Yuxarı

YAP müxalifətin antiböhran tədbirinə qatılacaq

YAP müxalifətin antiböhran tədbirinə qatılacaq

YAPYanvarın 24-də bütün müxalifət düşərgəsinin, ayrı-ayrı nüfuzlu ictimai xadimlərin toplantısının keçirilməsi planlaşdırılır. Bu barədə “Ağ Blok”un həmtəsisçisi Tural Abbaslı “Yeni Müsavat”a məlumat vermişdi. Onun dediyinə görə, toplantının məqsədi ölkədə yaranmış vəziyyəti birgə müzakirə etmək, çıxış yolları istiqamətində vahid mövqeyə gəlməkdir.

T.Abbaslının sözlərinə görə, toplantının ADP-nin böyük zalında saat 2-də keçirilməsi planlaşdırılır. Tədbirə hətta hakimiyyət nümayəndələrinin də dəvəti nəzərdə tutulur:

“YAP rəsmiləri Siyavuş Novruzov və Aydın Mirzəzadə mətbuata bildiriblər ki, hakimiyyət, hakim partiya təklifləri dinləməyə hazırdır. Ona görə də hesab edirik ki, onlar da 24 yanvarda keçiriləcək toplantıya gəlsinlər, təklifləri dinləsinlər, özlərinin sözləri varsa ifadə etsinlər. Bu, ümumi problemlərin həlli istiqamətində atılmış ilk konstruktiv addım kimi qiymətləndirilsin”.

Bəs, YAP-a bu toplantıda iştirak üçün dəvət olsa, hakim partiya qəbul edəcəkmi? Hakim partiyanın İcra Katibliyinin siyasi təhlil və informasiya şöbəsinin müdiri Aydın Mirzəzadə bildirdi ki, əgər rəsmi şəkildə dəvət olacaqsa, yəqin məsələ partiya daxilində müzakirə ediləcək və cavab veriləcək: “Mən hesab edirəm ki, müxalifət bu cür müzakirələr və təkliflər məsələsində gecikib. Dekabrın 21-də manatın ikinci devalvasiyası oldu, lakin müxalifət hələ indiyə qədər ortaya hər hansı ciddi təkliflər qoymayıb. Hakimiyyətə iddialı müxalifət ortaya çoxdan təkliflər qoymalı idi. Bundan sonra hansısa toplantı keçirsələr və təkliflər müəyyən edib hakimiyyətə, YAP-a göndərsələr baxılacaq, maraqları olacaqsa birlikdə oturub müzakirə ediləcək. Amma müxalifətin təklif göndərib-göndərməməsindən asılı olmayaraq iqtidar üzərinə düşən vəzifəni yerinə yetirir. Onun dəqiq antiböhran proqramı var. Əhalinin bahalaşmadan əziyyət çəkməməsi üçün konkret addımlar atılır. Bütün bunlar cəmiyyət tərəfindən dəyərləndirilir”. “Bir neçə tanınmış müxalifət partiyasının ötən həftə mətbuatda antiböhran təklifləri dərc edildi. Onlarla tanışsınızmı, necə qiymətləndirirsiniz” sualına Aydın Mirzəzadə belə cavab verdi: “Yeni Azərbaycan Partiyasının icra katibliyinin siyasi təhlil və informasiya şöbəsinin müdiri kimi mən mətbuatda gedən bütün bu məsələləri yaxından izləyirəm. İki partiyanın ”Anti-böhran proqramı" adlı sənədi ortadadır. Mətbuatda dərc edilən həmin sənədlərlə tanışam. Həmin proqramların böyük bir hissəsi siyasi deklarasiyadır, siyasi maraqlar önə çəkilir. Edilən təkliflərin böyük bir hissəsi artıq hökumət tərəfindən həyata keçirilib və keçirilməkdədir. Həmin partiyalar öz proqramlarında hakimiyyətin atdığı addımları təklif kimi ortaya qoyur. Bir neçə təklifi isə bu müzakirə mövzusu ola bilər. Həmin təkliflərin bəzisi qəbul edilə bilər. Bəzi təkliflər isə sadəcə olaraq bəyanatdır, onların qəbul edilməsi problemlər yarada bilər. Azərbaycanda 55 siyasi partiya var. Bunların böyük hissəsi kiçik də olsa müxalif partiyalardır və proseslərdə rolları görünmür, siyasi bəyanatdan o tərəfə keçmirlər, ortada proqramları, təklifləri yoxdur. Bu baxımdan əgər növbəti təkliflər olacaqsa, əlbəttə, onlar dəyərləndiriləcək".

Cebhe.info





Həftənin ən çox oxunanları