Yuxarı

Əfv olmasa, sanksiyalar qaçılmazdır

Əfv olmasa, sanksiyalar qaçılmazdır

[caption id="attachment_731" align="alignleft" width="399"]tural abbasli Tural Abbaslı: “Siyasi məhbuslar, demokratiya üzərindən öz maraqlarını təmin etməyə çalışırlar”[/caption]

ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiqinə dair qanun layihəsi hazırlayıb və Konqresə təqdim etdi. “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi kifayət qədər genişdir və orada çox sərt tədbirlər nəzərdə tutulur. Sənədə görə, Azərbaycan hakimiyyətinin bütün üzvlərinə, baş nazirə və onun müavinlərinə, komitə sədrlərinə, nazirlərə, Prezident Administrasiyasının və xüsusi xidmət orqanlarının əməkdaşlarına, hakimlərə, eləcə də onların ailə üzvlərinə viza verilməsinə qadağa qoyulur:

“Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələri, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dərhal kəsilir; Azərbaycan hökumətinin humanitar layihələr də daxil olmaqla, bütün layihələrinin ABŞ-ın dövlət orqanları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulur; ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin (Trade and Development Agency) Azərbaycanda fəaliyyətinə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) təsisatlarının Azərbaycan hökuməti ilə əməkdaşlığına qadağa qoyulur; ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və s.) bütün layihələrinə veto qoysun; Azərbaycan hökumət üzvlərinin, həmçinin onların maraqlarına aidiyyəti olanların, qohumlarının, hökumətlə bu və ya digər dərəcədə bağlı olan işgüzar dairələrin xaricdəki bütün bank hesabları dondurulur, daşınmaz əmlaklarına həbs qoyulur, Azərbaycanın xaricdəki bütün biznes qurumlarının fəaliyyətinə qadağa tətbiq edilir”. Sənədin əvvəlində qeyd olunur ki, bu sanksiyalar Azərbaycanda bütün siyasi məhbuslar azad edilməyənə, demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafı sahəsində əhəmiyyətli irəliləyiş olmayana, seçkilərin azad və ədalətli keçirilməsi təmin edilməyənə qədər qüvvədə qalacaq. Sənədi hazırlayan Helsinki Komissiyası kifayət qədər nüfuzlu qurumdur. Ora 9 senator, 9 konqresmen, Dövlət Departamentinin və Pentaqonun hərəsindən 1 nümayəndə daxildir.

“Sanksiyalar problemləri dərinləşdirə bilər”

Keçmiş millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının başqanı Sabir Rüstəmxanlı “Cümhuriyət”ə açıqlamasında, Azərbaycan hakimiyyətinə qarşı olan sanksiyaların əleyhinə olduğunu bildirdi. S.Rüstəmxanlının sözlərinə görə, bir ölkənin digər ölkəyə qarşı sanksiya tətbiq etməsi normal deyil: “Hansısa məsləhət verilə bilər ki, Azərbaycanda vəziyyət normal olsun. Azərbaycana qarşı Konqresin vaxtilə qəbul etdiyi “907-ci düzəliş” hələ də qüvvədədir. Bütün dünyanın gözü qabağında Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistana, Dağlıq Qarabağdakı separatçı rejimə yardım edən ABŞ Azərbaycan əleyhinə “907-ci düzəliş”i tətbiq edir. Belə məsələlərdə obyektivlik olmur. Amerikadakı diaspor təşkilatlarının təzyiqləri qarşısında, digər mülahizələrlə sanksiyaların tətbiqini normal hesab etmirəm. Azərbaycanda problemlər var, amma bu problemləri sanksiyalarla həll etmək olmaz. Əksinə, belə addımlar problemləri bir qədər də dərinləşdirir”.

“Hakimiyyət sanksiyalar üçün səbəbləri aradan qaldırımalıdır”

“Ağ Blok” Siyasi Hərəkatının rəhbəri, Müsavat Partiyasının funksioneri Tural Abbaslı “Cümhuriyət”ə, hakimiyyətə qarşı olan sənədin obyektivliyi əks etdirdiyini bildirib: “Uzun zamandır Qərbdə Azərbaycan hakimiyyətinə sanskiyaların tətbiq olunmasına dair müzakirələr gedirdi. Azərbaycan müxalifətindən də ABŞ və digər Qərb dövlətlərində ölkə daxilində baş verən repressiyalara münasibətdə hakimiyyətə qarşı real sanksiyaların başlanılmasına çağırışlar edilirdi. Qərbdən də hakimiyyətə xəbərdarlıq olundu ki, Azərbaycanda demokratik mühiti bərpa edin, əks halda sanksiyalar tətbiq ediləcək. Bunu hamı - həm hakimiyyət, həm də müxalifət gözləyirdi, bu obyektivdir. Nardaran hadisələrinə qədər say 80 nəfər idisə, bu hadisədən sonra isə Azərbaycan həbsxanalarında olan siyasi məhbusların sayı yüzü keçdi. Azərbaycanda demokratik seçkilər keçirilmir, məhkəmə orqanları obyektiv işləmirlər. Belə bir dövlətə qarşı sanksiyaların tətbiqi obyektivdir. Amma heç kəs istəməz ki, onun dövlətinə qarşı sanksiyalar tətbiq olunsun, onun dövləti Şimali Koreya olsun, Rusiya kimi dövlətlərlə bir sırada adı hallandırılsın. Sənədin qəbul edilib-edilməyəcəyi haqda bir söz demək çətindir. Çünki bir çox dövlətlərin bir çox hallarda bu hakimiyyətlə “al-ver” predmeti olur. Siyasi məhbuslar, demokratiya üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Mən onu istəyərdim ki, dekabrın sonunda böyük bir əfv olsun və həbsxanalarda olan bütün siyasi məhbuslar azad edilsinlər, sansksiyalara da ehtiyac qalmasın. İstənilən halda yüzdən artıq siyasi məhbusu olan bir dövlətə qarşı belə sanskiayalar gözləniləndir”.

Mənsur





Həftənin ən çox oxunanları