Yuxarı

“İqtidar-müxalifət dialoquna zərurət yaranıb”

“İqtidar-müxalifət dialoquna zərurət yaranıb”

[caption id="attachment_620" align="alignleft" width="354"]Arastun Orujlu Ərəstun Oruclu: “Hadisələr göstərdi ki, dövlət orqanlarına etibar yüksək səviyyədə deyil” [/caption]

“Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ölkədə və regionda baş verən ictimai-siyasi proseslər barədə “Cümhuriyət”in suallarını cavablandırdı.

- Ərəstun bəy, Nardaran hadisələrinə münasibətinizi bilmək istərdik. Sizcə kənddə vəziyyəti bu həddə çatdıran səbəb nədir?

- Nardaranda əməliyyat keçirildi, əməliyyatın detalları məlum deyil, amma ortada rəsmi məlumat və baş vermiş ölüm hadisəsi var. Həm polis tərəfindən, həm də açıqlamada deyildiyi kimi terror, yaxud iğtişaş hazırlayan radikallar tərəfindən ölənlər oldu. Bəziləri tərəfindən bu hadisə bir növ Nardaran sakinlərinə, camaatına qarşı təcavüz kimi qəbul olundu. Halbuki Azərbaycan Respublikası ərazisinin hər bir hissəsi Azərbaycan qanunlarına tabedir. Əgər orada bu və ya digər əməliyyat keçirilirsə, əməliyyatda da hər iki tərəfdən ölənlər olursa, bunu az qala bir kəndi dağıtmaq kimi qəbul etmək kimi qələmə verilirsə, görünür, bunda maraqlı tərəflər var idi. Lakin təəssüflər olsun ki, Azərbaycanda dövlət orqanlarına etibar da yüksək səviyyədə deyil. Bu məsələyə bir qədər ehtiyatla yanaşıram. İstənilən halda isə dövlət orqanları konkret şəxslərə qarşı əməliyyat keçiriblər. Bu konkret şəxslərə qarşı keçirilən əməliyyatları bir kəndin camaatına qarşı, xüsusilə bu cür təhrikçi addımlar ataraq guya dindarlara qarşı əməliyyat kimi dəyərləndirmək təxribatdır. Başqa tərəfdən isə telekanallarda, müxtəlif informasiya vasitələrində yayımlanan “Nardarana hücum etmək lazımdır”, “Kəndi polis, silahlı qüvvələr hesabına nəzarətə götürmək lazımdır”, “Kəndin işığını söndürmək lazımdır” və s. kimi çağırışların özü də təhrikdir. Bu təhriklə o biri təhrik arasında heç bir fərq yoxdur. İstənilən halda təhriklərin heç birinə gedilməməsi sevindirici haldır. Məsələ dinc yolla həll edilməlidir.

- Fikrinizcə, ölkədə baş verən son hadisələr iqtidar - müxalifət dialoqu zərurətini yaratmır?

- İqtidar-müxalifət, iqtidar-vətəndaş cəmiyyət dialoqu çoxdan zəruridir. Amma təəssüf ki, Azərbaycan ictimai-siyasi reallığında dialoq mədəniyyəti çox aşağı səviyyədədir. Bizdə problemlərin, fikir ayrılıqlarının çözülməsində daha çox qarşılıqlı ittihamlardan, qarşılıqlı zorakılıqlardan istifadə edilir, nəinki dialoqdan.

- Ərəstun bəy, başqa bir məsələyə münasibətinizi bilmək istərdik. Bildiyiniz kimi, Rusiya - Türkiyə gərginliyi pik həddinə çatıb. Artıq NATO da prosesdə fəallıq nümayiş etdirir. Fikrinizcə, bu, NATO - Rusiya qarşıdurmasına çevrilə bilər?

- Rusiyada məlum təyyarə olayı ilə bağlı aparılan isteriya siyasəti, ictimai isteriya yaratmaq səyləri əslində insanların diqqətini ölkənin sosial-iqtisadi, siyasi problemlərindən yayındırmaq cəhdidir. Türkiyə təyyarəni vurmamalıydı. Çünki bu Putin hakimiyyətinə, Rusiyadakı imperialist, şovinist kəsimə bir rəvac vermək idi ki, onlar öz əməllərini pərdələsinlər, paranoyal təbliğat qursunlar. Rusiyanın nüvə və digər təhdidlərinin hamısı publikaya oynamaqdır, daxili auditoriyanı qızışdırmaqdır. Ortada bundan başqa heç nə yoxdur. Təyyarənin vurulmasının başqa tərəfinə gəlincə, görünür Rusiya silahlı qüvvələrinin davranışı hamını yordu. Son 6 ayın rəsmi statistikasına baxdıqda görərik ki, Rusiya hərbi təyyarələri ən azı 6 NATO dövləti sərhədlərini pozub, o cümlədən Türkiyənin hava sərhədlərini 3-4 dəfə pozub. Təyyarə vurulduqdan sonra başlayan olaylar fonunda məlum oldu ki, Rusiya təyyarələri İsrailin də hava sərhədlərini pozub. Buna haradasa, bir “Dur!” deyilməliydi. Əlbəttə, bunun sonradan Rusiyanın rəsmi təbliğatına rəvac verəcəyini də hesaba almaq lazım idi.

- Rusiya düşdüyü bataqlıqdan çıxa biləcək?

- Rusiya düşdüyü bataqlığa başqalarını çəkməklə məşğuldur və müəyyən uğur da əldə edib. Lakin perspektivdə hamını bataqlığa çəkmək qeyri-mümkündür. Əslində Rusiyanın düşdüyü bataqlıqda qalması da təhlükəlidir. Söhbət iqtisadi və siyasi baxımdan yox, militarist baxımından güclü dövlətdən gedir. Siyasətinin də aqressiv olduğunu bura əlavə etsək, Rusiya çox fəsadlar törədə bilər.

Rusiya hakimiyyəti və müxalifətinin proseslərə baxşını nəzərə alsaq, bu bataqlığın bitəcəyi görünmür. Məsələn, Rusiya müxalifətinin liberal nümayəndəsi sayılan Navalnın mövqeyi aşırı şovinist, aşırı irqçi yanaşmadır. Yəni Rusiyanın liberalı, demokratı bu gündədirsə, onun hakimiyyətindən heç nə gözləməyə dəyməz. Görünür, cəmiyyətin tələbatı da belədir. Rusiya cəmiyyəti uzun əsrlərdir ki, bu imperialist, şovinist siyasətə köklənib. Ona görə, Rusiyanın yaxın gələcəkdə bu bataqlıqdan çıxacağını gözləmirəm. Ən azı yaxın 30 ildə bir işıq ucu görünmür.

Mənsur





Həftənin ən çox oxunanları