Yuxarı

Həbs etdir, pafoslu danış, qəhrəman ol...

Həbs etdir, pafoslu danış, qəhrəman ol...

vusal qarayevƏgər mən bilsəm ki, bir ananın göz yaşlarına, övlad dərdinə çarə olacağam, bir övladın ata həsrətinə son qoyub, gözlərini yollardan yığacağam, bir qadına səhərlər ərini işə yola salıb, axşamlar qarşılama xoşbəxtliyini yaşamasına səbəb olacağam, hökumətə nəinki xahiş etmək, yalvarmağa belə hazıram...

Bu, sadəcə, pafoslu, sözgəlişi işlədilən sözlər deyil. Bu günlərdə Azərbacan Xalq Cəbhəsi Partiyası prezidentə müraciət edərək, bütün siyasi məhbusların azad edilməsini ondan xahiş etdi. Amma bu humanist addımın altında qara işlər axtaran qara düşüncəli, qara niyyətli insanlar oldu. Üslubumuz yumşaqdır, xahiş etmişik deyə partiyamızı hakimiyyətə xidmət etməkdə günahlandırdılar.

İllərdir boş-boş danışıb, baş tutacaq işləri belə əngəlləməklə nəyə nail olursunuz ki?! O zaman biz niyə xalqın mənafeyinə xidmət edəcək bir problemin aradan qaldırılmasını xahiş etməyək? Bizi günahlandıranlar illərdir insanları aldadaraq, yalan vədlər verərək söyüşə, təhqirə, iğtişaşa, daş atmağa təhrik edərək həbslərinə bais oldular, indi biz onların qurbanlarının azadlığa qovuşması üçün yenəmi onlarla eyni yolu seçməliyik? Bəlkə də siz özünüz bircə gün həbsdə olsaydınız, azadlığın nə olduğunu anlayardınız, indi ağzınız isti yerdədir, rahat-rahat asıb-kəsirsiniz.

Hə, bəlkə kimlərsə o insanların azad olmasında maraqlı deyil? Yalançı qəhrəmana çevrilə bilməyəcəksiniz xalqın gözündə, eləmi? Axı insanların gözündə özünüzü ucaltmaq üçün hesabatlar hazırlamalısınız! Əgər siyasi məhbus dediyiniz insanlar azadlığa çıxarsa, təbii ki, hesabatınız da fəaliyyətiniz kimi boş, mənasız olacaq. Məhz ona görə istəyirsiniz ki, biz də gənclərin beynini yuyub küçələrə tökək, ölkədə xaos ortamı yaradaq, yeni həbslərə səbəb olaq? Və siz də rahat-rahat anaların göz yaşlarının arxasında gizlənib qəhrəman obrazı yaradasınız? Yox, bu dəfə alınmayacaq, bizim üzərimizdən iş görə bilməyəcəksiniz. Biz sivil, mədəni, dünyəvi, qaraguruhdan uzaq müxalifət formalaşdırmağı, insanların müxalifətə olan inamını, etibarını, hörmətini yenidən geri qaytarmağı qarşımıza məqsəd qoymuşuq. Yetər müxalifət liderləri xalqın adından öz mənfəətləri üçün istifadə etdilər! Siz hakimiyyəti söyün, cəzasını xalq çəksin, sizin də villalarınızın, obyektlərinizin, bank hesablarınızdakı pullarınızın sayı artsın, qrantlarınız çoxalsın. Budurmu sizin ədalət anlayışınız..? Biz AXCP olaraq nə ölkədə xaos ortamının yaranmasında, nə də kimlərinsə həbsə düşməsində, həbsdə qalmasında maraqlıyıq. Bizə şou lazım deyil ki, özümüzü yazıq, əzilən, döyülən, söyülən, insan hüquqlarının müdafiəçisi kimi göstərib, hansısa təşkilatlardan qrant toplayaq. Biz səmimi qəlbdən o insanların ailələrinə dönmələrini istəyirik və buna görə də iqtidardan xahiş etməyə hazırıq, təki sonunda analar, övladlar, ailələr sevinsin. O hakimiyyət ki, faktiki olaraq dövlətin, xalqın hökumətidir, istəsək də, istəməsək də, yeri gələr xahiş də edərik, tələb də, necə ki, edirik.

Ölkədə baş verən sosial bərabərsizliyə, məmur özbaşınalığına, ədalətsizliyə etirazımızı bildiririk, bildirəcəyik də. Amma biz vətəndaşımıza, dövlətçiliyimizə ziyan gəlməsinə yol verə bilmərik. Hər kəs etdiklərinə görə tarix qarşısında cavab verməli olacaq. Pafoslu çıxış edənləri çox görmüşük, bu gün də görürük, hanı nəticə? Önəmli olan nəticədir, o nəticəyə hansı yolla nail olmaq yox. Əgər bir Azərbaycan vətəndaşı azadlığına, ailəsinə qovuşacaqsa, dəfələrlə, dönə-dönə xahiş etməyə hazırıq...

Vüsal Qarayev





Həftənin ən çox oxunanları