Yuxarı

Dövlət zordan, dindarlar təxribatdan çəkinməlidir

Dövlət zordan, dindarlar təxribatdan çəkinməlidir

Regionda baş verən hadisələr sabitliyin qorunmasını zəruri edir

“Nardaranda polislə dindarlar arasında toqquşma, atışmalar nəticəsində ölüm hadisəsinin baş verməsi, hər iki tərəfdən adamların yaralanması, Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırzadənın və onunla bərabər daha bir nəfərin naməlum istiqamətə aparılması barədə məlumatlar çox üzücüdür. Həm dindar ağsaqqallar, həm də hüquq-mühafizə orqanları tərəfindən sakitliyin bərqərar edilməsi üçün qarşılıqlı addımlar atılmalıdır.

Yaşanan bu hadisəyə ciddi şəkildə hüquq müstəvisində, o cümlədən fərdlərin dini, siyasi, ictimai hüquqları çərçivəsində qiymətin verilməsi zəruridir”. Bunu AXCP sədri Razi Nurullayev Nardaranda baş verən hadisəyə münasibət bildirərkən deyib. Partiya lideri deyib ki, regionda baş verən qeyri-stabil hadisələr ölkədaxili sabitliyin və təhlükəsizliyin qorunması, o cümlədən dövlət-vətəndaş dialoqunun gücləndirilməsini zəruri edir. “Biz hakimiyyəti və dindarları zor tətbiq etməkdən çəkinməyə və prosesin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq”,- deyə Razi Nurullayev vurğulayıb.

Mübarizə qapalı aparılmalıdır

Yaxın Şərq dövlətlərində dini zəmində baş verən silahlı qarşıdurmalar zamanı Azərbaycanda bu cür hala yol verilməsi dövlətin təhlükəsizliyi üçün ciddi təhdid mühiti yaradır. Azərbaycan region sərhədlərində yerləşir və zaman-zaman bölgədəki müharibələrdə iştirak edən İŞİD kimi radikal terror təşkilatları ölkəmizi də təhdid edirlər. Azərbaycan cəmiyyətində isə Yaxın Şərq proseslərinə münasibət birmənalı deyil. Müəyyən qism baş verənlərə münasibətdə səssizliyini qorusa da, iki cəbhə var ki, onlardan biri Səudiyyə Ərəbistanının dəstəklədiyi sələfi dünyagörüşünü, digər qism isə İran - “Hizbullah” tandeminin tərəfində olduğu şiə əqidəsini paylaşır. Yəni biri-birinə qarşı müəyyən şərtlərdə zidd olan bu ideologiyaların Azərbaycanda kifayət qədər daşıyıcıları var. Eyni zamanda bundan istifadə edərək, Azərbaycanı da Yaxın Şərq proseslərinə cəlb etmək istəyən dövlətlər aktiv fəaliyyətdədirlər. Həmin dövlətlər ölkəmizi qarışdırmaq üçün fürsət gözləyirlər. Dini radikalizmə qarşı mübarizə aparılmalıdır, bu dövlətin təhlükəsizliyinin təmin edilməsində vacib elementlərdən biridir. Lakin bunu açıq müstəvidə aparmaq Nardaran hadisələri timsalında ciddi qarşıdurmalara gətirib çıxarır. Bu təcrübə özünü Liviya və Suriyada ən pis formada sübut edib. Odur ki, regiondakı həssaslığı nəzərə alaraq, dövlətin təhlükəsizliyi üçün təhdid hesab edilən şəxs, yaxud şəxslər, qrup, yaxud qruplaşmalara qarşı onların toplaşdığı mərkəzlərdə mübarizə aparmaq lazımdır, ictimaiyyət arasında yox. Çünki dini dünyagörüş elə bir anlayışdır ki, bu baxışın üzərinə cüzi seziləcək aqressivliklə getdikcə, əks cavab çox kəskin alınır. Təhlükəni böyüməməsi üçün öz beşiyində boğmaq lazımdır. Lakin istənilən halda təhlükəsizlik qüvvələrinin regionda yaranmış həssas situasiyanı nəzərə alaraq, radikalizm üzərində gördükləri tədbirlər təqdirəlayiq haldır. Amma bu qapalılıq, gizlilik tələb edən məsələdir. Radikallarla mübarizə dövlət sirri timsalında aparılmalıdır ki, dövlətimizə qarşı olan qüvvələrin əlləri üçün oynamayaq.

[caption id="attachment_1311" align="alignleft" width="347"]uzeyir ceferov Üzeyir Cəfərov: “İşi vaxtında görmək lazım idi”[/caption]

Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə bildirdi ki, kimliyindən asılı olmayaq altı həmvətənimiz Nardaran hadisələrində dünyasını dəyişdi. Ü.Cəfərovun sözlərinə görə, onların içərisində xidməti vəzifəsini yerinə yetirən iki polis nəfərimiz, həmçinin hələ ki, adları tam açıqlanmayan hadisə iştrakçıları. Ekspert hesab edir ki, onlar hansısa başqa ölkədən ora gələnlər yox idi, hamısı Azərbaycan vətəndaşları idilər:

“Eyni zamanda onlarla yaralı insanımız da var ki, hələ bilmək olmaz, onlardan neçəsi sağalıb normal həyatına davam edəcək, neçəsi ömürlük əzab-əziyyətə qatlaşmalı olacaq. İndi dövlət və hökumət, həmçinin ağızlarını aylarla açıb danışmayan deputatlar, dini qurumlar və din xadimləri sanki növbəyə durmuş kimi danışırlar. Özlərini çox üzgün göstərmək istəyirlər. Mən şəxsən  vəziyyətin kritik və faciəvi həddə gəlib çatmasında, onlarla insanın faciəsində müvafiq olaraq Sabunçu Rayon Polis İdarəsinin Nardaran qəsəbəsi üzrə sahə müvəkkili olan polis zabitini, həmçinin milli təhlükəsizlik orqanlarının bu rayon üzrə cavabdeh şəxsini birinci növbədə kəskin şəkildə qınayıram. Əgər o şəxslər öz üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirsəydilər, bu gün bu cür acınacaqlı vəziyyətlə biz üzləşməzdik. Bakıda İSSESKO-nun keçirdiyi mühüm dövlət tədbiri zamanı hadisənin baş verməsi şəxsən məni çox üzdü. Biz iclas zalında dini dözümlülük, tolerantlıqdan danışdığımız zaman Nardaranda güclü toqquşma və atışma baş verdi. Ölən və yaralananlar oldu. Hadisə yerində baş verənlər ani olaraq bütün dünyaya yayıldı. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların minlərlə əsgər və zabiti, maşın və texnikası, digər qurumların məsul şəxsləri hadisə yerindədirlər. Olmazdımı ki, əlaqədar qurumlar öz işlərini necə lazımdırsa, vaxtında görəydilər və bu qədər faciəyəyə və dövlət vəsaitinin sərf edilməsinə ehtiyac qalmazdı? Əlbəttə ki, olardı və vacibdir. Gəlin Azərbaycanımızı ürəkdən sevək və qoruyaq”.

[caption id="attachment_3017" align="aligncenter" width="254"]Ferhat Mehtiyev Fərhad Mehdiyev: “Bir kəndin əhalisi dövlətlə mübarizə apara bilməz”[/caption]

“Nardaran da ölkəmizin bir parçasıdır, oranın sakinləri də. Yaxşı olardı ki, məsələn, Şeyx (Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni nəzərdə tutur) oraya gedib insanları küçədən evlərinə toplasaydı daha yaxşı olardı. Dövlət qurumlarına gəldikdə isə, məncə heç müdaxilə olunmasa yaxşıdır, çünki bir müddət sonra bu insanlar evlərinə gedəcəkdilər. Bir kəndin əhalisi dövlətlə mübarizə apara bilməz, bu absurddur, güclər xeyli fərqlidir. Odur ki, barrikada qurmaq olmaz, bu bir etiraz bildirişi olsa da, məntiqli deyil”, - Nardaran hadisələrinə münasibət bildirən politoloq Fərhad Mehdiyev isə belə deyib.

Mənsur





Həftənin ən çox oxunanları