Yuxarı

AXCP sədrinin müavini: “Xilasetməyə səfərbər olmaq lazım idi”

AXCP sədrinin müavini: “Xilasetməyə səfərbər olmaq lazım idi”

Ehtiram Mehtiyev“Xəzər amansızdır, neçə canlar alıb. Onunla zarafat etmək olmaz. Bunu həm SOCAR, həm də FHN bilməli idi. Son hadisə göstərdi ki, biz hələ də Xəzəri ciddiyə almırıq. Hələ “Günəşli” yatağında baş verən faciədə itkinlərin sayının çox olmasından narahat hissi keçirən FHN generalı İsrail Əliyevin müsahibəsində həyəcanını gizlədə bilməməsi vəziyyətin son dərəcə ciddiliyindən xəbər verirdi”. Bunu Cebhe.info-ya AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev bildirib ki, FHN məsələyə məsuliyyətsiz yanaşıb: “Qaranlıq düşdüyündən işimizi səhərə saxladıq” və “Neftçilərin əynində xilasedici jilet olmalıydı” deyən FHN generalı bilməli idi ki, adından da məlum olduğu kimi, onların işi son itkin düşəni tapana qədər axtarışı davam etdirmək idi. Fövqəladə Hallar Nazirliyinin borcu normal yox, anormal, ekstremal vəziyyətlərə hazır olmaqdır. Küləyi və dalğaları təqsirləndirməklə məsuluyyətdən qaçmaq olmaz. Onsuz da fövqəltəbii qüvvələrdən kömək diləməkdən yorğun düşmüşük. Bəs işçilərin təhlükəsizliyinə kim cavab verməlidir? Yanğın zamanı təhlükəsizlik qaydalarına niyə əməl olunmadı? Bu sualları SOCAR-a versək çox güman ki, günahı dalğalarda görəcəklər. Məlum olan odur ki, baş verən qəzada təhlükəsizlik qaydalarına əməl olunmamışdır”.

Ehtiram Mehtiyev qeyd edib ki, çox çətin vəziyyətdə işləyən və ailəsini ağır şərtlər altında dolandıran insanların harayı yanğın gecəsi eşidilməliydi. “Kimsə iş vaxtının qurtardığını və hava şəraitini, qaranlıq düşdüyünü bəhanə edib yatmamalıydı.

Heç kəs heç kəsi fövqəladə hallara cavabdeh olmağa məcbur etməyib. Xilasetməyə səfərbər olmaq lazım idi, cəsəd axtarmağa yox”.

Cebhe.info





Həftənin ən çox oxunanları