Yuxarı

Bank qiyamı: Pul yoxdur, qarşıdurma riski var

Bank qiyamı: Pul yoxdur, qarşıdurma riski var

iranda aksiya"Radikal addımlar atılmasa, iqtisadiyyat çökəcək"

İl ərzində manatın ikinci dəfə devalvasiyaya məruz qalması xüsusilə dollarla krediti olan kəsimin əsl probleminə çevrilib. Dolların məzənnəsinin artması bank qarşısında öhdəlikləri olan şəxslərin vəziyyətini çətinləşdirib. Artıq müştərilərin çoxu krediti ödəməyəcəklərini bildirərək, dövlətin məsələni yaxşı mənada çözəcəyinə ümidlərini ifadə edir.

Mərkəzi Bank isə sözügedən məsələnin bankrlarla müştərilər arasında çözülməsinin vacib olduğunu söyləməklə insanların ümidlərini alt-üst edib. Bununla yanaşı, Naxşıvanda bank kreditlərinin əvvəlki məzənnə ilə ödəniləcəyinə dair qərarın verilməsi eyni qaydanın ölkənin başqa regionalarında da tətbiqi məsələsini təkrarən gündəmə gətirib.

“Ödəsəm mənə, ödəməsəm zaminə dərd”

İki banka krediti olan Əzizağa Cəfərov “Cümhuriy”ətə bildirib ki, ödəmələri yanvarın ilk öngünlüyünədir: “O zamana qədər gözləyirəm. Bəlkə bu işə bir əncam çəkilər. Banklardan birinə 230, o birinə 170 dollar kreditim var. Əvvəlki məzənnə ilə verməyə çətinlik çəkirdim, bu məzənnə ilə heç ödəyə bilməyəcəyəm. Neçə adamla danışmışam, hamısında vəziyyət eynidir. Hamı deyir ki, uzağı 1-2 ay verə bilərik. Bundan artıq ödəyə bilməyəcəklər.  Bir kreditim bankda lombard kreditidir. Ora ödəməsəm, yəqin ki, qızılları əvəzində götürəcəklər. İndi qızıl da bahalaşıb. Amma o birində ancaq zamin var. Onu da ödəməsəm, zaminə problem olacaq. İndi günüm ancaq düşünməklə keçir”.

“Manatla al, dollarla ödə”

Lombarda ssuda ödəyən Fidan Səfərova da iyul ayında manatla olan ssuda müqaviləsinə əlavə imzaladığını bildirib. Onun sözlərinə görə, Lombard manatla verdiyi ssudanı devalvasiyadan bu yolla qoruyub: “Lombard müştərilərinə bildirdi ki, əlavə müqavilə imzalamaq istəməyənlər ssudanı bütünlüklə ödəyib girovu götürsünlər. Mənim 700 manat borcum vardı. Borc tapıb ödədim. Deyirdilər ki, kəskin fərq olsa, bu müqaviləyə əsasən ödəniş aparılacaq. Ancaq indi lombardda ssudası olanlara bildiriblər ki, dekabrdan başlayaraq əlavə pul ödəməlidirlər, çünki yarıbayarı fərq edib”.

“Əmanətlər batacaq”

İqtisadçi ekspert banklarla bağlı qaldırdığı məsələlərlə daim gündəmə gələn Əkrəm Həsənovun fikrincə isə, yaranmış vəziyyət ilk növbədə bank sistemini çökdürəcək. Yaxın gələcəyin iqtisadi təsvirini verən iqtisadçı bildirib ki, iqtisadi sahədə vəziyyətin ağırlaşması gözləniləndir: “Bank sistemi çökəcək, əmanətlər də batacaq, ölkə iqtisadiyyatının vəziyyəti daha da ağırlaşacaq”. Bütün bunların başvermə ehtimalını yüksək qiymətləndirən həmsöhbətimizin sözlərinə görə, söhbət təkcə əhalidən getmir: “Əhalinin krediti sahibkarların kreditindən azdır. Əsl faciə onda olacaq ki, sahibkarlar da krediti ödəməyəcək. Əgər ciddi və real addımlar atılmasa, belə də olacaq”.

“Pis və lap pis arasında seçim etməliyik”

Əkrəm Həsənovun sözlərinə görə, sahibkarların düşdüyü ağır vəziyyət ölkə iqtisadiyyatının durumuna olduqca mənfi təsir göstərəcək: “Neft gəlirləri azalan dövrdə ümid qeyri-neft sektorunadır, yəni sahibkarlara. Onlar da işləməsə, iqtisadiyyatın vəziyyəti çox pis olacaq. Biz indi yaxşı və pis arasında deyil, pis və lap pis arasında seçim etməliyik. Pis də ondan ibarətdir ki, radikal və ağrılı addımlar atılmalıdır. Ancaq bu vasitə ilə iqtisadiyyatı qurtarmaq mümkün olar ki, heç olmasa bir neçə ildən sonra inkişaf başlasın. Yəni qısamüddətli məqsədlərdən söhbət getmir. Yaxın illər ağır olacaq. İndi artıq gələcək üçün işləməliyik”.

“Pul yoxdur, qarşıdurma riski var”

“Radikal addim deyəndə nəyi nəzərdə tutursunuz” sualına cavabında ekspert çıxış yollarını sadalayıb: “Pis banklar bağlanmalıdır, nisbətən sağlamları qalmalıdır. Müəyyən məbləğdən yuxarı əmanətlərdən yüksən vergi tutulmalıdır. Kreditlərin bir qismi bağışlanmalıdır. Başqa sözlə, varlıların hesabına dövlət kasıblara əl tutmalı və heç olmasa, olan-qalan sağlam bankları yaşatmalıdır. Bəli, bu, çox ağrılı iş olacaq. Amma başqa yol görmürəm. Pul yoxdur! Bundan sonra qalan bankların vasitəsilə qeyri-neft sektoru inkişaf etdirilməlidir, sahibkarlar tam qorunmalıdır, məhkəmə sistemi sözün əsl mənasında müstəqil olmalıdır və s. Bundan sonra iqtisadiyyat yavaş-yavaş dirçələ bilər.

Təbii, korrupsionerlərin də əmlakı müsadirə edilərək büdcəyə keçirilməlidir. Bu da büdcəyə kömək edəcək qərar ola bilər. Amma burada təbii ki, qarşıdurma riski də var. Oğrular pulu mübarizəsiz verməyəcək. Buna görə də, əlbəttə, tam məlumat əsasında dəqiq və yerində addımlar atmaq lazımdır. Təbii, başqa təkliflər də ola bilər. Əsas odur ki, oturub gözləməklə iş düzəlməyəcək. Radikal addımlar atmaq lazımdır!”

“Kütləvi məhkəmələr real deyil”

Bankların krediti ödəməyən müştərilərini kütləvi məhkəməyə verməsi mümkünlüyünə gəlincə, ekspert bunu o qədər də real hesab etmir: “Bankların bunun üçün resursları yoxdur. Yalnız real gəliri və girovu olanları məhkəməyə verəcəklər. Digərlərindən qorxutma və digər yollarla krediti qaytarmağa cəhd edəcəklər. Borclular isə əksinə, məhkəmə proseslərinin kütləvi olmasında maraqlıdır. Hələlik mən də ölkənin durumu ilə bağlı bədbinəm. Çünki mənə elə gəlir ki, vəziyyətin əsl səviyyəsini nə çox-çox yuxarıda, nə də çox-çox aşağıda tam dərk edirlər.

Dərk edəndə çox gec ola bilər”. Bununla yanaşı, böhranın yaxşı tərəflərini də olduğuna diqqəti çəkən ekspert “Bəlkə də biz indi xoş gələcək qurmaq üçün şans əldə edirik.

Hələlik, hər kəs öz işini görməlidir. Yaxın aylarda qeyri-müəyyənlik aradan gedəcək” deyə vurğulayıb.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları