət ənənəvi müxalifəti bir araya gətirməkdən gedirsə, düşünürəm ki, buna ehtiyac yoxdur. Ümumiyyətlə, bu lazımsız bir işdir. Onların əksəriyyəti xərclənmiş adamlardır. Metodları, üslubları da mövcud şəraitə cavab vermir.

- Niyə gənc siyasi liderlər yetişmir? Məsələn, vaxtilə Etibar Məmmədov, İsa Qəmbər  kimi tanınmış siyasətçilər gənc yaşlarında artıq özlərini sübut etmişdilər.

- Adını çəkdiyiniz şəxslər meydana atılanda ölkədə müxalif siyasətçilər yerli-dibli yox idi, bu mənada onlar sadəcə qabağa düşdülər. Yəni onlar sadəcə boş yerləri tutdular. Hətta mən deyərdim ki, onlara bu məsələdə köməklik də olundu. Çünki o zaman siyasi müxalifətin olmadığı ölkəyə hakimiyyəti tənqid edən insanların, qüvvələrin olması lazım idi. Axı biz avtoritar bir dövlətin demokratikləşdirilməsi prosesində iştirak edirdik. Amma indi situasiya tamamilə fərqlidir. Təəssüflər olsun ki, nə Etibar Məmmədov, nə İsa Qəmbər, nə də digərləri öz siyasi varislərini yetişdirə bilmədilər. Əsl siyasətçilər özlərindən keyfiyyətcə fərqli olan, daha mütərəqqi, çevik, praqmatik gənc siyasətçilərə yol açmağı bacarmalıdırlar. Baxın, SSRİ-ni dağıdan əyyaş Yeltsin səhvlərini düzəltmək üçün Putini meydana atdı. Amma bizdə bunu edəcək siyasətçilər, təəssüf ki, hələ ki, yoxdur. Hər hansı gəncin isə küçədən gəlib, İsa Qəmbəri, yaxud başqasını aşırıb onun yerində oturması elə də asan məsələ deyil. Bu, vaxt və şərait tələb edir.

Mənsur Rəğbətoğlu