Yuxarı

Dövləti hər kəs qorumalıdır

Dövləti hər kəs qorumalıdır

nardaran“Zorakılıqla əhalini dövlətə qarşı çevirmək olmaz”

Nardaran gərginliyi səngimək üzrədir. Meydan boşaldılıb, qəsəbənin mərkəzində qurulmuş çadır sökülüb, sakinlərin böyük əksəriyyəti evlərinə dağılışıb. Lakin  hökumətin danışıqlarda sərt mövqe göstərəcəyindən ehtiyatlananlar var. Nardaran Ağsaqqallar Şurasının sədri kərbəlayı Natiq Kərimov deyib ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda keçirdiyi əməliyyat nəticəsində ölənlərin cənazələri ailələrinə təhvil verilməsi üçün dövlət qurumlarına müraciət ünvanlanıb. N.Kərimov qeyd edib ki, müraciətdə həmçinin "İmam Hüseyn" meydanının boşaldıldığı vurğulanıb, Nardaran sakinlərinin məsələnin dinc yolla həll edilməsinin tərəfdarı olduqları qeyd edilib:

"Cənazələrin verilməsinə çalışırıq. Bundan əlavə, kənddə işıq yoxdur, tezliklə işığı bərpa etmək lazımdır. Burada işləri həll edən dövlətdir".

O deyib ki, noyabrın 29-da "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra hər hansı xoşagəlməz hal baş verməyib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev hesab edir ki, Nardaran kəndində baş verən hadisə din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələr tərəfindən idarə olunan terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdidir: “Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir”. Onun sözlərinə görə, Nardaranda baş verən hadisələr göstərdi ki, onlar öz məqsədlərinə çatmaq üçün nəinki təbliğat-təşviqatdan, hətta silahlı qarşıdurmadan da çəkinmirlər: “Polis qardaşlarımızın orada öldürülməsi də bunun göstəricisi kimi dəyərləndirilə bilər. Bu, sadəcə qətl deyil, eyni zamanda dövlətə qarşı qalxmaqdır. Əlbəttə, bunun bir bədəli olmalıdır. Hesab edirəm ki, dövlət öz güc və potensialından istifadə edərək bütövlükdə ekstremist təmayüllü şəxslərə qarşı çox sərt davranış nümayiş etdirməlidir. Burada hər hansı bir güzəşt ola bilməz. Əlbəttə ki, Azərbaycanda hər kəsin baxışlarına, düşüncələrinə hörmətlə yanaşılır”. Ə.Nuriyev əlavə edib ki, bu gün Nardaran özünəməxsus adət-ənənələri ilə fərqlənir: “Hətta Nardaran ağsaqqallarının özləri belə bu kimi hadisələrin qarşısını almağa cəhd göstərməlidirlər. Burada bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən orta əsr qaydaları ilə yaşamaq istəmək arzusunda olanlar var. Bu şəxslərin hərəkətinin qarşısı alınmalıdır. Düşünürəm ki, Nardaran camaatı yetərincə bacarıqlı və qabiliyyətlidir. Hətta onların özləri də bu ekstremistlərin qarşısının alınması ilə bağlı nəhayət hərəkətə keçəcəklər”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə Modern.az-a açıqlamasında deyib ki, Nardaranda baş verənləri bütöv qəsəbə camaatı ilə əlaqələndirmək yanlışdır: “Nardaran camaatı inanclıdır. Azərbaycan qanunlarına tabe olmaqla yanaşı, Azərbaycan hakimiyyətini də tanıyırlar. Hər kəs bilməlidir ki, Azərbaycanda qanunlar işləyir. Düzü, silahlı dəstənin Nardaranda yerləşdirilməsindən çox narahat oldum.Silahlı dəstə nə deməkdir?! Dövlət varsa, silahlı dəstə zərərsizləşdirilməlidir. Bu, bütün dövlətlərdə belədir. Ümumiyyətlə, belə hadisə olmamalı idi”.  Deputatın sözlərinə görə, dövlətin qanunlarına sayğı ilə yanaşılsaydı, bu hadisə də olmazdı: “Bakı Kəndlər Birliyində şöbə müdiri olduğum dönəmlərdə Nardaran camaatı ilə sıx təmaslarımız olub. Bilirəm ki, Nardaran kəndinin ağsaqqalları hakimiyyətin hərəkətlərini başa düşürlər. Eyni zamanda, bu dəstənin hərəkətləri təəssüf doğurur. Nardaranda silahlı insident olmamalı idi. Dövlətin, istintaqın çağırışına məhəl qoymaq lazım idi. Hacı Taleh Bağırzadə istitaqın çağırışına getməli və cavab verməli idi”. Tahir Kərimli kənar qüvvələrin təsirini də istisna etməyib: “Şübhəsiz ki, Nardaran hadisələrində başqa dövlətlərin maraqları var. Nardaranda İranın müəyyən qədər təsirləri var. Amma o camaatı çox yaxşı tanıyıram. Dindar olmaqlarına şübhə yoxdur. Eyni zamanda, dövlətə, xalqa bağlı camaatdır. Nardaran bir növ dinimizin, muğamatımızın paytaxtıdır.O kənddən çox görkəmli insanlar çıxıb. Nardaran kəndini bütövlükdə pis işlərə aid etmək olmaz. Tez-tez nardaranlılarla söhbət edirəm. Onlar vətənini sevən insanlardır”.

Nardaran hadisələri ilə bağlı diqqət çəkən bir məqam isə ziyalıların gərginliyin aradan qaldırılması üçün heç bir səy göstərməməsidir. Şair Vüqar Əhmədin məsələyə münasibəti maraqlı oldu: “Milli Məclisə seçkilərdə Nardaranlı namizəd xanım mənə "qələbə" çaldı, yaxşı olar onun fikirlərini öyrənəsiz. Kənddən seçilən millət vəkili kimi vəziyyəti yoluna qoysa yaxşı olar. Nardaran ədəbi mühiti ilə həmişə seçilib. Bu təxribatdır, inanmıram nardaranlılar dövlətə qarşı aqressivlik göstərsinlər. Burada düşmən əli var. Polislər şəhid oldu-Allah rəhmət eləsin! Dövlətə qarşı çıxmaq olmaz. Onsuz da dünyada geosiyasi vəziyyət yaxşı deyil. Dövlətimizi, xalqımızı qorumalıyıq”.

Cavad





Həftənin ən çox oxunanları