Yuxarı

Sabitlik pozulur: müxalifət nə etməlidir?

Sabitlik pozulur: müxalifət nə etməlidir?

[caption id="attachment_1083" align="alignleft" width="203"]Ramil Huseynov Ramil Hüseynov: “Xarici qüvvələr hərəkətə keçiblər”[/caption] [caption id="attachment_544" align="alignleft" width="163"]cavid memmedzade Cavid Məmmədzadə: “Düşmənçilik yaransa,  Suriyanın vəziyyətinə düşə bilərik”[/caption] [caption id="attachment_1023" align="alignleft" width="163"]cavid musazade Cavid Musazadə: “Vəziyyət hakimiyyətin nəzarətindən çıxa bilər”[/caption] [caption id="attachment_731" align="alignleft" width="222"]tural abbasli Tural Abbaslı: “Kortəbii şəkildə etiraz edən xalq ölkədə xaos yarada bilər”[/caption]                

“İnsanlar nə hakimiyyətə inanır, nə də müxalifətə”

Soyğunçu bahalaşma, işsizlik və ağır sosial problemlərə etiraz edən əhalinin regionlarda keçirdiyi aksiyalar hakimiyyətin təcili sosial-iqtisadi  və idarəetmə islahatlarına başlamasını zəruri etdi. Bu etirazların fonunda müxalifət partiyalarının səssiz qalması diqqət çəkən məqamlardandı. Bir sıra partiyalara əhaliyə dəstək mitinqlərinin keçirilməsini vacib hesab etsələr də, əksəriyyət susur.

Vətəndaş və İnkişaf  Partiyası İcra Aparatının rəhbəri Ramil Hüseynov “Cümhuriyət”ə deyib ki, proseslər hakimiyyəti ciddi islahatlara vadar edir: “Monopoliyanın qarşısı mütləq alınmalıdır, qiymətlərin aşağı salınması haqqında kompleks tədbirlər görülməlidir. Hesab edirəm ki, ölkədə yanacağın qiyməti aşağı salınmasa, qiymətlər tənzimlənməsə, bu bahalaşma baş alıb gedəcək. İnsanlar devalvasiyadan  sonra  böhranı hiss etməyə başlayıblar. Əvvəllər ölkəyə külli miqdarda neft pulları axırdı və onun müqabilində insanlar böhranı o qədər də hiss etmirdilər. Müəyyən iş yerləri var idi, qiymətlər qismən ucuz idi. Ancaq artıq iş yerləri də yoxdur və insanların gəlirləri xeyli azalıb. Bu da insanları qıcıqlandırır və küçəyə çıxıb etiraz etməyə məcbur edir. Ancaq etirazların başqa məcraya çevrilməsi təhlükəli tendensiyadır. Mən bunun əleyhinəyəm və istəmirəm ki, ölkədə xaos yaransın. Və bundan istifadə edən qüvvələr ölkədə bölücülük yaratsın və ya vətəndaş müharibəsi törətsinlər. Çünki indi dünya ölkələri Azərbaycanda hansısa proseslərin getməsi üçün hərəkətə keçiblər. Buna görə həm müxalifət partiyaları, həm də narazı insanlar ehtiyatlı davranmalıdır”.

Müxalifət partiyalarının tutduğu mövqeyə gəlincə, R.Hüseynov deyib ki,  “Azadlıq” blokuna daxil olan 6 partiya bununla bağlı qərar verib: “Mitinq keçirilməsi haqda konkret qərar verilməyib, sadəcə, dəyərləndirmələr aparılıb. Məncə, bütün müxalifət partiyaları və iqtidar bir araya gələrək bu vəziyyətdən çıxış yollarını axtarmalıdırlar. Vətəndaşların xeyrinə qərar qəbul olunmalıdır ki, narazı kütləni sakitləşdirə bilsinlər. Hazırkı vəziyyətdə insanlar nə hakimiyyətə inanır, nə də müxalifətə. Ona görə də vəziyyət çox təhlükəlidir”.

Gənc siyasi fəal Cavid Məmmədzadə isə hesab edir ki, işsizliyin, etirazın, aclığın başlıca səbəbi büdcəyə  qənaət olunmamasıdır: “Bundan əvvəl proqnoz verilir ki, büdcə azalacaq, neft 30 dollara düşəcək, Amerika öz neftini satmağa başlayacaq. Ancaq heç kim bunları dinləmədi. Həm özlərini pis vəziyyətə saldılar, həm da insanları. Etirazlar normal qarşılanmalıdır. Çünki insanlar öz haqlarını tələb edirlər”. Mitinq qərarı vermiş partiyaların mövqeyinə gəlincə, C.Məmmədzadə bunları deyib: “Onların verdiyi qərar reytinq toplamağa hesablanıb. Müxalifətlə iqtidar arasında düşmənçilik yaransa, biz Suriyanın vəziyyətinə düşə bilərik. Bu, vətəndaş müharibəsinə gətirib çıxara bilər. Yeganə yol danışıqlara getməkdir. Hakimiyyət təcili surətdə islahatlar aparmalıdır. Birinci növbədə ən azı sadə vətəndaşların kreditləri ləğv olunmalı, iş yerləri bərpa edilməli, qiymətlər aşağı salınmalıdır.

Parlament buraxılmalı və bir neçə nazir istefaya getməlidir.  Ancaq indiki vəziyyətdə ölkə inqilaba və ya xaosa doğru gedərsə, o zaman vətəndaş müharibəsi qaçılmazdır. Buna yol vermək olmaz, danışıqlara gedilməli və problem bu cür həll olunmalıdır”.

“Ağ Blok”un İdarə Heyətinin sədri Tural Abbaslı mitinq qərarının verilməsində qəbahət görmədiyini bildirib. T.Abbaslı qeyd edib ki, kortəbii olaraq başlanan etirazlar daha qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər: “Ancaq hansısa aksiyaya qeydiyyatdan keçmiş bir partiyanın məsuliyyət daşıması daha yaxşıdır. Ancaq indiki zamanda daha çox siyasi maraqlar yox, ümumi maraqlar düşünülməlidir. Azarbaycanda hazırkı böhran vəziyyəti həm xalqa, həm müxalifətə, həm də iqtidara təsir edir. Hesab edirəm ki, indiki durumda bu vəziyyətdən çıxış yolları axtarmaq lazımdır. Ancaq bu  təkliflər birtərəfli olsa, effekt verməyəcək. Necə ki, biz hakimiyyətin bu problemləri özünün təkbaşına həl etmək istədiyinin şahidi oluruq. Atılan addımlar isə nəticəsiz qalır, heç bir nəticə əldə olunmur. Xalqın etiraz etməsi və repressiyaya məruz qalması, müxalifətin bu proseslərə demək olar ki, səssiz qalması heç bir nəticə vemir. Dialoq vacibdir və bu vəziyyətdən çıxış yolları tapılmalıdır. Əks halda kortəbii şəkildə etiraz edən xalq ölkədə xaos yarada bilər. Bu vəziyyətdə hər kəs üzərinə düşən məhsuliyyəti dərk etməlidir. Hakimiyyət də anlamalıdır ki, baş verən və baş verə biləcək bütün hadisələr onun məhsuliyyətindədir. İlk olaraq hakimiyyət bu problemin həlli üçün səmimi addım atmalıdırlar. Bir daha qeyd edim ki, bu vəziyyətdən çıxmağın yeganə yolu dialoqdur”.

AXCP sədrinin müavini Cavid Musazadə də “Cümhuriyət”ə açıqlamasında ölkədə vəziyyətin getdikcə ağırlaşdığını deyib. C.Musazadə bildirib ki, hazırda böhran bütün dünya ölkələrinə təsir edir:

 “Coğrafi mövqeyinə görə hər bir tərəfdən mənfur niyyətli  dövlətlərlə əhatə olunmuş Azərbaycan da bu qlobal böhrandan kənarda qalmayacaq. Hökumətin 23 illik yarıtmaz, talançı vergi siyasəti, sələmçi bank siyasəti, inhisarçılıq,  demokratik təsisatların, institutların dağıdılması ölkəmiz üçün böyük problemə çevrilib. İndi qorxu xofu ilə yaradılmış sabitliyin, səs-küylü xaosa çevrilmək təhlükəsi yaranıb. Ölkədə vəziyyət getdikcə hakimiyyətin nəzarətindən çıxma təhlükəsi yaradır.

Bu məqamda bizim hakimiyyətdən gözləntimiz “qocalar evinə” çevrilmiş hökuməti buraxıb xalqın etibar etdiyi etimad hökumətini yaratmaqdır. Bu, xaosun yaranmaması üçün vacib addımdır. Ancaq hadisələrin mahiyyətinə varılmır. Artıq bölgələrdə etiraz aksiyaları baş verib. İnsanlara nə dövlətə, nə də Konstitusiyaya qarşı çıxırlar. Yalnız çörək etirazına çıxırlar. Bahalaşmaya, pulsuzluğa, işsizliyə, haqsızlığa etiraz edirlər. Bu düşüncə artıq yetişib. Hakimiyyət etirazları hansısa siyasi partiyaya bağlamağa, siyasiləşdirib yatırmağa çalışır. Başa düşmürlər ki, bu etirazların motivi fərqlidir. Baş prokrorluq “bu etirazları AXCP təşkil edir”,- deyə açıqlama verəndə, Ədliyyə Nazirliyinin qərarını hesablaya bilməyəcək dərəcədə qeyri-peşəkar yanaşır. Vəziyyətdən görünür ki, hakimiyyətin siyasi mərkəzi məhv olub. Aksiyalardan və siyasi nəzarətdən xaos simptonları hiss olunur”.

“Siyasi partiyalar gücsüzdür və hazırkı vəziyyətə hakim olmaq iqtidarında deyillər” deyə, bildirən AXCP sədr müavini qeyd edib ki, bunu xalq da bilir və onun üçün də heç bir siyasi quruma qoşulmaq istəmir: “Xalq kortəbii olaraq çıxıb etiraz edir. Bu məqamda bəzi sosial bazası olmayan qrupların vəziyyətə hakim olmaq cəhdi də müşahidə olunur.

Bu yolu seçənlərin məqsədi odur ki,  hakimiyyət dialoqa getsə, ortaya iddia qoya bilsinlər. Bu cür kiçik oyunbazlıqlar qətiyyən xalqın taleyinə və ya proseslərə hakim olacaq gücdə deyil. Bütün hallarda iradə hakimiyyətdən gəlməlidir.

Biz siyasi teşkilat olaraq həm psixoloji, həm əlimizdə var olan strukturumuz, təşkilatımız olaraq, həm də lazım olarsa, bu yolda ətrafımıza toplaya biləcəyimiz daha geniş tərəfdarlarımızla bərabər dialoqa və xalqın etimadını doğruldacaq istənilən addımı atmağa hazırıq. Biz AXCP olaraq hər zaman xalqın yanındayıq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları