Yuxarı

İstanbul terrorunda Rusiya izi

İstanbul terrorunda Rusiya izi

[caption id="attachment_3353" align="alignleft" width="327"]Elsen Musayev Elşən Musayev: “Hədəf Türkiyənin turizm sektorudur”[/caption] [caption id="attachment_1456" align="alignleft" width="337"]Eli Orucov 200710 Əli Orucov: “Türkiyənin bölgəsəl gücə çevrilməsini istəmirlər”[/caption]

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı ciddi müzakirə olunur. Qeyd edək ki, suriyalı olduğu bilinən kamikadze Sultan Əhməd Meydanında alman turistlərin yaxınlığında özünü partlatdı və 11 nəfər həlak olub, 15-i isə yaralanıb. Baş nazirin müavini Numan Kurtuluş hadisədən dərhal sonra toplantı çağıraraq, terror aktında məsuliyyət daşıyan tərəfin kimliyini açıqlayıb. Kurtuluş kamikadzenin suriyalı olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan da xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə eyni fikirlərləri təkrarlayıb. Türkiyənin ictimai rəyində isə, aktın İŞİD terror qruplaşması tərəfindən törədildiyi iddiası yer alırr.

2015-ci ilin iyulun 20-də Surucda kommunist kürdlərin etiraz aksiyasının İŞİD-in qanlı notlarla bitirməsindən sonra Türkiyənin bütün bölgələrini əhatə edən genişmiqyaslı anti-terror əməliyyatlarına start verildi. Əməliyyatlar PKK, YPG, PYD və DHKP-C kimi terror təşkilatlarının mövqelərini zərbələr altında qoydu. Suruc olayından sonra baş verənləri nəzərə alan analitiklər, İstanbul terrorunun arxasında daha çox İŞİD yox, kürd terror qruplaşmalarının dayandığı iddialarının üzərində dayanırlar. Türkiyə kəşfiyyatının keçmiş başçısı Bülənt Orakoğlu da bu iddiaları müəyyən qədər təsdiqləyib. Orakoğlu Sultah Əhməd Meydanında bundan əvvəl kürdlərin DHKP-C terror təşkilatının qanlı aksiya keçirdiyini xatırladıb. Orakoğlu hesab edir ki, belə hücumların əsas məqsədi Türkiyədə özünü “müstəqil” elan edən bölgələrdə keçirilən anti-terror əməliyyatlarına “vətəndaş müharibəsi” donunu geyindirməkdir: “Türkiyəyə Suriya və İraq kimi terror dövləti imicini formalaşdırmağa çalışırlar. Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, Putin təyyarə böhranından dərhal sonra Türkiyəyə “Təhlükəli gedişlər etmə” xəbərdarlığını etdi. Putinin bu açıqlaması əslində, bu gün Türkiyədə baş verən bu kimi hadisələrin davamı olaraq xarakterizə edilə bilər. Türkiyəni terror aktlarıyla Yaxın Şərqdə ortaya qoyduğu mövqeyə görə, “tərbiyə” verməyə çalışırlar. Ölkəmizin bölgədə söz sahibi olmasını həzm edə bilməyənlər, onu terrorla dayandırmaq niyyətindədirlər”.

PKK - İŞİD işbirliyi, yoxsa Rusiya?

Millət vəkili Elşən Musayevin “Cümhuriyət”ə dediyinə görə, terror hadisəsi müxtəlif versiyalar üzərində haçalanır. E.Musayev hesab edir ki, təyyarə olayından sonra Rusiyanın Türkiyə ilə konfliktinin ortaya çıxması, Qərbdən bu ölkənin sıxışdırılması, İŞİD-in türk bölgələrinə keçməsi və açıq hədəfləri, PKK-nın qarışıq proseslərdən istifadə cəhdləri terrorun arxasında hansı gücün dayandığı iddialarını müxtəlif istiqamətlərə yönəldir: “Elə bir vəziyyət yaranıb ki, hamı məsuliyyətdən boyun qaçırmağa çalışır. Belə görmüşük ki, adətən terror təşkilatları öz “nüfuzlarını”, “fövqəladəliyini” elan etmək üçün hətta etmədiyi cinayətləri belə üzərinə götürürlər. İstanbul terrorunu həyata keçirən kamikadzenin görüntüləri yayılıb, lakin bu üzdə olan məsələdir. Kamikadzelər, digər şəxslər birbaşa terrorun törədilməsini göstərən faktlarla, video-kadrlarla ifşa olunurlar. Amma bu məsələnin görünən tərəfi deyil. Dünya təcrübəsi göstərir ki, kamikadzenin özünün belə bu məsələnin mahiyyətindən xəbəri olmur. Kamikadzeləri narkotik və digər vasitələrlə psixoloji təsir altına salırlar. İstanbul terrorunun kamikadzesi də bu yolla şüuru əlindən alınıb, şüursuz formada ortaya atıla bilərdi. Məsələnin kökünə baxmaq lazımdır. Bütün hallarda bu terrorun hansısa terror təşkilatının adına bağlanmasını məntiqli hesab edirəm. Dünya mediası bunu İŞİD-lə əlaqələndirir, amma mən hesab edirəm ki, burada PKK-nın da rolu var. Son zamanlarda PKK türk hakimiyyətinə və türk cəmiyyətinə qarşı həddən artıq aqressivdir. Ən doğru ehtimal isə PKK və İŞİD-in işbirliyi ola bilər. Rusiyanın burada iştirak etməsinə isə inanmıram. Çünki Rusiyanın əli olsaydı, tamam başqa təzahürləri görə bilərdik. Bu İŞİD və PKK-nın bir yerdə düzənlədiyi terrordur. Sultan Əhmədin hədəf alınması isə təsadüfi deyil. Çünki İstanbulda əcnəbi turistlərin ən çox üz tutduğu məkan Sultan Əhməddir. Bura həmçinin son illərdə öz sakit həyat tərzi ilə də seçilirdi. Hesab edirəm ki, məhz bölgənin sakitliyi üçün belə bir planlama həyata keçirilib”.

Fətullahçılar və terrorçu kürd qruplaşmaları?

PKK, TKP-ML, DHKP-C, YPG, PYD kürd terror təşkilatları, İŞİD, xarici xüsusi xidmət orqanlarına Türkiyədən kəşfiyyat məlumatları ötürən “Gülən camaatı” (fətullahçılar), Rusiya və İranın Suriyadakı kamikadze şəbəkəsi terrorda məsuliyyət daşıyan tərəflər kimi qeyd edilir. 2011-ci ildə Ankara ilə əlaqələri qırılan Əsədin adı da hallandırılır. Türkiyə təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Kamal Çelik isə olayın arxasında Rusiya və İran kəşfiyyatının dayandığını iddia edib. Çelik İŞİD-in bu prosesdə qəti şəkildə iştirak etməsinin əleyhinə çıxıb: “Türkiyə Suriyada türkmənləri müdafiə etməyin əvəzini ödətməyə çalışırlar”. Siyasi analitik Bülənt Ərandaç isə olaylarda İŞİD-in əsas rol oynadığı iddiasını irəli sürüb. Ərandaç qeyd edib ki, PKK-nın Türkiyədə mövqelərinin zəfiləməsindən sonra kənar güclər bu ölkəyə qarşı İŞİD-i dövriyyəyə soxublar: “PKK dönəmi bitib, bu terror təşkilatı Cənubi-şərqi Anadoluda bitdi və dərhal İŞİD-i ortaya atdılar. Bununla vaxt qazanıb yenidən PKK-nı dirçəldəcəklərini düşünürlər. Bütün hadisələr ona görə baş verir ki, Türkiyə Yaxın Şərq proseslərindən kənara çıxsın”. İŞİD-in məsuliyyəti üzərinə götürməməsini nəzərə alan bəzi analitiklər isə, daha çox Rusiya və İran kəşfiyyatı, o cümlədən fətullahçıların üzərində dayanırlar. Təyyarə böhranından sonra Türkiyəyə tutarlı cavab verə bilməməsini nəzərə alsaq, bu Rusiya kəşfiyyatının işidir. Lakin İranı da istisna etmək olmaz. Çünki Ərdoğan Səudiyyə Ərəbistanı ilə edam gərginliyindən sonra İranı başqa dövlətin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Digər versiya Fətullah Gülənin üzərində dayanır ki, 2013-cü il dekabr əməliyyatlarından sonra Ərdoğan fətullahçıların ölkə siyasətindəki şəbəkəsini (Paralel Dövlət) çökdürdü. Bununla Gülənin Türkiyədə qanlı yollarla dövlət çevrilişi etmək planını ifşa etdi. Bu F.Güləni məhkəmə instasiyaları və “İnterpol”a qədər apardı. Hətta son məlumatlara görə, ABŞ Türkiyənin İŞİD-lə mübarizəyə qoşulmasını nəzərə alaraq, Gülənin Ankaraya təhvil verilməsinə də razıdır. Bu kimi faktları nəzərə alsaq, Fətullah Gülən Suriyadakı müttəfiqləri vasitəsilə Türkiyədən qisas almağın yollarını terror aktlarında axtara bilər. Paralel olaraq, camaat liderinin ABŞ-ın dəstəyindən sonra üzünü Rusiya, İran və kürd terror təşkilatlarına çevirməsi iddiaları da dolaşmağa başlayıb. Yəni Sultan Əhməd terroru bütün hallarda bir mərkəzdən verilmiş tapşırığın nəticəsi kimi ortaya çıxır.

Yaxın Şərqi viran qoyan güclər...

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, bu terror aktı Türkiyəni çökdürmək istəyən xarici qüvəllərin məkrli planlarının tərkib hissəsidir. Ə.Orucovun sözlərinə görə, nəzərə alsaq ki, İstanbul Türkiyənin iqtisadi, mədəni, sənaye, hətta siyasi mərkəzidir, o zaman terroru törədənlərin əbəs yerə bu meqapolisi seçmələri tam aydınlaşar: “Məqsəd həm də qardaş dövlətin iqtisadiyyatına, xüsusən də turizm sənayesinə ağır zərbə vurmaqdır. Qorxu yaratmamaqdır. Bu aksiyanın arxasında təbii ki, xarici qüvvələr dayanır. İŞİD və kürd qruplaşmaları ilə yanaşı Rusiya, İranın bu aktda əlinin olması fərziyyələrdən biridir. Bunu təsdiq edəcək dəlil sübut ortada yoxdur. Ola bilər bu tamam ağılımıza gəlməyən başqa maraqlardır.  Çünki Yaxın Şərqi, İslam dünyasını çalxalayan, viran qoyan güclər Türkiyəni kənarda buraxmaq və onun güclənməsini, bölgəsəl gücə çevrilməsinə razı ola bilməz. Odur ki, şübhələr və gümanlar çox yerə apara bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları