Yuxarı

“Qiyməti qaldıranlar işbazlardır”

“Qiyməti qaldıranlar işbazlardır”

[caption id="attachment_3370" align="alignleft" width="351"]Guler Ehmedova Gülər Əhmədova: “Ölkədə iqtisadi gərginlik yaranan kimi qonşu dövlətlər bu situasiyadan istifadə edir”[/caption]

Sabiq deputat Gülər Əhmədova manatın devalvasiyasından sonra ölkədə yaranmış gərgin vəziyyət barədə “Cümhuriyət”in suallarını cavablandırıb.

- Gülər xanım, manatın devalvasiyasından sonra ölkəndə  iqtisadi  böhran yaşandı. Bəzi rayonlarında ardıcıl aksiyalar keçirildi. Yaranmış ajiotajla bağlı sizin də fikirləriniz maraqlı olardı...

- Son günlər yaranmış vəziyyətə iqtisadi böhran kimi baxıram. İnanıram ki, hökumət çevik addımlar atacaq. Müxtəlif qüvvələr çalışırlar ki, Azərbaycanda qarışıqlıq yaratsınlar. Bu da yeni xəbər deyil. Azərbaycanın müstəqilliyi, dövlətçiliyi hər zaman onun qonşularını narahat edib. 1990-cı illərdən bu yana yeni tarixi yaşamış insanlarıq. İstər Ayaz Mütəllibovun, istərsə də Əbülfəz Elçibəyin dövründə çalışıblar ki, Azərbaycan dövlətçiliyini sarsıtsınlar. Hər dövrdə buna cəhd ediblər.

- Mövcud situasiyadan çıxmaq üçün insanlara nəyi məsləhət edərdiniz?

- Belə bir vəziyyətdə insanlara hansısa məsləhət versəm bu, haqsızlıq olar. Biri deyəcək işsizəm, bir deyəcək kreditim var. Hərə öz problemindən danışacaq. İnsanlar özləri də bilmədən hanısısa proseslərdə iştirak etdiyinin fərqində olmurlar. Buna görə də insanlara nəsə deməyimin, nəyinsə dəyişəcəyinə inanmıram. Hərənin özünə görə bir həqiqəti var. Siyasəti bilən insanlar başa düşür ki, bu proseslər elə belə baş verməyib. Müəyyən işbazlar qiyməti qaldırdılar. Ölkədə iqtisadi gərginlik yaranan kimi qonşu dövlətlər bu situasiyadan istifadə edir.

- Sizcə, bu gərginlik nə zaman bitəcək?

- Heç kəs düşünməsin ki, bu, nə vaxtsa qurtaracaq. Nə biz bu coğrafiyadan getməyəcəyik, nə də onlar o coğrafiyadan vaz keçmək istəyəcəklər. Azərbaycan 1918-ci ildən bu ilə qədər qonşularını narahat edib ki, müstəqil dövlət olmasın. Bir məqam var. Heç kimə deyə bilmərəm ki, niyə etiraz edirsən. Hamı deyəcək ki, uşağıma yemək, dərman lazımdır. İnsanlar haqlıdır. Mən hamını başa düşürəm. Sadəcə, insanlar bir şeyi bilsinlər ki, əgər bizim müstəqilliyimizə, dövlətçiliyimizə təhlükə yaranarsa, bundan kim qazanar?

Elə bir ailə yoxdur ki, sosial gərginliyin təsiri o ailəyə dəyməsin. Kim deyə bilər ki, mənə təsiri olmayıb?! Birinə çox dəyib, birinə az. Biri bir qədər çox, biri ondan bir qədər az qışqırır. Adamdan adama fərq var. Fikirləşin ki, gəlib çıxmışıq 90-cı illərin o başıpozuq dövrlərinə. Heç kim heç kimi eşitmir, polis işləmirdi. Bilmirdik uşaqlarımızı məktəbə necə aparıb necə gətirək. Hava qaralana yaxın qaçırdıq evə.

- İndi necə, həmin illər qayıda bilərmi?

- İraq olsun... Bunları heç düşünmək belə istəmirəm. Heç kəs düşünməsin ki, mənim bir əlim yağda, bir əlim baldadır. Problemlərim bəlkə sadə vətəndaşdan 40 dəfə artıqdır. Mənim hər cür problemim var. Amma bildiyim bir şey var, xalq öz dövlətçiliyini qorumalıdır. Şikayətçi ola bilərsən. Ta o yerə qədər ki, şikayət edə biləcəyin bir ünvan var. Bu, əladır. Vay o gündən ki, sənin dövlətin olmasın. O illərin qayıtmaması bir adamın işi deyil. Azərbaycanda nə qədər ağlı başında insan varsa, hər kəs bunu bilməlidir. O dövr qayıtmasın deyə qiymət qaldıranlara qarşı şikayət də etmək lazımdır, vətəndaşa doğru-düzgün davranmayan insanlara qarşı fikir də söyləmək lazımdır. Amma dövlətçiliyi qorumaq, qarışıqlıq salmamaq, düşmənləri sevindirməmək şərti ilə. Sadə insan üçün bunu etmək çox çətindir. Dövlətçiliyi saxlayan vətəndaş məsuliyyətidir. Bu məsuliyyəti yüksək olan dövlətin heç vaxt dövlətçiliyi sarsılmır.

Yenə o məqamlar olsa, nə edəcəyik?! Betərin betəri var. Bu gün bəyənmədiyimiz, tənqid etdiyimiz polis və digər qurumlar sabitliyi saxlaya bilməsələr həmin insanlar dövlətçiliyin başın buraxıb getsə, neyləyəcəyik?! Hansı Avropa, Qərb, İran gəlib Azərbaycanın vətəndaşını qoruyacaq? Bu, kimə lazımdır? Heç kim gəlməyəcək. Biz bunların hamısını yaşamışıq. Üstümüzdən tankla gəlib keçdilər, nə qocamızı, nə də cavanımızı tanıdılar. Bu ondan oldu ki, dövlətin başında duranlar bütün situasiyanı başlı-başına buraxdılar.

- İqtidar-müxalifət münasibətləri sizi qane edirmi?

- Siyasi polemikaların olması yaxşıdır. Müxalifət iqtidarı, iqtidar da müxalifəti bəyənməməlidir. Bunlar hamısı normaldır. Bu gün biz rahat oturmuşuq, danışa bilirik, evimizdəyik, uşağımızı məktəbə yola salıb narahat olmuruq. Bu gün biz fikirləşirik ki, dünən övladımız üçün lazım olan nəyisə iki dənə alırdıqsa, bu gün bir dənə alırıq. Bizim hazırkı dərdimiz budur. Amma sabah bundan betər olsa, onda biz övladımızı necə qoruyacağıq? Şəxsən mənim dövlətim və onun polisi olmasa nə özümü, nə də övladımı qoruya bilərəm. Əgər müraciət ediləsi ölkə başçın varsa, bu, xoşbəxtlikdir.

Öz həqiqətlərim ona görə mənim üçün doğrudur ki, kifayət qədər Avropa strukturlarında olmuşam. Onların Azərbaycanda hansı siyasi maraqlarının olduğunu da bilirəm, Azərbaycanın nə qədər qaçqını, əsiri, girovu maraqlandırır onu da bilirəm. Başa düşürəm ki, bu gün Azərbaycanın dövlətçiliyi bir nömrəli məsələdir. Bunu hamıdan tələb edə bilmərəm ki, sən mənim qədər başa düşməlisən. Çünki hamı mənim qədər həmin Avropa strukturları ilə işləməyib. Hər dövlətin özünə görə problemi var. 20 yaşlı uşaqla 60 yaşlı insanın problemi eyni deyil. Eyni şey dövlətlərə də aiddir.

- Bayaq bir məqamı qeyd etdiniz ki, manatın devalvasiyasının təsir etmədiyi sahə, yer, ailə yoxdur. İqtisadi gərginlik Gülər Əhmədovanın ailəsinə necə təsir göstərib?

- Hamıya necə təsir edibsə, bizə də o cür. Heç vaxt özümü heç kəsdən ayırmamışam. Ümumiyyətlə, dərdlərimi hamıya açıb danışmaq adətim yoxdur. Kim olur olsun, lap millət vəkillərindən də soruşsan onlar üçün də problem yaranıb. Həmişə çox yaxşı yaşamış sənət adamları var, baxırsan ki, onlar da problemin yarandığını deyir. Bu durum hamı üçündür. Hamımız bir vətəndə yaşayırıq. Elə ola bilərmi ki, yağış yağanda kiminsə evinin üstünə yağmasın? Böhran Çin kimi nəhəng bir dövləti də vurub. Dünyada baş verən hadisədən necə sığortalana bilərik?!

Mən çox dözümlü adamam. Hələ-hələ səsimi çıxardan adam deyiləm. Xarakterim budur. Nəsiminin bir şeri var, deyir:

Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz...

Allah hərəyə bir təmkin verib. Nə qədər dərdim olsa da onu içimə tökərəm. Çox vaxt heç yaxınlarıma belə danışmaram. Bu o demək deyil ki, dərdim azdır. Dərdim hamının dərdindən çoxdur. Amma mən həmişə o prioritetləri gözləyirəm. Öz-özümə sual verirəm ki,  mənim üçün 1, 2, 3 nömrəli məsələ nədir? Görürəm ki, bir nömrəli məsələ bu ölkədə yaşamaq və ölmək istəyimdir. Fikirləşirəm ki, dövlətçilik deyilən bir şey yaratmışıq. Bu gün mənim hansısa bir şeyim əskikdir. İndi mən onu qabardım, yoxsa dövlətçiliyimi?! Mənim seçimim var və belə seçim hər kəsdə var. Bəlkə mən problemlərimdən danışsam camaat şoka girər. İstəyirəm ki, Azərbaycan pasportum qalsın, heç bir dövlətin vassalı, heç bir dövlətin əlinin altında olmayaq. İstəyirəm ki, övladım da, qismət olsa nəvəm də Azərbaycanın şəxsiyyət vəsiqəsini daşısın. İstəmirəm əlifbam dəyişsin. Bunları fikirləşə-fikirləşə deyirəm ki, sakit dur, dözümlü ol, Allah böyükdür. Vaxt gələcək hər şeyin qiyməti bilinəcək.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları