Yuxarı

“Hər yerdə rüşvət alınır, “haqq” yığılır”

“Hər yerdə rüşvət alınır, “haqq” yığılır”

[caption id="attachment_2202" align="alignleft" width="394"]zelimxan memmedli Zəlimxan Məmmədli: “Siyasi partiyalar, vətəndaş cəmiyyəti quruluşları təmərküzləşməsi və hakimiyyəti ciddi islahatlara məcbur etməlidir”[/caption]

“Çağdaş Azərbaycan Respublikası Məhəmməd Əmin Rəsulzədənin qurduğu ADR-in ideya-siyasi varisidir. Əgər gerçəkdən o dəyərlər, milli ideologiya olan müsavatçılığın təməlləri aparıcı olsaydı, bu utanc gətirən naqisliklər olmazdı”. Bunu “Cumhuriyət”ə açıqlamasında “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, Azərbaycanda baş verən naqisliklər,  başımızı aşağı edən şərəfsizliklər   qurucu liderlərimizin ruhlarını da incitməkdədir:

“Qanunun şah olduğu cəmiyyət quruculuğu, qanunun ayaq altında olan cəmiyyətlə əvəzləndi.  Bu cür cəmiyyətlər üçün istismarçılıq, sosial ədalətsizlik, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, qanunsuzluqlar, hüquq sisteminin və siyasi sistemin tənəzzülü xarakterikdir.  Ən kiçik hakimiyyət orqanından tutmuş ali hakimiyyət orqanlarına qədər hər yerdə rüşvət alınır, haqq yığılır, konvertlə maaş verilir, rəsmi səviyyədə dövlət büdcəsi boşaldılır. İstədikləri insanı həbsə salır, istədikləri cinayətkarı qəhrəman, qəhrəmanı isə cinayətkar edə bilirlər. Vaxtı ilə Daxili İşlər Nazirliyində Hacı Məmmədov olayı, indi isə Milli Təhlükəsizlik Nazirliyinin rüsvayçılığı nümunələrdir. 1993-cü ildən bu vaxta qədər bütün seçkilər saxtalaşdırılıb, hakimiyyətin dinc-demokratik yolla dəyişilməsi ənənəsi bərqərar ola bilməyib. Rəsmi səviyyədə səhiyyə, təhsil sistemi tənəzzülə yuvarlanıb, milli məsələlər isə ən arxa planda görünür. Diplomatiyamız tutuquşu rolunu oynayır, hər yoldan keçənə 20 ildən çoxdur əzbərlədikləri teksti söyləməklə obıvatelə hesablanan təbliğatla işlərini bitmiş bilirlər. Ümumən naqisliklər sunami, yüksək ballı zəlzələ effekti verməkdədir”.

O, həmçinin “cəsarətlə deyə bilərəm ki,

 bir dənə də olsa nümunəvi dövlət hakimiyyət orqanı yoxdur”,- deyə əlavə edib: “MTN-də olanlardan da betər olan qurumların olması istisna deyil. Gömrük, Vergi, bank sistemi soyğunçu, bəzi  qurumlar içtimai rəydə kriminallaşmış, marginallaşmış, hər biri dövlətçiliyimiz üçün qorxu mənbəyinə çevrilib. Elə məmurlar var ki, onların var- dövlətinin müqayisə predmeti dövlət büdcəsidir. 20-30 milyard bir şəxsin cibindədir. Bu milyardlar milliləşmədikcə cinayətkarları, İŞİD-i, PKK-nı, ASALA-nı və s. terror qruplarını öz millətinin, onun dəyərlərinin üzərinə saldırmaq gücündədir.

Milyardları mənimsəyənlər var ki, dövlətini qorumaq üçün öz millətini, onun dövlətini belə qurban vermək əqidəsindədirlər. Belələri həm də çox qorxaqdırlar. İslahat seli onları bir anın içində zibilə çevirə, millətin, demokratiyanın yolundan təmizləyə bilər”.

Onun fikrincə, bundan qurtulmaq üçün dünya tarixində sınanmış yollar mövcuddur: “Əksər parametrləri ilə cəmiyyətimizdə inqilabi situasiya elementləri  xeyli güclənmişdir.

Bunu şəxsən məqbul yol hesab etmirəm. İkinci yol, siyasi partiyaların, vətəndaş cəmiyyəti quruluşlarının təmərküzləşməsi və hakimiyyəti ciddi islahatlara məcbur etmələri yoludur. Bu yol indiki zamanda real görünmür. Çünki bu institutlar iflic vəziyyətinə salınıb.

Üçüncü yol yuxarıdan başlanan islahatlardır. Yəni rəsmi hakimiyyətdə islahat meylli nüvə yaranır və o ardıcıl addımlarla həm özünü, həm də cəmiyyəti daha mütərəqqi sabaha daşımaq istəyir. Bu variantı indiki zamanda ən real yollardan biri kimi görürəm. Prezident müəyyən, şok effektli addımlar atmağa başlayıb. Əvvəlki təcrübələrimiz nikbinliyə, bu əməliyyatların ciddi islahatlara çevriləcəyinə inam yaratmır. Əgər proses islahata meylli olarsa, bundan dövlətimizin qazanacağı düşüncəsindəyəm. Haqlı sual oluna bilər ki,  prezidentin təkbaşına bu bataqlığın içərisində prosesi islahatlara çevirməyə və bunu uğura aparmağa gücü çatacaqmı? Konkret cavab vermək xeyli çətindir. Bu proses ciddi islahatlara çevrilməsə, daha ağır sonluqlar, dövlətçiliyimizin və milli maraqlarımızın tənəzzülü ehtimalı real, acı sonluğa çevrilə bilər”.

Z.Məmmədli hesab edir ki, bu prosesin uğura çevrilməsi prezidentin siyasi iradəsindən, olub keçənlərdən düzgün nəticə çıxararaq, cəmiyyətin daha geniş strukturlaşmış təbəqəsi- siyasi partiyalar, mülki cəmiyyət quruluşları, aydınları bu ideya ətrafında vahid cəbhədə təmərküzləşdirə bilməsindən, ideyanın xalq etimadı qazanmasından çox asılıdır: “Çətin də olsa, bu variantı mümkün  və daha real hesab edirəm. Prezident başladığı prosesi, islahatlara çevirməyə borcludur. Bu, həm də, onun tarixə çətin vəziyyətdən çıxan prezident kimi imza atması üçün çox vacibdir. Əks halda, böyük təhlükələrlə üz-üzəyik....

Biz utanc gətirən naqisliklərdən qurtarmalıyıq! Ölkəmizdəki vəziyyət radikal formada dəyişməlidir. Bunun üçün hər şeyimiz var.

Xilas formulunu qısaca belə sistemləşdirmək, sıralamaq olar: - siyasi iradə, cəmiyyətin bütövləşməsi, siyasi sistemin saflaşması və təmərküzləşməsi, cinayətkarlardan hakimiyyətin güzəştsiz oliqarxların texnokratlarla əvəzlənməsi sadaladığım “xilas formulun”  həyata vəsiqə qazanmaması ucbatından heç bir şeyi dəyişməyəcək və zaman kəsiyində vəziyyət daha da ağırlaşacaq”.

Cavad





Həftənin ən çox oxunanları