Yuxarı

Müxalifət İsgəndər Həmidovu dəstəkləmədi

Müxalifət İsgəndər Həmidovu dəstəkləmədi

isgenderAzərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri İsgəndər Həmidov Azərbaycanın tanınmış müxalifət partiyalarının birləşməsi ilə bağlı çağırış edib. Onun sözlərinə görə, müxalifət qüvvələrinin ayrı-ayrı fəaliyyəti onların ziyanınadır və lider olmaq iddialarından irəli gəlir. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı Cebhe.info-ya deyib ki, müəyyən işin nəticəsi üçün ən müxtəlif müstəvidə birliklərin yaranması vacibdir:

“Cəmiyyətin özündə tək-tək insanlar və birliklər əmələ gəlib. Partiyalar interaktiv fəallar şəklində meydana çıxa bilmədi. Birliyin yaranması üçün çox ciddi əlverişli şərtlər lazımdır. Cəmiyyətdə belə əlverişli şərtlər yoxdur və birlik də alınmaz. Bizim böyük liderimiz Məmməd Əmin Rəsulzadə deyib ki, həmrəylik o yerdə ola bilər ki, həmrəyliyə daxil olan qüvvələr eyni təhlükələrə məruz qalsınlar. Partiyalar ayrı-ayrı problemlərə məruz qalırsa, ayrı-ayrı məqsədlər güdürsə, ayrılıqda niyyətləri varsa, onların bir araya gəlməsi mümkün deyil. Azərbaycanda siyasi böhran yaranıb. Müxalifətdə bəzi qüvvələr siyasi islahatların aparılması tərəfdarıdır. Bəzi qüvvələr ümumiyyətlə, baş verən məsələlərə müdaxilə etməyin tərəfdarı deyil. Belə qüvvələrin bir araya gətirilməsi çox çətindir. Əvvəlcə gərək müəyyən ideyaların sosial təklifi olduğunu nəzərə alasan. Yoxsa əvvəldən hər hansı bir söz deməklə belə ideyalar baş tutmaz”.

Sərdar Cəlaloğlunun fikrincə, müxalifət partiyaları ayrı-ayrı fəaliyyət göstərməlidir, çünki ayrı-ayrı birliklərdir:

“Qeydiyyatdan da ayrı-ayrı partiyalar kimi keçiblər. Bütünlükdə cəmiyyətdə çox ciddi problemlərin həlli üçün ayrı-ayrı fəaliyyət göstərən partiyaların gücü çatmırsa, o zaman birləşməsi məqbuldur”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri (ASDP) Araz Əlizadə qeyd edib ki, bu mövzu artıq gündəmini itirib:

“Həmişəki mövzudur. Saqqızdır camaatın ağzına atırlar çeynəməyə... Qoy əvvəl Xalq Cəbhəsindən çıxmışlar birləşsinlər, sonra da qalanları haqqında danışarıq”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı vurğulayıb ki, partiyaların nizamnaməsinə əsasən onlar ayrı-ayrı partiyalarla əməkdaşlıq edə bilərlər:

“Müsavat Partiyası digərləri ilə funksional əməkdaşlığı vacib hesab edir. Ölkə üçün vacib olan məsələlərdə, birgə tədbirlərdə və birgə imza atmalarda Müsavat Partiyası həmişə bu mövqeyi tutub. Amma “müxalifət partiyaları birləşməlidir” anlamı məsələsi müzakirə olunmalıdır. Amma bu, real deyil və bu mümkün də deyil”. Gülağa Aslanlı əlavə edib ki, bütün dünyada müxalifət partiyaları var. Amma heç bir ölkədə bir müxalifət partiyası yoxdur:

“Bir neçə partiyaların bir müxalifət partiyasında birləşməsi sistemi mümkün deyil. Bu qərar cəmiyyətin siyasi ideyasına zərər vura bilən bir ideyadır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Cavid Musazadə hesab edir ki, əslində, təklif doğru, amma qeyri-realdır:

“İsgəndər Həmidov da özü o təklifi irəli sürərkən bilir ki, bu, Azərbaycanın siyasi mühitində mümkün olmayan məsələdir. Bunun da müxtəlif səbəbləri var. Azərbaycan siyasətində münasibətlər düşmənçiliklə formalaşıb. Hakimiyyətdə və müxalifətdə bəzi qüvvələr özləri manitar hesab edirlər. Belə insanlar meydana çıxdıqca onlarla düşmənçilik yaranır. Belə düşmənçilik fəaliyyətində birgəlikdən söhbət gedə bilməz. Hətta başlasan belə, bunun üçün uzun zaman qət etmək lazım gələr. Amma prinsip etibarilə yaxşı fikirdir. Başlanğıc kimi bunu reallaşdırmaq olar”.

AXCP funksioneri deyib ki, təklifin İsgəndər Həmidovdan gəlməsi anlaşılan deyil:

“Çünki bu şəxsin özü cəmiyyətdə birmənalı qarşılanmır. Özünün müxtəlif açıqlama və yanaşmaları ilə, həmçinin hakimiyyəti dövründəki fəaliyyətində birmənalı qarşılanmayıb. Təklifin ondan gəlməsi belə bu işi başlamamış sonlandırılması deməkdir. Yəni belə bir ideyanın ondan deyil, Azərbaycanın hər hansı bir ağsaqqal ziyalısından gəlsəydi daha effektiv olardı. Bu adam siyasətdə çirklənməmiş, özünü nə hakimiyyətdə, nə də müxalifətdə göstərməmiş bir şəxs də ola bilər. Özünü sanballı ziyalı adlandıranlar, ölkənin taleyi ilə bağlı narahatlıq hiss edənlər bu təklifi verə bilərdi. Adını ziyalı forumu qoymuş bir neçə dələduzdan söhbət getmir. Yəni Eldəniz Quliyev kimi tərbiyəsiz adamdan söhbət getmir. Burada Vasif Məmmədəliyev, Şirməmməd Hüseynov, Rafiq Əliyev tipli insanların adını çəkmək olar. Bu tip ziyalılar toplanıb və təşkilatları təhrik etsələr ki, xalqın taleyi üçün bir yerdə olmaq gərəkdir, bu, daha məqbul olar”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları