Yuxarı

Ehtiram Mehtiyev: “AXCP hər kəsə demokratiya vəd edir”

Ehtiram Mehtiyev: “AXCP hər kəsə demokratiya vəd edir”

Ehtiram MehtiyevAXCP-nin sədr müavini Ehtiram Mehtiyev partiyanın gələcək planları haqqında danışıb. Cəbhə.info gənc cəbhəçi ilə müsahibəni təqdim edir.

-Ehtiram bəy, əvvəllər, Gənclər Komitəsinin üzvü olarkən gördüyünüz AXCP ilə, sədr müavini olduğunuz AXCP arasında hansı fərqlər var?

-Əli Kərimlinin yanında heç bir perspektiv görmədim. İllərdir onun idarəçilik prinsipləri partiyanın nüfuzuna xələl gətirib. O istəməzdi ki, özünə alternativ yetişsin. Və buna görə də hər zaman savadlı kadrlara qısqanclıqla yanaşar, iddialı cəbhəçilərə irəliləməyə imkan verməzdi. Məhz buna görə də Kərimli ətrafında ona qul kimi xidmət göstərən insanlara xüsusi yer ayırardı. Onun yanında hərəkatçıya, əsl cəbhəçiyə, gəncliyə yer yox idi. Əli Kərimli gənclərə istifadə olunan material kimi yanaşırdı. Gənclər gələcəyini itirir, bu amansız rejimin polis zorakılığına məruz qalır, adına “qaragüruh” deyilir, ac-susuz qalır və əvəzində bir müddətdən sonra partiyadan qovulur. Bu siyasət bu gün də davam edir. Bizdə isə tamam fərqlidir. Razi Nurullayev əsas üstünlüyü gənclərə verir. Baxın, artıq AXCP-nin İdarə Heyəti və rayon şöbələri gənclərdən ibarətdir. Çünki gənclik yeni düşüncədir. Cəmiyyət də artıq eyni simalardan yorulduğu üçün fərqli düşüncə görmək istəyir. Biz bu boşluğu doldurmaq iqtidarındayıq. Əli Kərimli partiyanı öz şəxsi inhisarına çevirib. Məhz buna görə də partiyaya gələnlər bir müddətdən sonra Əli Kərimlinin yarıtmaz siyasətinin şahidi olur və partiyadan ayılır, yerinə yenilərini gətirirlər. Onları da son ana qədər istifadə edirlər. Bu gün xalq da nə bu amansız rejimə, nə də oyunlar içində çabalayan və öz şəxsi mənafeyini güdən müxalifətə inanır. Xalq 25 ildir gördüyü simalardan imtina edib, yeni simalar, siyasi oyunbazlıq etməyən səmimi siyasətçilər görmək istəyir.

-Ehtiram Mehtiyev bu gün AXCP-nin sədr müavini olaraq partiya adından Azərbaycan üçün hansı yaxşı dəyişikliyi vəd edir?

-Qarşıdakı növbəti hədəflərimizdən biri də 2018- ci il prezident seçkiləridir. Bunun üçün müəyyən planlarımız var. Bu planlar üzərində davamlı iş görürük. 2015-ci il parlament seçkilərində namizədliyimi irəli sürdüyüm dairədən insanların bizə qarşı isti münasibətindən gördüm ki, artıq AXCP olaraq cəmiyyətdə müəyyən uğurlu status qazana bildik. Cəmiyyətə öz töhfəmizi verə bildiksə, bu, artıq aysberqin bir tərəfidir. Aysberqin digər tərəfi isə AXCP- nin Əli Kərimli tərəfindən qəsb edilmiş nüfuzunu xalqa yenidən qaytarmaqdır. Həmçinin, insanların müxalifətə olan inamını bərpa etmək üçün də əlimizdən gələni əsirgəməyəcəyik. Bunun üçün komandamız cəmiyyətin müəyyən kəsimi ilə mütəmadi görüşlər keçirir. Günü-gündən sıralarımıza mübariz insanların qoşulması isə bizə stimul verir. Bu, bizə hədəflərimizi düzgün müəyyənləşdirməkdə kömək edəcək. Düşünürəm ki, biz bu işin də öhdəsindən uğurla gələcəyik.

-Partıya üzvlərinin fəallığı AXCP üçün hansı uğurlara zəmin yaradır, gənc AXCP-çi olaraq onlara tövsiyəniz ?

-“İnsanlar partiyaya avamlıqdan gələr, utandıqlarından çıxa bilməzlər”. Bax, biz bu prinsipi insanların yaddaşından çıxaracağıq. AXCP hər kəsə demokratiya vəd edir. İnsanların öz azadlıqlarından, konstitusion hüquqlarından sərbəst istifadə etmək imkanları olmalıdır. Gənclərə tövsiyəm odur ki, çalışın, sizdən qul kimi istifadə etməsinlər. Öz haqqınızı heç kimə verməyin. AXCP xalqın partiyasıdır, xalqın hərəkatıdır və biz onu xalqa qaytaracağıq. Biz böyük bir partiyanı yox, həm də AXC hərəkatını dirçəltməyə qərarlıyıq.

Rəqsanə Qarabağlı