Yuxarı

Hakimiyyətin bölünməsi zərurəti yaranır

Hakimiyyətin bölünməsi zərurəti yaranır

[caption id="attachment_3174" align="alignleft" width="418"]610x380xrazi.jpg.pagespeed.ic.c-_4Xvh1qV Razi Nurullayev: “İnhisarçılğın aradan qaldırılması üçün ciddi addımlar atılmalıdır”[/caption] [caption id="attachment_1080" align="alignleft" width="350"]Eli Eliyev Əli Əliyev: “Hakimiyyət üzərinə düşən vəzifəni icra edə bilmir”[/caption]

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn hazırkı situasiya və ondan çıxış yolları barədə təklifləri cəmiyyətdə maraq doğurub. AXP sədri bildirib ki, dövrün çağırışları proseslər üçün məsuliyyətin bölüşdürülməsini və bu da hakimiyyətin bölüşdürülməsini tələb edir: “Bu olmasa, vəziyyətdən normal çıxış yolu mümkün deyil. Bu, nə yolla baş verə bilər? Növbədənkənar seçkilərdən danışırlar. Mən sözün doğrusu, belə bir situasiyada normal bir seçkini mümkün hesab etmirəm.

Ona görə daha çox siyasi kompromisləri, razılıqları nəzərdə tuturam. Dövlətin taleyi üçün əsas məsuliyyət daşıyan şəxs olaraq İlham Əliyev nəhayət ki, siyasi müxalifət liderləri ilə ayrı-seçkilik etmədən bir araya toplamalı və bu istiqamətdə onları dinləməlidir. Necə ki, ölkədən xaricdə olan qüvvələrlə müəyyən kompromisə getmək lazım gəlir, ölkənin siyasi müxalifəti ilə də müəyyən kompromisə getmək lazımdır”.

Onun bu ifadələri isə siyasilər tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev iqtisadi böhranın yaranmasında müxalifətin günahının olmadığını deyib: “Təbii ki, müxalifətin manatın məzənnəsinin aşağı düşməsində rolu yoxdur. Nə də ki, müxalifət elə bir addım atmayıb ki, neftin qiyməti ucuzlaşıb. O baxımdan, indiki siyasi şərtlərlə müxalifətin hakimiyyətlə birlikdə məsuliyyət daşıması və ya onu bölüşdürməsi mümkün deyil. Bununla bərabər, məsuliyyətlərin bölüşdürülməsi üçün münbit şərait var. Bir baş ağıllıdır, iki baş isə daha ağıllıdır. Onun üçün də hakimiyyətin bölüşdürülməsi mexanizmi vacibdir. Əgər hakimiyyət müxalifətlə bölüşülsə, məsuliyyətin də bölüşdürülməsi labüddür. Bunun üçün hakimiyyətlə müxalifət arasında gözə kül üfürən yox, real dialoqun olması ehtiyacı var. Dialoq isə nəticəsiz siyasətçilər və partiyalarla yox, milli dəyərlərə və xalqa bağlı qüvvələrlə olarsa, effekt yarada bilər. Müxalifət düşmən deyil, düşmən olanlar isə zatən xalq tərəfindən çuvalın küncünə atılıb”.

AXCP sədri deyib ki, iqtisadi problemlərin həlli üçün müxalifətlə iqtidarın bir-birini günahlandırması problemin aradan qaldırılmasına xidmət etmir: “Müxalifətin bütün problemlərdə iqtidarı günahlandırması doğru deyil. Azərbaycanda neft gəlirləri yüksək səviyyədə olan zaman qeyri-neft sektorunun inkişafına daha böyük vəsait yatırılmalı idi. Azərbaycan hakimiyyəti texnoparkların, sənaye parklarının yaradılması ilə bağlı son 3 ildə daha çox addımlar atıb. Amma bu da o zaman baş verdi ki, artıq dünyada neftin qiyməti ilə bağlı birmənalı fikir yox idi. Azərbaycanın da neftdən gələn gəlirləri azalmağa başladı. Azərbaycan neftdən gələn gəlirlər pik həddə olduğu zaman qeyri-neft sektorunun inkişafı ilə bağlı konkret layihələr həyata keçirsə, texnoparklar, müxtəlif zavod və fabriklər, məhsulların istehsalı üçün müxtəlif ölkələrlə müştərək müəssisələr yaratsa, hazırda bazarın liberallaşdırılması ilə bağlı addımlarını o zaman atsa, bəlkə də bu problemlər yaşanmazdı”.

“Təbii ki, vəziyyətdən çıxmaq üçün kiməsə məsləhət vermək istəməzdim”, - deyən R.Nurullayev bildirdi ki, hər zaman məsləhət vermək asan olur: “Felin lazım və vacib formasının şəkilçilərindən istifadə edərək -sa, -sə, -malı, -məli şəkilçiləri ilə danışmaq çox asandır. Amma praktik iş görmək çətindir. Lakin bildiyim və həqiqət olan məsələlərdən danışmaq istəyirəm.

Birinci növbədə, Azərbaycanda inhisarçılıq aradan qaldırılsa, bu, müsbət addım olar. İnhisarçılıq azad iqtisadiyyatın inkişafına ciddi şəkildə maneçilik törədir. Prezident bununla bağlı müəyyən mesajlar verdi, amma hələ ki, bunlar söz olaraq qalır. Ölkədə ərzaq məhsullarının bahalaşması, bununla bağlı ajiotajın yaranması, inhisarçılğın yaratdığı problemlərdir”.

R.Nurullayev əlavə etdi ki, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığa daha yaxşı imkanların yaradılması və süni baryerlərin aradan qaldırılması ilə bağlı prezidentin fərman və sərəncamları olub: “Həmin fərman və sərəncamların həyata keçirilməsi üçün ciddi mexanizmlərin yaradılması vacibdir. Əgər onun həyata keçirilməsi üzərində ciddi ictimai, siyasi, hüquqi və inzibati nəzarət olarsa, o zaman onun reallaşması effektli ola bilər. Nəhayət, Azərbaycanın xaricdə saxlanılan kifayət qədər rezervləri var. Hazırda bu vəsaitin müəyyən miqdarının Azərbaycana gətirilməsinə ehtiyac yaranıb. Bu da Azərbaycanda qeyri-neft sektorunun dirçəldilməsinə yönəldilə bilər. Kiminsə istəyi, diktəsi və yaxud da hər hansı bir sözü ilə fabrik və zavodların açılması düzgün deyil. Müştərək müəssisələr vasitəsilə məhsullarının Azərbaycanda istehsalının başlamasına ehtiyac duyulur. Yeni bir istehsal sahələrinin yaradılması həqiqətən də özünü iqtisadi cəhətdən tam realizə edə bilərsə və buna böyük inam varsa, ona investisiya qoyula bilər. Amma əslində, müştərək müəssisələrin yaradılması və Azərbaycanın idxal etdiyi məhsulların birbaşa müştərək müəssilər vasitəsilə öz ölkəmizdə istehsalının nizamlanması ölkə iqtisadiyyatını dirçəldə bilər.

Amerika kəşf etməyə ehtiyac yoxdur. Dünyanın aparıcı şirkətlərinin istehsalının Azərbaycanda stimullaşdırılması vacibdir. Bu da müştərək müəssisələrin yaradılmasından keçir. Bunun üçün də neft pullarının ölkəmizə gərtirilməsi və özünü sınamış və sübut etmiş şirkətlərlə birlikdə müştərək müəssisələrin yaradılması effektlidir”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə hökumətə bir sıra təkliflərin verildiyini diqqətə çatdırıb. Bu təkliflər arasında növbədənkənar parlament seçkilərinin keçirilməsi də var: “Hakimiyyət üzərinə düşən vəzifəni icra edə bilmir. Ölkə çox ağır maliyyə böhranına salınıb. Bu maliyyə böhranı tədricən iqtisadi böhrana, bir qədər sonra isə sosial böhrana transfer olunacaq və yekunda Azərbaycan ictimai gərginlik mərhələsi yaşayacaq. Təəssüf ki, bütün bu ağır şəraitin fonunda Azərbaycan iqtidarı hələ bir beynəlxalq aləmlə də konfrontasiya xəttini seçib. Simmetrik olaraq ABŞ-la güc müstəvisində armulestinq yarışmasına baş qoyub. Mənə elə gəlir ki,  bu,çox təhlükəli tendensiyadır. Məhz belə ağır şəraitdə hakimiyyət daha müdrik davranmalıdır. Çünki baş verənlər təkcə hakimiyyəti deyil, bütövlükdə cəmiyyəti təhdid edir. Bu təhdid nəticə etibarilə Azərbaycanı ya xaotik dönəmə, yaxud da ölkəni keçmiş imperiyanın əsarətinə sala bilər”.

VİP sədri əlavə etdi ki,  Azərbaycanda çox təhlükəli bir mərhələ başlanır: “Belə mərhələdə hakimiyyət “mən hamıdan yaxşıyam”, “mən hamıdan güclüyəm” tezisini bir kənara qoyub, cəmiyyətin güclərini bir araya gətirməyi bacarmalıdır. Ciddi önləyici tədbirlər görməlidir. Pənah bəyin verdiyi təklifi məhsuldar sayıram. Hesab edirəm ki, hakimiyyət-müxalifət dialoqu bərpa olunmalıdır.

Daha ciddi mandatlı hakimiyyət təmsilçisi prosesə qoşulmalıdıır. Mümkün olsa, prezidentin özü bu məsələyə rəhbərlik etməlidir. Bu, ölkəni  dərin siyasi, mənəvi və maliyyə böhranından çıxarmaq üçün başladılan bir proses olmalıdır. İqtidar belə bir prosesin başlanmasına iradə nümayiş etdirərsə və səmimi olduğunu sübuta yetirə bilərsə aparılacaq danışıqların, baş tutacaq prosesin bütün tərəflərə, bütövlükdə cəmiyyətə faydası olacaq”.

Cavad





Həftənin ən çox oxunanları