Yuxarı

“Diplomatlar qiyamı”nın pərdəarxası

“Diplomatlar qiyamı”nın pərdəarxası

usyankar sefirler  “Üsyankar səfirlər”in kürəyindəki əl

“Azərbaycanın Niderland Krallığındakı səfirliyinin sabiq konsulu Nahid Cəfərov və Avstraliyadakı səfirliyinin keçmiş katibi Anar Həsənov Xarici İşlər Nazirliyinin qərarı ilə diplomatik dərəcədən məhrum ediliblər”. Bu açıqlama Cebhe.info-ya XİN mətbuat xidmətindən verilib. Xatırladaq ki, Anar Həsənov 2015-ci il sentyabrın 7-də işlədiyi səfirlikdə korrupsiya hallarının baş verməsi barədə açıqlamalar yaydıqdan sonra tutduğu vəzifədən azad edilmiş, barəsində isə cinayət işi qaldırılmışdı. Lakin Anar Həsənov Azərbaycana qayıtmaqdan imtina edərək Avstraliyadan siyasi sığınacaq istəyib.

Nahid Cəfərov da bu il sentyabırn 12-də tutduğu vəzifədən azad edilib və Bakıya - Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib. Hər iki hadisə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki sabiq səfiri Arif Məmmədovun hakimiyyətə etiraz olaraq müxalifətə keçməsindən sonra növbəti “diplomatik qiyam” hesab olunurdu. Prezident İlham Əliyevin 2015-ci il noyabrın 13-də verdiyi sərəncamla Arif Məmmədov səfir vəzifəsindən geri çağırılmış və onun diplomatik rütbəsi ləğv edilmişdi. XİN-nin verdiyi məlumatda qeyd edilir ki, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri dərəcəsinin verilməsi Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olduğundan səfirlərin geri çağırılması və müvafiq dərəcədən məhrum edilməsi də dövlət başçısının səlahiyyətinə aiddir. “Ona görə də Arif Məmmədovun diplomatik dərəcəsi Azərbaycan prezidenti tərəfindən ləğv edilib. Digər səfirlik əməkdaşlarının diplomatik ranqları isə XİN tərəfindən verilir. “Diplomatik Xidmət haqqında” Qanunun tələblərinə əsasən Anar Həsənov və Nahid Cəfərov diplomatik ranqlarından məhrum edilmişlər”. Qeyd edək ki, “Diplomatik Xidmət haqqında” Qanunun 11.2 maddəsinin yeni variantına görə, Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər. Bu baxımdan qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər “üsyankar diplomatlar”ın cəzalandırılması ilə yanaşı, XİN sistemində bu ilin may ayından başlayan qiyamların digər səfirliklərdə təkrar olunmasının qarşını almağa xidmət edirdi. Hətta cəza tədbirlərinin tərkib hissəsi kimi xarici işlər naziri Elmar Məmmədyarovun vəzifəsindən çıxarılacağına dair anonslar verilirdi. Sözügedən hadisələrin siyasi silsilə ilə baş verməsi hakimiyyət düşərgəsində baş qaldıran etirazların təsadüf olmadığından xəbər verirdi. Tezliklə Arif Məmmədovun hakimiyyəti dəyişməyə yönəlik çağırışları və “Ağ Qərənfillər” Hərəkatını yaratması siyasi ekspertlər hakimiyyət daxilində müxalifətin formalaşmasına dair fikirlərini təsdiqlədi. Ancaq bu proseslərin arxasında kimin və ya hansı siyasi gücün dayanması sualı ictimai çevrələrdə daha çox müzakirə obyekti idi. İlkin olaraq, bu ziddiyyətlərin hakimiyyət daxilində Qərbyönümlü və Rusiyameylli qrupların mənafe toqquşmasından qaynaqlandığı ehtimalı irəli sürülürdü. Çünki Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində qırmızı xətti keçmək cəhdləri Rusiya ilə ABŞ və Avropanın strateji maraqlarına uyğun olmayan şəkildə yaxınlaşması ilə müşahidə olunurdu. Onu da qeyd edək ki, bu təhlükə hələ aradan qalxmayıb. Belə bir şəraitdə Qərbin rəsmi Bakıya qarşı cəzalandırıcı metod kimi hakimiyyət daxilində hansısa müxalif qüvvəni dəstəkləməsi nəzəri baxımdan gözlənilən idi. Ona görə də diplomatik qiyamların baş qaldırması zamanı şübhəli nəzərlər Qərbyönlü baxışları ilə seçilən Elmar Məmmədyarova yönəlmişdi. İkinci ehtimal isə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə üzv etməyə çalışan Rusiyanın Azərbaycanın xarici işlər naziri postuna öz adamını gətirmək planları barədə idi. Hətta mediada həmin posta real namizədlər kimi konkret şəxslərin də adları çəkilirdi. Lakin Elmar Məmmədyarovun milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra hakimiyyət daxilində baş verən təmizləmə prosesindən kənarda qalması XİN rəhbərinin ətrafında yaranmış siyasi gərginliyin səngiməsi ilə müşahidə olundu. MTN olayları ətrafında aparılan araşdırmalar diplomatik

qalmaqalın təfərrüatları ilə bağlı yeni informasiyaların ortaya çıxması şübhələrin mənbəyinə gedib çıxmağa imkan verirdi. Yəni şübhələr xarici işlər nazirindən uzaqlaşdıqca, onun cəza tədbiri kimi işdən çıxarılacağına dair məlumatlar arxa plana keçməyə başladı. Eldar Mahmudov və onun ətrafının işdən azad edilməsi və həbsində hakimiyyəti ələ keçirmək məqsədilə gizli fəaliyyət planlarının dayanmasına dair yeni xəbərlər meydana çıxmaqdadır. Bu da MTN ətrafında baş verənlərin əslində korrupsiyaya qarşı mübarizə tədbirlərindən daha çox dövlət çevrilişi planlarının qarşısını almaq məqsədi daşıdığını deməyə əsas verir. Amma görünür, hakimiyyət ya parlament seçkiləri qabağı ölkədə daxili sabitliyin pozulmasından ehtiyatlanaraq, ya da yalnız xüsusi xidmət orqanlarına məlum olan məxfi informasiyaların cəmiyyətə sızmasının qarşısını almaq üçün Eldar Mahmudova və onun komandasına dövlət çevrilişinə cəhd ittihamını irəli sürməyib. Siyasi çevrələrdə və mediada bu ehtimal tez-tez səslənsə də bir sualın cavabı açıq qalırdı- Eldar Mahmudov korrupsioner, müəyyən qədər Rusiya meylli siyasi baxışlara malik biri olduğundan onu hakimiyyətə gətirmək Qərbin nəyinə lazımdır? Üstəlik, Azərbaycanda vətəndaş cəmiyyətinin məhv edilməsində Eldar Mahmudovun xüsusi rolu olub. Deməli, siyasi planın müəllifi nə Arif Məmmədovdur, nə Eldar Mahmudov. Onlar sadəcə olaraq, böyük oyunun həyata keçirilməsində icraçı funksiyasını yerinə yetirməli idilər. Arif Məmmədov səfir vəzifəsindən istefa verdikdən sonra cəmiyyətdə yeni siyasi lider, hakimiyyətə qarşı yeni güc mərkəzi kimi təqdim olunsa da, onun bu fəallığı cəmi 3-4 ay çəkdi. Eyni zamanda, ölkədə siyasi populyarlığı olmayan “qiyamçı diplomat”ın hakimiyyət daxilində də güclü dəstəyi yox idi. Son vaxtlar KİV-ə verilən açıqlamalarda isə Eldar Mahmudovun baş nazir postuna iddialı olduğu deyilir. Məsələn, “Şərq-Qərb” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu yaxınlarda “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirmişdi ki, Akif Çovdarov hər yerdə “Eldar Mahmudov baş nazir olacaq”-deyirmiş. Ekspert həmçinin Eldar Mahmudovun və komandasının məqsədinin hakimiyyəti ələ keçirmək olduğunu deyib. Bu halda sual yaranır- Əgər Eldar Mahmudov hakimiyyəti devirmək istəyibsə, nə üçün prezident deyil, baş nazir olmaq iddiasında olub? Bu suala iki cür vermək olar. Ya bu məlumat əsassızdır, ya da ki, prezident kürsünə iddialı olan şəxs, yəni E.Mahmudovun arxasında siyasi dirijorluq edən qüvvə pərdə arxasındadır. Xatırladaq ki, E.Mahmudov vəzifədən çıxarılanda A.Məmmədov onun İsrail kəşfiyyatı ilə sıx əlaqələr qurduğunu, prezidentin və digər vəzifəli şəxslərin dinlənilməsində Təl-Əvivdəki həmkarlarının köməyindən yardım aldığını söyləmişdi.

Hətta A.Məmmədov E.Mahmudovun işdən çıxarılmasına və MTN-dəki həbslərə İsraildən cavab addımları atılacağına dair xəbərdarlıq etmişdi. O, cavab addımları deyərkən E.Mahmudovun Azərbaycanın xarici ölkələrdəki səfirliklərində çoxlu sayda öz tərəfdarlarını müxtəlif vəzifələrə yerləşdirdiyini və bu səbəbdən də həmin diplomatların qiyama qalxacağını açıqlamışdı. Ancaq görünür, Azərbaycan iqtidarının atdığı preventiv tədbirlər bu təhlükənin qarşısını aldı. Bununla bağlı redaksiyamıza daxil olan ilginc məlumat isə hakimiyyət çevrilişi planının pərdəarxası məqamlarını açmağa imkan verir. Belə ki, xaricdə olan bir şəxslə əlaqədə olan Eldar Mahmudov icraçı olub. İsrail xüsusi xidmət orqanları isə hakimiyyətin ələ keçirilməsi planında vasitəçi rolu oynayıb.

Daha dəqiq desək, çevriliş baş tutacağı təqdirdə ABŞ-ın maraqlarının müdafiəçisi olan şəxs prezident, Eldar Mahmudov baş nazir postuna sahib olmalı imiş. Bu siyasi planın həyata keçirilməsində Eldar Mahmudovun əlində olan geniş inzibati resurslardan istifadə olunması qarşıya məqsəd qoyulub.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları