Yuxarı

Sanksiya qərarı bizə nə verəcək?

Sanksiya qərarı bizə nə verəcək?

[caption id="attachment_3221" align="alignleft" width="235"]sabir rustemxanloik Sabir Rüstəmxanlı: “Superdövlətə meydan oxuya bilmərik”[/caption] [caption id="attachment_2624" align="alignright" width="294"]fazil mustafa Fazil Mustafa: “Bu, təkcə ABŞ-a deyil, Avropaya da müharibə elan etməkdir”[/caption]

[caption id="attachment_3222" align="alignright" width="272"]elman fettah Elman Fəttah: “Qanun layihəsinin qəbulu iqtidarın intiharı demək olar”[/caption]

ABŞ-la bütün sahələrdə əlaqələrin dayandırılmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisə göndərilməsi cəmiyyətdə narazılıq yaradıb. Müxalifət də qərara tənqidi yanaşır. İqtidar opponentləri hakimiyyətin emosional davranışı və dünyaya müharibə elan etməsi kimi qiymətləndiriblər. Ona görə də müxalifət rəsmiləri belə hesab edir ki, Milli Məclis ABŞ-la əlaqələri kəsmək qərarına çıxarsa, bu, Azərbaycan üçün ağır nəticələrə səbəb ola bilər.

Xatırladaq ki, Milli Məclisin deputatı Rövşən  Rzayevin təqdim etdiyi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi ABŞ Senatının Helsinki Komissiyasının Azərbaycana sanksiyalar tətbiq etmək təklifinə cavab hesab olunur. “Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə Konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək”. Bunu APA-ya açıqlamasındaMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib. Sənəd ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata keçirməsinə imkan verilməməsini və onların bank hesabları bağlanılmasını, ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulmasını, Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması və digər təklifləri nəzərdə tutur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sözügedən məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, beynəlxalq münasibətlərin gərgin olduğu hazırkı vəziyyətdə dünyanın siyasi taleyini həll edən dövlətlərlə qarşıdurmaya getmək Azərbaycanın milli maraqlarına cavab vermir və bu ideyanı ortaya atanlar da Azərbaycanın gələcəyini düşünmür: “Bu qərarın qəbul edilməsi Azərbaycanı təklənməyə aparır. Onsuz da ətrafımız düşmən dövlətlərlə doludur. Azərbaycanı dalandan çıxarmağa imkan verən yolları hansısa vasitələrlə qapamaq doğru deyil. Əlbəttə, Avropanın və Amerikanın Azərbaycana münasibətində ikili standartlar mövcuddur. Amma buna həmin dəqiqə əsəbiləşib, tələm-tələsik qərarlar çıxarıb, belə layihələr ortaya qoymaq məncə, məsuliyyətsizlikdir”.

VHP sədri hesab edir ki, Azərbaycan ABŞ-la münasibətlərdə yaranmış gərginliyi diplomatik yolla tənzimləyə bilər. Ona görə də Azərbaycanın guya ABŞ-a sanksiya tətbiq etmək haqqında qərarı superdövlətə heç bir təsir göstərməyəcək: “Biz burada oturub böyük dövlətlərə meydan oxumalı deyilik. Belə bir qanunun qəbulu nə ABŞ-ın, nə də dünyanın halını pozmayacaq. Bu, yalnız Azərbaycana ziyan gətirə bilər. Rəhmətlik Heydər Əliyev deyirdi ki, biz bilirik ki, Azərbaycana qarşı ikili standartlar var. Amma biz ikili standartlar şəraitində işləməyə öyrəşməliyik. Bu dünyanı dəyişdirmək mümkün deyil. Bilirik ki, bu gün xristian-müsəlman qarşıdurması var, Avropa ilə islam dünyası arasında üçüncü dünya müharibəsi təhlükəsi yaranıb. Amma bütün bunlar diplomatik, dinc yolla həll edilməlidir. Yoxsa durub dünyanın taleyini həll edən, səndən müqayisəolunmaz dərəcədə güclü olan bir dövlətə qarşı emosional şəkildə yumruq atmaqla, söyüş söyməklə heç nəyə nail ola bilməzsən. Bunun Azərbaycana xeyri olan yollarını tapmalıyıq. İlk növbədə, Azərbaycanın öz daxilində, qanun işləməlidir, insanların hüquqları pozulmamalıdır, zorakılığa son qoyulmalıdır. Azərbaycanın ən böyük problemi nəfsdir. Vəzifə sahibi də, adi vətəndaş da nəfsinə sahib çıxmağı bacarmalıdır. O zaman hər şey düzələr”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikrincə, indiki vəziyyətdə ABŞ-a qarşı sərt davranış nümayiş etdirməsi Azərbaycan üçün təhlükəli nəticələr doğura bilər: “Hesab edirəm ki, bu məsələ müzakirə olunmalıdır. Bəlkə doğrudan da Amerikaya qarşı sanksiya tətbiq olunması Azərbaycan üçün faydalıdır? Yaxud bu Rusiyaya qarşı çıxmaqdırsa, cəmiyyət olaraq bir yerdə çıxaq. Amma belə bir mövzuda məsələnin həllinə bu qədər sadə bir formada yanaşmaq olmaz. Çünki biz ABŞ-dan gələ biləcək sərt addımları nəzərə almalıyıq. Rusiya kimi dövlət bu zərbələrin qarşısında duruş gətirə bilmirsə, biz necə duruş gətirəcəyik? Ölkəmizin marağı nəyi tələb edirsə, biz onu ciddi müzakirə etməliyik. Əks təqdirdə, Azərbaycan çox ciddi sıxıntı yaşaya bilər. Azərbaycanın ABŞ-a sanksiyalarla təsir etmək imkanları sıfra bərabərdir.  Hər halda belə bir qərarın qəbul olunması düşündürücüdür. Niyə və hansı motivlə edilir? Bu sanksiyalar yalnız ABŞ-a deyil, həm də Avropaya qarşı müharibə elan etməkdir. Biz bu müharibədə qalib gəlmək imkanımız varmı? Buna hazırıqmı? Sanksiyalara görə Rusiyanın Azərbaycan hakimiyyətinə hansısa təşəkkür etməsi kifayət edəcəkmi? Ermənistan atəşkəs sazişindən imtina etmək niyyətindədir və bütün bunlar düşündürücü məsələlərdir”.

Müsavat başqanının müavini Elman Fəttah isə sözügedən qanun layihəsini tragikomediya adlandırdı. “Belə bir məsələnin şərhi yalnız Üzeyir Hacıbəylinin felyetonlarında var”- deyən E. Fəttah hesab edir ki, hakimiyyət sonda bu qanun layihəsini qəbul etməyəcək: “Azərbaycan hakimiyyəti elə bir qanun qəbul etmək iqtidarında deyil. Ümumiyyətlə, Azərbaycan standartında bir ölkənin ABŞ-a qarşı sanksiya tətbiq etməsi mümkün deyil. Çünki Azərbaycanın enerji sahəsində bütün əlaqələri ABŞ və Qərb dünyası ilə geniş şəkildə bağlıdır.  Ona görə də Azərbaycanın ABŞ-la əlaqələri kəsməsi intihar halına gələ bilər. Bu səbəbdən də həmin qanun layihəsi qəbul edilməyəcək. Onun hazırlanması isə tragikomediyadan başqa bir şey deyil”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları