Yuxarı

Ölkədən pulu kim və necə çıxarır?

Ölkədən pulu kim və necə çıxarır?

prezident aparatiBu işdə demokratik libaslı ABŞ əsas rol oynayır

Azərbaycanda baş verən total maliyyə (dollar), iqtisadi böhran ölkənin qeyri-leqal yollarla pul çıxarılma mərkəzi olması iddiasını gündəmə daşıyır. Xüsusilə, ölkədə sosial-iqtisadi vəziyyətin gərginləşdiyi vaxt, Azərbaycanı “ofşor cənnəti”nə çevirən güclərin hansı kanallar vasitəsilə bu pulları çıxardığı müzakirə mövzusudur. 10 il ərzində Azərbaycandan 95 milyard dollar dövlətə məxsus vəsaitin çıxarılması ofşor mübahisələrini dərinləşdirib.

Qeyri-leqal yollarla ölkədən pul çıxarılmasının məqsədini qanunsuz fəaliyyətlərdən əldə edilən gəlirlərin, kənar dövlətdə qanuni vəsait kimi maliyyə sisteminə buraxılması, yaxud bu gəlirlərin qeyri-qanuni fəaliyyətlərdən əldə edilməsinin gizlədilməsi kimi başa düşülməlidir. Təsadüfi deyil ki, bir müddət əvvəl ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri-qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqladı. Siyahıda Azərbaycan 17-ci sıradadır. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Siyahıda 148 ölkənin adı var. Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir. Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Məsələnin ilginc tərəfi isə tədqiqatın nəticəsinin general Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə başçılıq etdiyi dönəmləri əhatə etməsidir.

E.Mahmudov məhz tədqiqatın başladığı dönəmdə - 2004-cü ildə MTN-nin rəhbəri vəzifəsinin icrasına başlayıb. Tədqiqatın nəticələrindən məlum olur ki, 10 il ərzində hər il qanunsuz yollarla Azərbaycandan 9 milyard məbləğində maddi vəsait çıxarılıb. Kənara çıxarılan pulların hansı istiqamətlərə yönəldilməsi barədə faktlar olmasa da, bunun məqsədli formada həyata keçirildiyi dəqiqdir.

Ukraynadan çıxarılan pullar və Maydan

ABŞ-ı zəngin və güclü edən əsas faktorlardan biri də qeyri-leqal yollarla müxtəlif ölkələrdən çıxardığı pullardır. Bu pullar müxtəlif beyin mərkəzləri tərəfindən, Amerikadakı QHT-lərin birbaşa iştirakıyla reallaşdırılan siyasi çevrilişlərə yönəldilib. GFI-nın tədqiqatında yer alan dövlətlərdən biri məhz 2014-cü ildə növbəti rəngli inqilaba ev sahibi olmuş Ukraynadır. Bu ölkədən 10 il ərzində 12 milyard dollara yaxın pul çıxarılıb. Şübhəsiz, həmin pullar sonradan Yankoviç rejiminin devrilməsi (Maydan İnqilabı) planının icrasına xərcləndi. ABŞ-ın Milli Demokratiya İnstitutu, Beynəlxalq Pespublikaçılar İnstitutu, habelə Amerikanın Ukraynadakı səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), “Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD Maydan proseslərində fəal rol almışdı. Bu QHT-lər Maydanın spekulyatoru qismindən çıxış etdiyi bildirilsə də, siyasi çevriliş məhz Ukraynadan çıxarılan pullar hesabına həyata keçirilmişdi. Amerikalı senator Con Makkeyn açıq şəkildə Maydan proseslərində iştirak etdiklərini bildirirdi.

Dolların bahalaşmasının səbəbi

Çox az bilinən bir fakt var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) inkişaf etməkdə olan dövlətlərin hakimiyyətlərində təmsil olunan bəzi nüfuzlu şəxsləri tərəfinə çəkir. MKİ həmin şəxslər vasitəsilə ölkədən külli miqdarda dövlətə məxsus pulları çıxarır. Həmin pullar sonradan tamam başqa şəxslərin adına hökumətə yaxın banklarda rəsmiləşdirilir. Bu, növbəti mərhələdə həmin ölkələrdə total maliyyə böhranı yaratmaqla dolların bahalaşmasını rəsmiləşdirir. Amerika həmişə daxildə baş verəcək “yanğını” əvvəldən söndürmək üçün hədəfə alınan dövlətlərdən valyuta çəkmək kim vasitələrlə “suyu” kənardan gətirib. Azərbaycanda yaranmış dollar qıtlığı bu faktorla ölçülə bilər. Hər il hedçinq vəsaitləri sayəsində ABŞ Azərbaycanla yanaşı, digər xarici ölkələrdən böyük bir sərvət transfer edir.

ABŞ ordusunun Əfqanıstana girməsindən sonra “Kabil Bankı”ndan 20-dən çox dövlətə qeyri-leqal yolla milyardlarla dollar maddi vəsait çıxarılıb. Bir çox hallarda bu çıxarma əməliyyatları sərnişin təyyarələrinin ərzaq bölməsi vasitəsilə reallaşdırılıb. Ərzaq qutularına və şkaflara yığılan pullar “ərzaq” adıyla Əfqanıstandan çıxarılıb. Maraqlıdır ki, milyardlarla dollar ölkədən çıxarıldıqdan sonra Beynəlxalq Valyuta Fondu əfqan hökumətini sıxışdırmağa başlayır və “Bu qədər pullar hara getdi” suallarıyla, ayırdığı kreditləri geri istəməyə başlayır. Çaşqınlıq içərisində olan hökumət BVF-yə tutarlı cavab verə bilmir. Əlbəttə ABŞ “Əfqanıstan xalqının rifahı üçün xərcləyəcəyik” dediyi pulları mənimsəmişdi.

“Qeyri-leqal yollarla ABŞ-a 800 milyon dollar daxil olur”

“Usa Today” qəzeti hər həftə ABŞ-a 800 milyon dollar məbləğində qeyri-qanuni yollarla müxtəlif dövlətlərdən çıxarılmış pulların daxil olduğunu iddia edib. ABŞ Mərkəzi Bankı adıyla tanınan Federal Ehtiyat Sistemi (FED) bu pulların toplandığı əsas mərkəzdir. Dünya birjalarında neftin qiymətlərini və dolların məzənnəsini təyinedici mərkəzi olan FED-ə qarşı tarixində ilk dəfə korrupsiya ittihamları da irəli sürülüb. Lakin bu məhkəmə müstəvisinə qaldırılmadı. Çünki özəl sektor kimi fəaliyyət göstərən FED ABŞ dövləti və hökumətinə hesabat verməyən “müstəqil dövlət” funksiyasını yerinə yetirir. Xarici ölkələrdə qeyri-leqal pul əməliyyatları Federal Ehtiyat Sistemi ilə məhdudlaşmır. Almaniya, İngiltərə və İsveçrə bankları da işin içindədirlər. “Bloomberg” FED və digər Avropa bankları ilə bağlı bu kimi əməliyyatlara dair 30000 səhifəlik məxfi sənəd ələ keçirib.

“Məqsədli şəkildə çıxarılıb”

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, “Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Cümhuriyət”ə açıqlamasında, 10 il ərzində Azərbaycandan 95 milyard dollar məbləğində pulun çıxarılmasının inandırıcı olmadığını bildirib və rəqəmin şişirildiyini deyib. Ə.Oruclu hesab edir ki, bu Azərbaycan kimi ölkə üçün olduqca böyük məbləğdir: “Bu rəqəmin reallığı əks etdirdiyini düşünmürəm. Hesab edirəm ki, bu təxminən 10 dəfə artırılıb, ən azı isə 5 dəfə artırılıb”. Ərəstun Oruclu ölkədən çıxarılan bu pulların geri qayıdacağına da inanmır: “Pulun bir qaydası var, əldən çıxdısa, bir də geri qayıtmayacaq. İstər Azərbaycan olsun, istərsə də digər ölkələr, əgər həmin dövlətlərdən hansısa məbləğdə pul çıxarılıbsa, bu o deməkdir ki, bu məqsədli şəkildə edilib. Bunun da geri qayıtmaq şansı sıfıra bərabərdir”. Qeyri-qanuni pul əməliyyatlarında Eldar Mahudovun adının hallandırılmasına münasibətində isə Ərəstun Oruclu, bu barədə heç bir fikrinin olmadığını diqqətə çatdırıb. Politoloq bu barədə mülahizə yürütmək istəmədiyini də deyib: “Bunu ölkənin hüquq-mühafizə orqanları daha yaxşı bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları