Yuxarı

“Qocalmış” liderlər yeniliyə qarşı

“Qocalmış” liderlər yeniliyə qarşı

[caption id="attachment_731" align="alignleft" width="293"]tural abbasli Tural Abbaslı: “Yeni liderlərin ortaya çıxması onların məhvi deməkdir”[/caption] [caption id="attachment_534" align="alignleft" width="166"]Qorxmaz Ibrahimli_1 Qorxmaz İbrahimli: “Əli Kərimli partiyanın yenilənməsinə reaksiya verməyəcək”[/caption] [caption id="attachment_3325" align="alignleft" width="273"]Elcin Mirzebeyli Elçin Mirzəbəyli: “Onlar yalnız ətraflarından zombiləşmiş gəncləri görmək istəyirlər”[/caption]

2015-ci ildə Mərkəzi Bankın getdiyi iki kəskin devalvasiya, Parlament seçkilərinin növbəti dəfə hakim Yeni Azərbaycan Partiyasının (YAP) lehinə yekunlaşması və prosesin saxtalaşdırılmasına dair ortaya çıxan ittihamlar yeni müxalifətin ortaya çıxması zərurətini yaratdı. Keçən il baş verən bir sıra xoşagəlməz olaylar ölkəni dərin iqtisadi-ictimai böhranın içinə atdı. Hakimiyyət isə baş verənlərin məsuliyyətini üzərinə götürmək istəmir. İqtidara qarşı olan beynəlxalq və daxili ittihamlara münasibətdə isə müxalifətin köhnəlmiş mübarizə modeli nəticə vermir. Yalnız media və sosial şəbəkələr üzərindən hakimiyyətə yönəlik səsləndirilən tənqidi fikirlər iqtidar tərəfindən də nəzərə alınmır.

Beləliklə, 2015-ci il Azərbaycan müxalifəti üçün sınaq ili oldu və bu imtahandan demokratik düşərgə hesab olunan qüvvələr üzüağ çıxa bilmədi. Bununla belə ana müxalifəti təşkil edən AXCP və Müsavat partiyalarında yeniləşmə hərəkatına start verildi. Razi Nurullayevin rəhbərliyi ilə AXCP-ni Əli Kərimlinin monopoliyasından almaqdırsa, Tural Abbaslı və Qubad İbadoğlunun addımları İsa Qəmbər-Arif Hacılı tandeminin Müsavatdakı hökmranlığına son qoymaq hadisəsi sayılır. Uzun illər nəticəsizlik zolağı ilə gedən və xalqın etimadından uzaq olan bu şəxslərin niyə geri çəkilməmələri, Yeni Demokratiya Hərəkatına niyə dəstək verməmələri növbəti dəfə də özü ilə çoxmənalı cavablar gətirdi.

Əgər meydana yeni siyasi  lider çıxırsa, köhnə gündəmdən düşür

“Ağ blok” Hərəkatının rəhbəri, Müsavat Partiyasının üzvü Tural Abbaslı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, müxalifətin yenilənməsi, yeni simaların ortaya çıxması bizim özümüzün fəaliyyətimizdən daha çox, xalqın istəyi nəticəsində oldu. T.Abbaslı qeyd edib ki, yeni simaların siyasi arenada möhkəmlənməsinə adları şişirdilmiş müxalifət liderlərindən dəstək gözləmək sadəlövhlük olardı: “Çünki bu onların məhvi demək olardı. Əgər meydana yeni siyasi lider çıxırsa, köhnə gündəmdən düşür, öz aktuallığını itirir. İllərdir eyni sözləri təkrarlayan, eyni yalnış addımları atıb eyni nəticəsizliklə başa-baş qalan siyasi liderlər səhnədən silinəcəklər. Əgər yeni müxalif siyasi qüvvələr doğru addım atıb xalqı öz tərəfinə çəkə biləcəklərsə, uğursuzluq sindromunu qıra biləcəklərsə, müxalifətin yenilənməsi avtomatik baş verəcək. Heç vaxt ənənəvi liderlərdən dəstək gözləməmişəm ki, durun yerini bizə verin. Heç kəs könüllü qalxıb yerini başqasına verməz. Biz daha güclü olmalıyıq ki, istəklərimizə nail ola bilək. Cəmiyyət və dövlətdə yeni situasiya yaranıb. İqtisadi böhran baş verir, bu böhran siyasi qarşıdurmaya səbəb ola bilər. Artıq xalq yürüdülən siyasətdən narazıdır. Bu narazılığın önündə strukturlaşmış, xalq kütləsini idarə edə biləcək, bu etirazları qanuni yollarla yönəldə biləcək müxalifət lazımdır. Yeni qüvvələr üçün də bir şans yaranıb ki, indiki məqamdan istifadə edib nə bacardıqlarını bu xalqa, siyasi arenaya nümayiş etdirsinlər. Daha çox bu məsələrə fokuslanmağın tərəfdarıyam, nəinki keçmilər barədə danışmağın. Keçmişlə hesablaşmaq yox, gələcəyə baxmaq lazımdır”.

Müxalifət kənar müdaxilələrlə yenilənməyəcək

Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimlinin “Cümhuriyət”ə dediyinə görə, AXCP-nin adı olduğu yerdə Əli Kərimli partiyanın yenilənməsinə reaksiya verməyəcək. Q.İbrahimli hesab edir ki, Müsavatın niyə reaksiya vermədiyi isə naməlumdur: “Müxalifət yenilənməlidir, buna ehtiyac var. Müxalifət kənar müdaxilələrlə yenilənməyəcək. Ölkədə sistemli islahat aparılmalıdır, bu islahatın tərkib hissəsindən biri kimi avtomatik olaraq, müxalifətin yenilənməsi olacaq. Müxalifəti bu gün nəzəri olaraq, sözlə yeniləmək mümkün deyil, bu belə olmayacaq. Çünki artıq müxalifətin daxilində də inhisarçılıq yaranıb. Müxalifət deyəndə hər kəs öz dəftərinə baxır ki, görsün Qorxmaz İbrahimli bizə xoş münasibəti olan müxalifətçidir, yoxsa yox. Bu cür yanaşmalar müxalifəti bərbad günə saldı. Lakin bunlar xam hesablardır, ümumi olaraq ölkədə siyasi islahatlar aparılmalıdır”.

Məqsədləri çoxpartiyalı sistemin inkişaf etdirilməsi yox, öz siyasi bizneslərini qurmaqdır

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə açıqlamasında qeyd edib ki, yeni simaların bu siyasi partiyalara gəlişi uzun illər boyu bu təşkilatları öz absurd iddialarının qulluğuna çevirən insanların siyasi səhnədən getməsi deməkdir. E.Mirzəbəyli hesab edir ki, buna görə də bu partiyaların yenilənməsi prosesinə dəstək vermirlər: “Onlar yalnız ətraflarından zombiləşmiş gəncləri görmək istəyirlər. Hansı ki, onların dilindən hakimiyyətin ünvanına ən sərt fikirləri səsləndirmək, eyni zamanda donosçuluqla məşğul olmaq üçün lazımdır.

Bu baxımdan da yeni insanların cəlb edilməsi paralel olaraq, partiya daxilində demokratiyanın artması deməkdir. Hər iki şəxsin də demokratiyadan qəti anlayışı yoxdur. Bunlar yalnız idarə etdikləri bir neçə nəfərin dilindən “ləbbeyk” ifadəsinin çıxdığını görmək istəyirlər. Buna görə də, bu şəxslərin rəhbərlik etdikləri təşkilatların fəaliyyətləri yalnız son dövrlərdə sosial şəbəkələrlə məhdudlaşır. Bu fəaliyyəti də saxta profillərlə onun-bunun ünvanına böhtan xarakterli atmacalar atmaqla həyata keçirirlər. Bu insanların məqsədləri çoxpartiyalı sistemin inkişaf etdirilməsi yox, öz siyasi bizneslərini qurmaqdır. Həmin təşkilatlarla da öz maraqlarını təmin etməyə çalışırlar”.

   Mənsur





Həftənin ən çox oxunanları